525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şahanə MÜŞFİQ
Hərdən həyatımızda elə kitablarla qarşılaşırıq ki, onu bir zamanlar oxuyanda adi, sadə bir hekayə kimi qəbul etmişik. İllər sonra isə eyni kitabı təkrar oxuyarkən bir zamanların o adi hekayəsi bizə həyatımızdan bir parça kimi görünüb. Bəzən isə bir vaxtlar bizi həyəcanlandıran hadisələr sonralar adi görünür, əvvəllər anlamadığımız cümlələr qəfil yaddaşımızın dərinliyindən çıxıb qarşımızda dayanır. Olur ki, gənclik illərində oxuyarkən darıxdırıcı hesab etdiyimiz bir əsər yaş artdıqca ən çox sevdiyimiz kitaba çevrilir. Halbuki kitab dəyişməyib, sözlər yerindədir, hadisələr eynidir, obrazlar elə həminkidir. Bəs onda nə dəyişib? Niyə eyni obraz, eyni hadisə fərqli zamanda fərqli hisslər yaşadır? Bəlkə də, hər yeni oxunuşda qarşımıza çıxan məhz illər ərzində dəyişmiş özümüzük?
Ədəbiyyatın qəribə və gözəl xüsusiyyətlərindən biri də budur ki, o, oxucusunu yalnız öz dünyasına aparmır, həm də onu öz dünyasına başqa gözlə baxmağa vadar edir. Yaxşı əsər insanın daxilində suallar oyadır, zehnini işlədir, hisslərini hərəkətə gətirir, indiyədək fərqinə varmadığı düşüncələrlə üz-üzə qoyur. Bəzi kitablar həyatımızda elə iz buraxır ki, illər sonra onlara qayıdanda özümüzdə baş verən dəyişiklikləri də müşahidə edə bilirik.
Bir kitab, fərqli yaşlar, yeni mənalar
Təsəvvür edək ki, bir insan yeniyetməlik illərində ilk dəfə Lev Tolstoyun "Anna Karenina" romanını oxuyur. Onun diqqətini sevgi, ehtiras, qadağalar və insanın öz hissləri uğrunda mübarizəsi çəkir. Anna ona cəmiyyətin sərt qaydaları qarşısında sıxışdırılmış, xoşbəxtliyini axtaran bir qadın kimi görünür. İllər keçir. Həmin oxucu ailə həyatı qurur, münasibətlərin mürəkkəbliyini görür, insan qərarlarının arxasında dayanan səbəblərlə tanış olur. Eyni romanı yenidən oxuyanda bu dəfə Annanın tənhalığını, cəmiyyətin ikili standartlarını, insanın seçimləri ilə həmin seçimlərin nəticələri arasındakı ağrılı məsafəni də görüb anlamış olur.
Əsər dəyişməyib. Sadəcə, oxucunun həyatına yeni təcrübələr, müşahidələr və suallar daxil olub. Əvvəllər ona yad görünən hiss indi tanışdır, vaxtilə asan hesab etdiyi qərarın nə qədər mürəkkəb olduğunu isə artıq anlayır.
Uşaqlıqda oxuduğumuz nağıllar da buna nümunədir. O zaman bizi qəhrəmanların macərası, möcüzələr və yaxşılığın şər üzərində qələbəsi düşündürürdü. İllər sonra həmin nağıllara qayıdanda isə başqa suallar yaranır: qəhrəman niyə belə davranırdı, başqa seçim edə bilərdimi, ədalət həmişə bu qədər sadədirmi? Uşaqlıqda bizə yalnız yaxşı və pis insanları göstərən hekayələr böyüdükcə insan xarakterinin mürəkkəbliyini anlamaq vasitəsinə çevrilir.
Deməli, bəzən bir kitabı iki dəfə oxumaq əslində iki fərqli insanın eyni mətnlə görüşməsidir. Birinci oxucu keçmişdə qalıb, ikinci oxucu isə onun yaşadıqlarından, itirdiklərindən, qazandıqlarından və öyrəndiklərindən yaranıb.
İnsan özünü həmişə birbaşa tanımır. Bəzən hisslərini ifadə etmək üçün söz tapmır, bəzən yaşadığı hadisənin mahiyyətini anlaya bilmir. Ədəbiyyat belə məqamlarda insanın özünə açılan pəncərəyə çevrilir. Yazıçı bir obrazın dili ilə bizim deyə bilmədiyimizi söyləyir, bir səhnə ilə yaşadığımız, amma adını qoya bilmədiyimiz hissi gözümüzün önünə sərir.
