Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 10 iyun, AZƏRTAC
İyunun 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 181, o cümlədən borclu şəxs qismində axtarışda olan 152, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 və dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eləcə də narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 31,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 4,8 ton çəkidə 5628 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 39 ədəd patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər də saxlanılıb.