Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Yeniyetmələrin susması və valideynlərin suallarına qısa cavablar verməsi hər zaman problem olmadığı anlamına gəlmir. Bəzən zahiri itaət uşağın əsl düşüncələrini və narahatlıqlarını gizlətməsinin göstəricisi ola bilər.
Moderator.az "Psychology Today" nəşrinə istinadən xəbər verir ki, ailə psixologiyası üzrə mütəxəssislər yeniyetmələri fasiləsiz sorğu-suala tutmağın və onların həyatına həddindən artıq nəzarət etməyin əks nəticə verdiyini bildirirlər.
Kerr və Stattinin tədqiqatlarına görə, valideynlərin övladlarının həyatı barədə məlumatlı olması uşağın könüllü şəkildə danışmaq istəyindən asılıdır. Yeniyetmə özünü rahat və təhlükəsiz hiss etdikdə valideynləri ilə daha səmimi ünsiyyət qurur.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, valideynlərin narazılığından və sərt reaksiyasından çəkinən uşaqlar zahirən razılaşsalar da, əslində öz bildiklərini edə bilərlər. Beləliklə, ailədə hər şey qaydasında görünsə də, valideynlə övlad arasında etimad zəifləyir.
Uşağın kiçik səhvlərinə belə aqressiv reaksiya göstərmək, onu danlamaq və mühakimə etmək də ünsiyyəti çətinləşdirir. Əksinə, sakit dinləmək və fərqli fikirlərə hörmətlə yanaşmaq yeniyetmənin valideyninə güvənməsinə kömək edir.Psixoloqlar ümumi suallar əvəzinə konkret mövzular barədə danışmağı, söhbət üçün gəzinti və avtomobil səfəri kimi rahat məqamları seçməyi tövsiyə edirlər. Uşağa fikirlərini ifadə etmək üçün vaxt vermək də vacibdir.
Mütəxəssislər həmçinin yuxu rejiminin qəfil dəyişməsi, səbəbsiz mədə ağrıları və sevimli məşğuliyyətlərə marağın azalması kimi əlamətlərə diqqət yetirməyi məsləhət görürlər. Bu dəyişikliklər davam edərsə, uşağın emosional vəziyyətinə xüsusi diqqət ayrılmalıdır.