Oxucu bəzən bir qəhrəmanı sevdiyi üçün deyil, onda özündən bir parça gördüyü üçün ona bağlanır. Başqa bir obrazı isə ona bənzədiyi halda qəbul etmək istəmir. Kitabın içindəki insanlara verdiyimiz qiymət bəzən özümüzə münasibətimizi də üzə çıxarır. Bağışlanmağı gözləyən qəhrəmana anlayış göstərib öz səhvlərimizə bəraət qazandırırıqmı? Özünə inanmayan obrazı zəif hesab edərkən bizi qorxu içində saxlayan səbəbləri görməzliyə vururuqmu?
Ədəbiyyatın əhəmiyyəti yalnız özümüzə bənzəyən insanları tanımaqda deyil. Bəzən bizə heç bənzəməyən bir qəhrəmanın taleyini izləyərkən onun da duyğularını anlamağa başlayırıq. Başqa dövrdə yaşayan, fərqli seçimlər edən bir insanın həyatına daxil olmaq dünyamızın sərhədlərini genişləndirir. Beləcə, kitab həm özümüzü tanımaq, həm də özümüzdən fərqli insanları anlamaq imkanı yaradır.
Həyat təcrübəsi oxu dilini dəyişir
Bəzi əsərləri müəyyən yaşda oxumaqla başqa yaşda oxumaq arasında böyük fərq var. Uşaqlıq haqqında əsərləri uşaqlıqdan uzaqlaşdıqca, valideyn-övlad münasibətlərini özümüz valideyn olduqdan sonra, ayrılıq haqqında romanları itki ilə üzləşəndən sonra başqa cür anlayırıq.
Bir vaxtlar valideynlərin qadağalarını yalnız məhdudiyyət kimi görən insan sonralar həmin davranışların arxasında qorxu, məsuliyyət və bəzən də yanlış ifadə olunmuş qayğının dayandığını anlaya bilər. Bu, bütün valideyn qərarlarının doğru olması demək deyil. Sadəcə, insan yaşadıqca münasibətlərin müxtəlif tərəflərini daha aydın görməyə başlayır.
Eyni hal sevgi haqqında əsərlərə də aiddir. Gənclikdə sevginin gücünü onun naminə verilən qurbanlarla ölçən oxucu illər sonra sağlam münasibətin yalnız fədakarlıqdan ibarət olmadığını anlayır. Qarşılıqlı hörmət, etibar və insanın öz mənliyini qoruya bilməsi də münasibətlərin ayrılmaz hissəsidir. Bir vaxtlar romantik görünən davranışlar sonralar yorucu görünə bilər. Əksinə, əvvəllər darıxdırıcı hesab etdiyimiz sədaqət, sakitlik və gündəlik qayğı həyatın ən qiymətli tərəflərinə çevrilə bilər.
Bir neçə il öncə elə bu qəzetin səhifələrində yayımlanmış "İlyas eşqi... Cəmşid sevgisi... Asya seçimi" adlı yazımı xatırlayıram. Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" əsərinin motivləri əsasında çəkilmiş "Selvi boylum, al yazmalım" adlı məşhur türk filmi haqqındakı o yazımda da qeyd etmişdim bu haqda. O filmi uşaqlıq, ya da gəncliyin romantik duyğularla dolu dumanlı beyni ilə izləyəndə Asyanın İlyası seçməsini arzulayırsan, eşqin qalib gəlməsini diləyirsən. Amma zaman keçdikcə, həyatı, insanları, sevgini anladıqca görürsən ki, sevmək yük maşınının arxasına yazı yazmaq deyil. Sevmək sahiblənməkdir, güvəndə hiss etməkdir. Yəni ki, sevgi əməkdir və Cəmşidin haqqıdır. Bu dəfə bu filmə tamam ayrı duyğularla, ayrı düşüncələrlə baxırsan və sonda Asyanın ən düzgün qərarı verdiyini görüb, o qərarı sən də dəstəkləyirsən...
İnsan yaşlandıqca mütləq müdrikləşmir, hər təcrübə də onu daha anlayışlı etmir. Ancaq yaşadıqları haqqında düşünməyə hazırdırsa, ədəbiyyat bu prosesdə ona kömək edə bilər. Kitab bizə hazır həyat təcrübəsi verməsə də, yaşadıqlarımızı dərk etmək üçün yeni baxış bucağı təqdim edir.
Kitab bizi dəyişdirir, yoxsa biz kitabı?
