Icma.az, 525.az portalına istinadən məlumat verir.
Tural İrfan, yazar:
- İslam hüququna görə ateisti döyməyin cəzası nədir?
İslam hüququna (şəriətə) görə məhkəmə və ya dövlət rəsmi orqanlarının qərarı olmadan, özbaşına şəkildə bir ateisti və ya hər hansı başqa bir şəxsi döymək yaxud cəzalandırmaq qəti şəkildə haramdır və böyük günah hesab olunur. İslam fiqhində bu məsələ ilə bağlı əsas qaydalar var. Özbaşınalıq qadağandır. İslamda cəza vermək, mühakimə etmək və qanunları tətbiq etmək səlahiyyəti fərdlərə deyil, yalnız qanuni dövlət rəhbərliyinə və məhkəmə orqanlarına məxsusdur. Hər hansı bir şəxsin özbaşına şəkildə "şəriəti tətbiq edirəm" və ya "dini qoruyuram" bəhanəsi ilə cəza icra etməsi İslam hüququna görə xaos, fitnə və anarxiya yaratmaq cəhdi ilə yanaşı mövcud dövlət sisteminin qanunlarına və quruluşuna qarşı çıxmaqdır. Şəriətdə anarxiya törətmək isə ən ağır fəsadlardan biridir. Hətta İslam dövlətində bir şəxsin dindən çıxması, mürtəd olması və ya inkarı ilə bağlı şəri bir hökm tətbiq olunmalı olsa belə, bu mütləq şəkildə rəsmi məhkəmə araşdırmasından, şahidlərin dinlənilməsindən və müttəhimə özünü müdafiə etmək, tövbə etmək şansı verilməsindən sonra, yalnız hakim tərəfindən icra edilə bilər. Fərdlərin küçədə özbaşına hökm çıxarıb kimisə cəzalandırmaq hüququ yoxdur. Əgər bu baş verirsə, icraçılar və dəstəkçilər dövlət çevrilişinə cəhd etmiş, mövcud dövlət qanunlarını tapdalanmış sayılır. Əgər bir müsəlman məhkəməsiz və səlahiyyəti olmadan bir ateisti döyərsə, İslam hüququna görə cinayət törətmiş sayılır. Həmin şəxsin özünə qarşı qisas və ya diyyə, yəni təzminat davası açılmalıdır. Döydüyü şəxsə vurduğu bədəni xəsarətlərə görə (göyərmə, qanama, sümük sınması və s.) şəriətə uyğun olaraq maddi təzminat (diyyə) ödəməli və ya dövlət tərəfindən cəzalandırılmalıdır. Dövlət hakimiyyəti cəmiyyətdə intizamsızlıq və özbaşınalıq etdiyinə görə həmin müsəlmanı həbs və ya digər müxtəlif cəzalara məhkum edə bilər. İslam alimlərinin yekdil rəyinə (buna icma deyilir) görə, fərdlərin dövlət və məhkəmə funksiyalarını öz üzərinə götürməsi yolverilməzdir və bu növ hərəkətlər İslamın ədalət və asayiş prinsiplərinə tamamilə ziddir.
Əgər Azərbaycanda hansısa dini toplum və ya şəxslər məzhəb və ya din şəriətinə əsaslanaraq, müvafiq dövlət qurumlarına, məhkəmələrinə müraciət etməyi məqbul saymayaraq qanunazidd, hüquqazidd əməllər törədərsə, bu, həm dini cəhətdən haram və cinayətdir həm də dövlətə qarşı çıxmaqdır.
Aytac Sahəd, jurnalist:
- "Oxu, adam ol" söhbəti qutardı.
Ali təhsilin bu qədər əlçatan olduğu dövrdə universitetə girmək nə böyük bir uğurdur, nə də uğurlu gələcəyin sığortası.
Əziz valideynlər, övladınız tələbə adını qazanıbsa, nə gözəl. Olmayıbsa da, canınız sağ olsun. Əgər özünün də rizası varsa, yönləndirin peşə məktəbinə. İnanın, çox şey itirməmisiniz. Sosializm insanı üçün bunu qəbul etmək çətindir, ancaq kapitalizmin öz gerçəyi var.
Bu gün özünə gün-güzəran qurmaq istəyirsənsə, biliklə yanaşı, bacarığın da olmalıdır. Özü də tək maddiyyatdan söhbət getmir, vaxtilə ali təhsilin verdiyi sosiallaşmaq, dünya görüşü kimi üstünlüklər də müasir dünyanın insanı üçün yetəri qədər əlçatandır.
Əgər gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq kimi bir niyyətin yoxdursa, nə məcburdur dörd ilini çölə atasan, sonra da olasan diplomlu işsiz. Ondansa işinin peşəkarı dərzi, usta, elektrik olmaq daha məntiqli deyilmi? Ah bu qalstuk azarı...
