Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Azərbaycanın kamandan oxatma üzrə milli komandası Belarus Respublikasının Mogilyov şəhərində keçirilən ölkə çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. Sentyabrın 8-də start götürən və 120 idmançının mübarizə apardığı yarışda komandamız baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimer Lekveişvilinin rəhbərliyi altında təmsil olunub.
Fatimə Hüseynli və Yaylagül Ramazanovanın yer aldığı heyətimiz çempionatın ən güclü iştirakçıları mübarizədə yüksək nəticələrə imza atıblar. 70 metr məsafədə qadınlar arasında fərdi yarış növündə ustad çıxış nümayiş etdirən Fatimə Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və çempionatın qızıl medalına sahib olub. Eyni kateqoriyada yüksək peşəkarlıq göstərən Yaylagül Ramazanova komandamıza gümüş medal qazandırıb. İnamlı çıxışını davam etdirən Fatimə Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə birgə mübarizə apararaq bürünc medalı da hesabımıza yazdırıb.
Qabil YUSİFOĞLU
XQ