Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Uzun illərdir çox sayda turist Romaya yenidən qayıtmaq ümidi ilə məşhur Trevi fəvvarəsinə qəpik atır. Lakin bu il fəvvarəyə atılan qəpiklərin sayında nəzərəçarpacaq dərəcədə azalma qeydə alınıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəbin hazırda fəvvarəyə yaxınlaşmaq üçün tətbiq edilən iki avro məbləğində giriş haqqının olduğu güman edilir.
Məlumata görə, 2025-ci ildə 26 metrlik bu fəvvarədən 1,86 milyon avro çıxarılıb. Lakin “The Guardian” qəzeti yazır ki, bu il fəvvarədən gələn vəsaitlər təqribən 238 000 avro azalıb.
“Caritas Roma” təşkilatı fəvvarədən çıxarılan bu pullarla artıq 6 ildir ehtiyacı olan insanlara yardım edir və sosial layihələri maliyyələşdirir.
Fəvvarəyə giriş haqqı isə bu ilin fevralın 1-dən tətbiq edilir. Bu qərar isə məşhur abidəni hər il 4 milyondan çox turistin ziyarət etməsinə görə verilib. Belə ki, bu zaman fəvvarənin ərazisində həddindən çox insan toplaşır, qarət, ətraf ərazinin çirklənməsi və zədələnməsi halları baş verirdi. Giriş haqqından gələn gəlir isə fəvvarə və digər abidələrə qulluq xərclərinə yönəldilir. Şəhər Şurasının məlumatına görə, şəhər qərarın qəbulundan bir ay sonra artıq 435 000 avrodan çox gəlir əldə etmişdi.