Bu sualın cavabı, bəlkə də, hər iki ehtimalın eyni vaxtda mövcudluğundadır. Kitab oxumaq düşüncəmizə təsir göstərə, əvvəlki qənaətlərimizi sınağa çəkə, dünyaya başqa tərəfdən baxmağa vadar edə bilər. Ancaq oxucu da kitaba öz dünyası ilə gəlir. O, mətnə əvvəlki biliklərini, inanclarını, qorxularını və arzularını gətirir. Buna görə eyni əsər iki insanda tamamilə fərqli təəssüratlar yarada bilər.
Biri kitabda azadlıq ideyasını görər, digəri məsuliyyət məsələsini ön plana çəkər. Bir oxucu qəhrəmanın üsyanını cəsarət kimi qiymətləndirər, başqa biri onun seçimlərinin nəticələrini düşünər. Bu fərqlər ədəbiyyatın çoxqatlılığından xəbər verir. Ancaq oxucu yalnız öz fikirlərini təsdiqləyən məqamları axtarmamalıdır. Bəzən kitabın əsl təsiri bizi narahat edən, etiraz doğuran, əvvəlki qənaətlərimizi dəyişməyə vadar edən düşüncələrlə qarşılaşanda üzə çıxır.
Müasir dövrdə məlumat əldə etmək asanlaşıb, lakin məlumat bolluğu dərin düşüncə demək deyil. Bir insan çoxlu kitab oxuya, amma oxuduqlarının üzərində düşünməyə vaxt ayırmaya bilər. Mütaliənin şəxsiyyətə təsiri də oxunan kitabların sayı ilə ölçülmür. Əsas məsələ oxuduqlarımızın düşüncəmizə, başqalarına münasibətimizə və qərarlarımıza necə təsir etməsidir.
Bəli, kitab insanın yerinə düşünmür, amma ona başqa cür düşünmək imkanı verir. Onun yerinə qərar vermir, ancaq seçimlərin nəticələrini göstərir. Həyatın bütün suallarına cavab vermir, lakin insanın indiyədək vermədiyi sualları ortaya çıxara bilir.
Kitaba qayıdanda keçmişimizlə də görüşürük
Bəzi kitabları oxuduğumuz vaxtı, onları bizə kimin hədiyyə etdiyini, yaxud hansı duyğularla aldığımızı, hansı hadisələrdən keçdiyimizi xatırlayırıq. Həmin kitabın səhifələrinə qayıtmaqla yalnız mətnə deyil, həyatımızın müəyyən dövrünə də qayıdırıq. Bir vaxtlar tələbəlik illərində oxuduğumuz romanın kənarına yazdığımız qeydlər, altından xətt çəkdiyimiz cümlələr, hətta səhifələrin arasından çıxan köhnə kağız parçası belə keçmişdəki özümüz haqqında nəsə danışa bilər.
O zaman hansı fikirlərə inandığımızı, nədən qorxduğumuzu, nəyi arzuladığımızı yenidən görürük. Bəlkə, əvvəlki düşüncələrimizlə razılaşmırıq, bəlkə də, illər keçsə belə, bəzi dəyərlərimizin dəyişmədiyini anlayırıq. Beləcə, kitab keçmişlə bu gün arasında körpüyə çevrilir.
Təkrar oxumaq həm də əvvəlki qənaətlərimizi yoxlamaq imkanıdır. Bir vaxtlar heyran qaldığımız obrazın davranışlarını yenidən qiymətləndirə, müəllifin fikirlərinə daha tənqidi yanaşa, əvvəllər görmədiyimiz incəlikləri kəşf edə bilərik. Bəzən sevdiyimiz əsər əvvəlki təsirini itirir, bəzən isə illər keçdikcə daha da dərinləşir. Hər iki halda dəyişən zövqümüz və dünyagörüşümüz haqqında nəsə öyrənirik.
Bəlkə də, "Oxuduğumuz kitablar dəyişir, yoxsa biz?" sualının ən doğru cavabı budur: bizim onunla münasibətimiz dəyişir. Hər yeni yaş, hər təcrübə, hər itki və qazanc oxuduğumuz mətnə münasibətimizi dəyişə bilər. Bəzən müəllifin nə demək istədiyini daha yaxşı anlayır, bəzən onun dediklərinə etiraz edir, bəzən də əvvəllər görmədiyimiz mənaları kəşf edirik.
Kitabın səhifələrindəki sözlər, hadisələr eyni qala bilər. Amma həmin sözləri oxuyan insan artıq əvvəlki insan deyil. Bəlkə də, mütaliənin əsl möcüzəsi elə bundadır ki, oxuduğumuz kitablar bizə özümüzü yenidən oxumağı öyrədir.