Azertag saytına istinadən Icma.az xəbər verir.
Budapeşt, 2 fevral, AZƏRTAC
Ötən ilin ikinci yarısında Macarıstan avtomobil bazarında Çin istehsalı minik avtomobillərinin satışı nəzərəçarpacaq dərəcədə artıb.
AZƏRTAC xəbər verir ki, Avtomobil İdxalçıları Birliyinin açıqladığı məlumata görə, bu dövrdə ölkədə 4821 Çin mənşəli minik avtomobili satılıb.
Bu göstərici əvvəlki ilin demək olar ki, doqquz ayı ərzində qeydə alınan satış həcminə yaxın olub və 2025-ci ilin ikinci yarısında satılan bütün minik avtomobillərinin 4,2 faizini təşkil edib. Ən çox satılan Çin mənşəli brend MG (Morris Garages) olub. Bu marka üzrə 2911 avtomobil qeydiyyata alınıb və ümumi satışların yarıdan çoxu onun payına düşüb. Sonrakı yerlərdə 1287 elektromobil satan “Tesla” və Çində istehsal olunan 623 avtomobil satışı ilə “Honda” qərarlaşıb.
Birliyin məlumatına görə, avtomobillərin mənşəyi VIN kodu əsasında müəyyən edilir. Bu səbəbdən Çin istehsalı siyahısına yalnız yerli markalar deyil, ABŞ və Yaponiya şirkətlərinin bəzi modelləri də daxildir.
Satılan avtomobillərin 1050-si elektromobil, digərləri isə hibrid olub. Nəticədə elektromobil satışlarında Çin istehsalı maşınların payı 15 faizə yaxınlaşıb. Son bir ildə BYD, “Chery”, “Xpeng”, “DongFeng”, BAIC və “LeapMotor” kimi iri Çin markaları da Macarıstan bazarına daxil olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt