Övladını xilas etmək istəyən analar niyə aldadılır?

02.02.2026

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qurtuluş” Reabilitasiya Mərkəzi ətrafında baş verənlər təkcə bir müəssisənin, bir neçə şəxsin işi deyil. Bu hadisə cəmiyyətin ən həssas, ən ağrılı yerinə toxunur: Ümidə, güvənə və çarəsiz valideynlərin son sığınacağına.

Övladı narkotik asılılığından, psixoloji problemlərdən, həyatın qaranlıq dalanlarından xilas etmək istəyən bir ana üçün reabilitasiya mərkəzi son ümiddir. İnsan elə bir mərhələyə gəlir ki, artıq nə qonşu məsləhəti, nə qohum nəsihəti, nə də evdə nəzarət işə yarayır. Ana çıxış yolu axtarır və qarşısına reklamlarla, sosial mediada “müsbət hekayələrlə”, tanınmış simaların adı ilə təqdim olunan mərkəzlər çıxır. Və ana inanır. Çünki inanmaqdan başqa yolu qalmır.

İndi isə görürük ki, həmin ümid bağlanan mərkəzlərin bəzilərində qanunsuz azadlıqdan məhrumetmə, psixoloji və fiziki zorakılıq, insan ləyaqətini alçaldan davranışlar baş verib. Cinayət Məcəlləsinin ağır maddələri ilə istintaq aparılır. Bu faktlar təkcə hüquqi problem deyil, dərin mənəvi fəlakətdir.

Ən ağrılı sual isə budur ki, bu analar dərdini kimə desin? Övladını kimə etibar etsin?

Reklamların hesabına tanıdığımız, “xilaskar” kimi təqdim olunan şəxslər bir-bir problemli çıxır. Sosial mediada gözəl videolar, “öncə–sonra” hekayələri, pafoslu çıxışlar reallığı ört-basdır edir. Nəticədə valideyn faktiki olaraq informasiya manipulyasiyasının qurbanına çevrilir.

Burada məsuliyyət təkcə bir mərkəzin və ya bir neçə şəxsin üzərində dayanmır. Problem daha dərindir. Reabilitasiya sahəsində ciddi və şəffaf nəzarət mexanizmləri varmı? Bu mərkəzlər kim tərəfindən, hansı meyarlarla yoxlanılır? Valideynin müraciət edə biləcəyi etibarlı, dövlət tərəfindən təmin edilən alternativ varmı?

Çox vaxt cavab ya yoxdur, ya da kağız üzərindədir.

Və yenə də bütün bu xaosun ortasında ən ağır yük anaların üzərinə düşür. Övladını xilas etmək üçün gecələr ağlayan, borca girən, cəmiyyətin qınağına sinə gərən analar indi də “sən niyə ora apardın?” sualı ilə üz-üzə qalır. Halbuki sual tamam başqadır. Dövlət və cəmiyyət bu analara hansı etibarlı yolu göstərib?

Bu hadisələr bir daha sübut edir ki, asılılıq və psixoloji problemlər sadəcə fərdi faciə deyil, ictimai təhlükəsizlik və sosial sağlamlıq məsələsidir. Bu sahə şouya, reklama, təsadüfi şəxslərin “xilaskar” roluna buraxıla bilməz.

Əks halda, bu gün “Qurtuluş” adı çəkilən yerdə sabah başqa bir ad hallanacaq. Amma dəyişməyən bir şey qalacaq. Ümidini itirmiş analar və güvənəcək yer tapa bilməyən ailələr.

Bəs onda doğrudan kimə güvənək?

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью