Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanda maddi imkansızlıq səbəbindən ali və orta ixtisas təhsili almaqda çətinlik çəkən gənclərə dövlət dəstəyinin genişləndirilməsi məsələsi gündəmə gətirilir. Mövcud güzəştlərdən yararlana bilməyən aztəminatlı ailələrin övladları üçün də təhsil haqqının tam və ya qismən ödənilməsi mexanizmi tətbiq oluna bilərmi?
Təhsil eksperti Fuad Hacıyev bu məsələni KONKRET.az-a açıqlamasında gündəmə gətirib. Onun fikrincə, maddi imkanları məhdud olan ailələrin övladları üçün belə bir mexanizmin tətbiqi mümkündür və bu istiqamətdə konkret addımlar atılmalıdır.
“Bunun üçün dəstəkdən yararlanma şərtləri müəyyənləşdirilməli, dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulmalıdır. Gənclərin ali və ya orta ixtisas təhsili almaq imkanları ailələrinin maddi vəziyyətindən bu dərəcədə asılı olmamalıdır.
Hazırda təhsil haqqı güzəştləri yalnız şəhid ailələrinin üzvlərini və məcburi köçkünləri əhatə etmir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, müharibə veteranları, müəyyən əlillik kateqoriyalarına aid şəxslər və qanunvericiliklə nəzərdə tutulan digər qruplar da bu imkanlardan yararlana bilirlər”.
Lakin ekspertin diqqətə çatdırdığı əsas məqamlardan biri aztəminatlı olmağın özlüyündə təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün ümumi əsas yaratmamasıdır.
“Bu səbəbdən sosial vəziyyəti ağır olan, lakin mövcud güzəşt kateqoriyalarına daxil edilməyən ailələrin övladları üçün ayrıca dəstək mexanizminin yaradılması vacib hesab olunur.
Ünvanlı dövlət sosial yardımı alan ailələrin övladları üçün illik 2 faizlə sosial təhsil tələbə krediti imkanı mövcuddur. Bu, tələbələrə müəyyən dəstək versə də, kredit sonradan geri qaytarılmalıdır. Buna görə də ən ağır sosial vəziyyətdə olan ailələrin övladları üçün geriödəmə tələb etməyən yardım mexanizminə də ehtiyac var”.
Fuad Hacıyev təklif edir ki, yeni sistem ailənin adambaşına düşən gəliri və faktiki sosial vəziyyəti əsasında qurulsun. Belə olduqda, ən aşağı gəlirli ailələrin övladlarının təhsil haqqı tam, digər ehtiyaclı ailələrin övladlarının isə təhsil haqqının müəyyən hissəsi dövlət tərəfindən qarşılana bilər.
O, dəstəyin müəyyənləşdirilməsi zamanı ailədə təhsil alan uşaqların sayının, işsizlik vəziyyətinin və ağır xəstəlik kimi əlavə sosial çətinliklərin də nəzərə alınmasını məqsədəuyğun sayır. Eyni zamanda, sosial yardım almayan, lakin real maddi sıxıntı yaşayan ailələr üçün ayrıca müraciət və şikayət imkanının yaradılmasını vacib hesab edir.
Ekspert vurğulayıb ki, təhsil almaq hüququ qazanan gəncin yalnız maddi imkansızlıq səbəbindən təhsilini yarımçıq qoyması həm onun gələcək perspektivlərinə, həm də cəmiyyətə mənfi təsir göstərir.
Onun fikrincə, dövlətin gənclərin təhsilinə ayırdığı vəsait gələcəkdə onların əmək bazarında iştirakına, ailələrinin rifahına və ölkənin inkişafına töhfə verən uzunmüddətli sərmayə kimi qiymətləndirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az