Mahirə Nağıqızı, filoloq alim:
- Bulaqlar (Bol bulaq) kəndi Dərələyəzdə azərbaycanlı kəndi olmuş, 1918-ci ildə dağıdılaraq ölü kəndə çevrilmişdir.
Şəfəq Mehrəliyeva, media eksperti:
- "Qarabağ" futbol klubu və onun baş məşqçisi Qurban Qurbanovun ünvanına deyilən tənqidləri görərkən, "Barselona"nın əfsanəvi məşqçisi Xavinin parlaq karyerasına nəzər salıb özü haqda bunu deməyi yadıma düşür:
"Bircə təəssüf edirəm ki, İngiltərədə oynamadım. Orada futbol həyat tərzidir, böyük mədəniyyətdir. İnsanlar sənə hörmət edirlər. Bunu İspaniyada tapmazsan - hamı tənqid edir".
Futbolsevərlərimizin "köhlən atlar"ın məğlubiyyətinə pərişan olduğu anlaşılandır. Amma pərişan olmağımız belə, Azərbaycan futbolundan gözləntilərimizin "Qarabağ" FK hesabına son illər xeyli yüksəldiyini göstərir.
İllər əvvəl Ağdamın idman rəmzinin ilkin inanılmaz qələbələrindən biri barədə yazmışdım - qələbə ruhu yoluxucudur: idman meydanında başlayır, döyüş meydanında bitir.
Qurban Qurbanovun yetirmələri buna sadiq qaldılar. Növbə bizimdir. Necə edəcəyik - futbolu həyat tərzinə keçirəcəyik, yoxsa..?
Aslan İsmayılov, hüquqşünas:
- Qanuni oğru söhbətlərinə, onunla bağlı yazılara, verilişlərə həmişə pis baxmışam, çünki onları dolayısı ilə qanunsuzluğun təbliği saymışam. Bir vaxtlar keçmiş deputatlardan biri "bizim gənclər "filan" oğruya oxşamalıdırlar" sözlərinə çox kəskin reaksiya vermişdim. Bu gün də həmin fikirdəyəm və qətiyyətlə bu mövzunun təbliğinin əleyhinəyəm.
Bu günlərdə Rusiyada yaşayan bir qanuni oğrunun Moskvada zülmlə iş qurub ailəsini və ətrafındakı azərbaycanlıları dolandıran bir iş adamından hədə-qorxu ilə pul tələb etməsini əks etdirən videosu yayılıb. Təsəvvür edin ki, Rusiyada hər tərəfdən olan təqibə qatlanıb özünü və ailəni dolandırırsan, cürbəcür orqanların qanunsuz tələblərini yerini yetirirsən və birdən biri peyda olub deyir ki, bu rayonun oğrusu mənəm, indi də mənə pul ödəməlisən. Özü də bunu edən erməni, gürcü, rus yox, azərbaycanlıdır.
Xəbəri olmayanlar üçün bildirirəm ki, uzun illər Rusiyada bizimkilərə qarşı reketliklə məşğul olanlar elə özümüzünkülər olub. Ona görə də o səs yazısını yayan şəxsə heç kimin irad bildirmək haqqı yoxdur.
Qulu Məhərrəmli, professor:
- Qondarma "DQR"in özü kimi qondarma prezidentlərinin 4-ü həbsdəsir. 3-ü Bakıda, 1-isə Yerevanda. Bu, həyatın məntiqi, Tanrının ilahi ədaləti, "Allah gec edər, amma güc edər" məsəlinin daha bir təsdiqidir.
Azərbaycanlı, ermənili minlərlə insanın ölümünə, yüz minlərin həyatının dağılmasına səbəb olmuş Qarabağ hərəkatının biabırcasına məğlubiyyəti və separatizmin tam iflası Ermənistan üçün, düşünə bilənlər üçün bir görk olmalıdır. Yəni olması lazımdır!
Asif Nərimanlı, jurnalist:
- Bəzi peşələr var ki, hər kəsin həyatının bir parçasıdır. Həkimlər belə peşə sahiblərinin başında gəlir. Bu baxımdan, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisinin əməkhaqqısının artırılmasın həm də hər kəsin həyatına təsir edən qərardır.
Təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülüb, Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanıb, icrası ilə bağlı tapşırıqlar verilib. Beləliklə, TƏBİB-də illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.
Yeni qaydalara görə, maaş artımının müəyyənləşməsində vəzifə və ixtisasla yanaşı, iş yükü, fəaliyyət göstəriciləri və regionun ehtiyacları nəzərə alınacaq: ilkin səhiyyə, təcili tibbi yardım kimi sahələrdə çalışan, eləcə də regionlarda çatışmazlığı olan dar ixtisaslı həkimlər üçün əlavə artımlar nəzərdə tutulur. Bununla yanaşı, bölgələrdə kadr çatışmazlığı olan ixtisaslar və müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq ki, bu həkimlərin regionlarda işləməyə marağını artıracaq məqamdır.
