Oyan Nəzəriani: “Bu il çimərlik güləşində böyük uğurlarla yadda qalacaq”

10.11.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu il çimərlik güləşində böyük uğurlarla yadda qalacaq”.

İdman.Biz xəbər verir ki, bu sözləri Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında komanda yarışlarında qızıl medal qazanan çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Oyan Nəzəriani Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində deyib.

Mütəxəssis komandanın Dakar-2026-ya tam hazırlaşdığını və bunun nəticəsində yüksək nailiyyət əldə etdiyini bildirib.

“Ardıcıl qələbələrlə ilin ən son və ən məsul yarışını – Yeniyetmələrin Yay Olimpiya Oyunlarını yaddaqalan nəticə ilə başa vurduq. Dakar-2026-da iki qızıl və bir gümüş medal qazandıq. Bu nəticə komanda hesabında da liderliyi qorumağımıza imkan verdi. Onu da qeyd edim ki, rəqiblərimizdən hər cəhətdən üstün idik. Seneqal paytaxtına tam hazırlıqlı yollanmışdıq”, - deyə Oyan Nəzəriani vurğulayıb.

Baş məşqçi yarış gününün 8 Noyabr - Zəfər Gününə təsadüf etməsinin komanda üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:

“Çalışırdıq ki, bu əlamətdar günün şərəfinə biz də layiqli qələbə qazanaq. Zəfər Gününə təsadüf edən yarışda iki qızıl medal əldə edərək istəyimizə çatdıq. Bu, bizə xüsusi qürur verdi”.

Qeyd edək ki, Dakar-2026-da Azərbaycan komandasının aktivində üç qızıl və bir gümüş medal var. Cüdoçu İbrahim Talıbov (-55 kq), eləcə də çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl medala sahib çıxıblar. Digər çimərlik güləşçimiz Nihad Süleymanlı (80 kq) isə gümüş medal qazanıb.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью