Icma.az, Idman.biz saytına istinadən bildirir.
İspaniyanın “Real Madrid” futbol komandasının rəsmi televiziyası “Barselona” ilə keçiriləcək “El-Klasiko” qarşılaşması ərəfəsində hakimlərin fəaliyyətini sərt tənqid edib.
İdman.Biz xəbər verir ki, “Real Madrid TV”nin efirində La Liqa hakimlərinin kataloniyalıların xeyrinə qərarlar qəbul etməyə daha çox meyilli olduqları iddia edilib.
Veriliş zamanı qarşılaşmanın baş hakimi Xuan Martines Munuera və VAR sisteminə cavabdeh olacaq İqlesias Vilyanuevanın əvvəlki oyunlardakı qərarları təhlil olunub.
Klub televiziyasının aparıcıları hakimlərin “Real Madrid”ə və “Barselona”ya fərqli münasibət göstərdiyini bildiriblər.
“Bu, adi qarşılaşma olmayacaq. Bunu səbəbsiz demirik. Əlimizdə məlumatlar və statistik göstəricilər var. Son illərdə keçirilən yüzlərlə oyunu təhlil etmişik. Tendensiya aydındır: İspaniya hakimləri “Real Madrid”in rəqiblərinə daha güzəştli yanaşır, “Barselona”nın rəqiblərinə qarşı isə daha sərt qərarlar verirlər”, - deyə yayımda vurğulanıb.
Beləliklə, Madrid təmsilçisinin televiziyası İspaniya çempionatında hakimliyin qərəzli olduğunu iddia edərək “El-Klasiko” öncəsi mübahisələri yenidən gündəmə gətirib.
Xatırladaq ki, La Liqanın 10-cu turu çərçivəsində keçiriləcək “Barselona” - “Real Madrid” qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da “Kamp Nou” stadionunda başlayacaq.
Görüş ərəfəsində “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real Madrid” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.