Övladlarınızın görüntülərini sosial şəbəkədə paylaşmaq təhlükəlidir

19.11.2026

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə övladlarının foto və videolarını paylaşmaq bir çox valideyn üçün adi hala çevrilib.

İlk addımlar, ad günü, məktəbə ilk gün və gündəlik həyatın müxtəlif anları internetdə nümayiş etdirilir.

Lakin valideynlərin xoş xatirə kimi gördüyü bu paylaşımlar uşaqların şəxsi məlumatlarının və görüntülərinin yad şəxslərin əlinə keçməsi ilə nəticələnə bilər.

“Cebheinfo.az”-ın araşdırmasına görə, xüsusilə uşağın məktəb forması ilə çəkilmiş fotoları, oxuduğu təhsil müəssisəsinin adı, yaşadığı ərazi və gündəlik hərəkət marşrutu haqqında məlumatlar təhlükəsizlik riskləri yaradır.

Bu məlumatlardan uşağın yerini müəyyənləşdirmək, onunla etibar qazanmaq və müxtəlif məqsədlərlə manipulyasiya etmək üçün istifadə oluna bilər. Digər təhlükə isə paylaşılan görüntülərin valideynin nəzarətindən çıxmasıdır.

Fotolar başqa profillərdə yayıla, dəyişdirilə, süni intellekt vasitəsilə saxtalaşdırıla və uşağa qarşı kiberbullinq və şantaj vasitəsinə çevrilə bilər. Üstəlik, paylaşım sonradan silinsə belə, onun surətləri internetdə qala bilər.

“Azercell”-in məlumatına görə, 2026-cı ilin ilk altı ayında Azərbaycan Uşaq Qaynar Xəttinə 3 751 müraciət daxil olub.

Müraciətlərin 819-u müxtəlif zorakılıq halları ilə bağlı olub. Bu hallara kiberbullinq də daxildir.

Bəs valideynlər nələrə diqqət etməlidirlər?

* Uşağın məktəbinin adını, ünvanını və gündəlik marşrutunu paylaşmamalıdırlar.
* Məkan bildirən geolokasiya funksiyasından ehtiyatla istifadə etməlidirlər.
* Uşaqların şəxsi və həssas görüntülərini sosial şəbəkələrdə yerləşdirməməlidirlər.
* Paylaşımların kimlər tərəfindən görülə biləcəyini yoxlamalı, hesabların məxfilik parametrlərini tənzimləməlidirlər.
* Uşaqların yaşına uyğun olaraq onların fikrini və paylaşım üçün razılığını nəzərə almalıdırlar.
* Tanımadıqları şəxslərin uşaqlarla ünsiyyətinə, göndərdikləri linklərə və foto-video tələblərinə qarşı diqqətli olmalıdırlar.
Uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi yalnız texniki məhdudiyyətlərdən asılı deyil.
Valideynlərin rəqəmsal məsuliyyəti, uşaqlarla açıq ünsiyyət və şəxsi məlumatların qorunması bu məsələdə mühüm rol oynayır.
Unutmaq olmaz ki, valideynin bir neçə saniyədə etdiyi paylaşım uşağın gələcək illərdə də silə bilməyəcəyi rəqəmsal izə çevrilə bilər.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью