Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
2025-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı əvvəlki illə müqayisədə 8,1 faiz artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nəşr etdirdiyi “İxrac icmalı”nın yanvar sayında ətraflı məlumat verilib.
Ötən ilin yekunlarına həsr olunmuş icmala əsasən, il ərzində ixrac edilən şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4 faiz, meyvə-tərəvəz 27,4 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 24,2 faiz, pambıq iplik 19,3 faiz, kimya sənayesi məhsulları 8 faiz, bitki və heyvan mənşəli piylər və yağlar isə 2 faiz artıb.
Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə, il ərzində aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib.
Ötən il ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (326,2 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon dollar) ikinci, karbamid (170,8 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.
İlin son ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (36,4 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (20,3 milyon dollar) isə üçüncü olub.
2025-ci ildə ölkəmizdən Rusiya Federasiyasına 1,2 milyard dollar, Türkiyəyə 597,3 milyon dollar, Gürcüstana 347,9 milyon dollar, İsveçrəyə 347,8 milyon dollar, Ukraynaya isə 201 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
XQ