Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznes (KOB) subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 7 mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
SİA KOBİA-ya istinadən xəbər verir ki, bu dəstək və xidmətlər canlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdim edilib.
Ötən il KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə KOBİA 751 təlim təşkil edib.
Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-ların ehtiyaclarına uyğun olaraq satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, "yaşıl iqtisadiyyat" və digər mövzuları əhatə edib.
Agentliyin video təlim platformasında yerləşdirilmiş onlayn təlim videolarından, təlim materialları və özünüqiymətləndirmə testlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.
Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 288 biznes planın hazırlanmasına dəstək verib.