Əmək haqqının artırılması təkcə tibb işçilərinin sosial müdəfiəsini gücləndirmir, həm də həkimlərin özəl klinikalara axınını azaldır, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəldir. Bunun da hər kəsin həyatına müsbət təsir var.
Elxan Şahinoğlu, politoloq:
- Şanxay Əməkdaşlıq Təşkilatının Bişkəkdə sammiti ilə yanaşı, təşkilat üzvlərinin və tərəfdaş dövlətlərin liderlərinin ikitərəli görüşləri də diqqət çəkir. Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın Bişkəkdə ilk görüşü aralarında keçirməsi iki liderin sülh quruculuğuna verdiyi əhəmiyyətdən irəli gəlir. Görüşdən sonra yayımlanan bəyanatın da əhəmiyyəti böyükdür. Həmin bəyanatda iki ölkə arasında münasibətlərin ancaq pozitiv tərəfləri vurğulanıb. Bəyanatda dialoqun davam etdirilməsi və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi vacibliyi göstərilib.
İlham Əliyevin iranlı həmkarı Məsud Pezeşkianla görüşü də Paşinyanla görüş qədər əhəmiyyətlidir. Çünki bölgədə müharibə atmosferi davam edir, elə Məsud Pezeşkian Bişkəkə səfərə hazırlaraşkən, ABŞ İran ərazisinə zərbə endirib, İran isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirliklərinə zərbə endirməyə çalışıb.
İki liderin Azərbaycan dilində müzakirə apardığı mövzular əməkdaşlığın inkişafına xidmət edir. Azərbaycan Prezidenti ölkəmizin bölgədə müharibənin əleyhinə olduğunu bir daha xatırladıb. Öz növbəsində İran Prezidenti Azərbaycanın dəstəyindən məmnun qaldığını söyləyib. Prezidentlər arasında sıx və səmimi dialoqla yanaşı, İrandakı mühafizəkar qüvvələrin də Azərbaycan siyasətlərini korrektə etmələri vacibdir. Təəssüf ki, bu istiqamətdə dəyişən heç nə yoxdur.
İlham Əliyevin Bişkəkdə ilk gün ayaqüstü Rusiya Prezidenti Vladimir Putinlə görüşü də medianın diqqətini çəkib. İranda olduğu kimi, Rusiyada da şovinist qüvvələr antiazərbaycan siyasətlərini davam etdirirlər və Kremlin bunun qarşısını almaq üçün heç bir addım atmır. Əksinə, Azərbaycan siyasi dairələrində və cəmiyyətində belə bir rəy formalaşıb ki, Rusiyadakı antiazərbaycan qüvvələr Kremlin təlimatıyla hərəkət edirlər.
Bişkəkdə Nikol Paşinyan da müxtəlif görüşlər keçirib. Paşinyan İlham Əliyevin ardınca İran Prezidenti və Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb. Maraqlıdır ki, Paşinyan Modi ilə görüşdə müxtəlif mövzularla yanaşı TRIPP ("Tramp marşrutu") layihəsinin icrasına da toxunub. Bu layihə Orta dəhlizin tərkib hissəsi olmaqla Çin və Mərkəzi Asiya məhsullarının Avropa bazarlarına nəqlini nəzərdə tutur. Eyni zamanda Hindistan da Cənubi Qafqaz ölkələrinin nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Təsadüfi deyil ki, sammitin ikinci günü İlham Əliyevin Narendra Modi ilə görüşüb fikir mübadiləsi aparması da diqqətdən yayınmayıb. Hindistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı davam etdirməkdə, o cümlədən Azərbaycandan keçən Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməkdə maraqlıdır. Turizmdə geriləmə olsa da, bu sahənin inkişafı əhəmiyyətli hesab edilir. Azərbaycan Prezidentinin avqustun 20-də turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı təsdiqləməsi də buna xidmət etməlidir.
Narendra Modi ilə Məsud Pezeşkian arasında da görüş olub. İran Prezidenti Hindistanın Baş naziri ilə görüşdə ABŞ-dan şikayət edib. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, ABŞ-ın öhdəlikləri yerinə yetirmədiyini vurğulayan Məsud Pezeşkian "biz hələ də razılaşma və qarşılıqlı anlaşma əldə etmək üçün çalışırıq" cümləsini işlədib. Halbuki SEPAH komandanlığı ABŞ-la razılaşma əldə etmək üçün Pezeşkianın söylədiyi kimi qarşılıqlı anlaşmaya çalışmır. Pezeşkian bildirib ki, Hindistanın regionda sülh və sabitliyin gücləndirilməsinə töhfə vermək üçün böyük potensialı var. Hindistan və digər dövlətlərin yeganə istəyi Hörmüz boğazının müharibədən əvvəl olduğu kimi enerji daşıyıcılarının rahat daşınmasına şərait yaradılmasıdır. SEPAH generalları isə boğaza nəzarət fikrindən əl çəkmək istəmirlər.