Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünən keçirilən "Sabah” – "Barselona” qarşılaşmasından sonra stadionun ətrafında və metro stansiyalarında ciddi sərnişin sıxlığı yaranıb.
Minlərlə azarkeşin eyni vaxtda stadionu tərk edərək evlərinə qayıtmağa çalışması ictimai nəqliyyatda hərəkəti çətinləşdirib. Yaranan sıxlıq səbəbindən polis əməkdaşları sərnişinlərin əraziyə mərhələli şəkildə buraxılmasını təmin edib. Bu isə bəzi vətəndaşların metrodan vaxtında istifadə edə bilməməsinə və evə qayıdarkən çətinliklərlə üzləşməsinə səbəb olub.
Qarşılaşma ilə əlaqədar Bakı Metropoliteninin iş rejiminin uzadılması da müzakirə olunan məsələlərdən birinə çevrilib. Belə ki, metro fəaliyyətinin uzadılmasına baxmayaraq, bütün istiqamətlər üzrə eyni imkanın yaradılmaması bəzi azarkeşlərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı AZXEBER.COM-un sorğusuna cavab olaraq Bakı Metropolitenindən bildirilib ki, əvvəlcədən elan edildiyi kimi, Yaşıl və Bənövşəyi xətlərin fəaliyyəti saat 00:00-da yekunlaşıb:
"Biz əvvəlcədən elan etmişdik ki, Yaşıl və Bənövşəyi xətlər saat 00:00-da bağlanacaq. Çünki bizim xətlərimiz ayrıdır və əvvəlki qaydada Koroğlu stansiyasından istifadə edərək istənilən istiqamətə getmək imkanı yoxdur. Xətlər tam ayrılana qədər faktiki olaraq 20 Yanvar və Avtovağzal istiqamətinə getmək istəyən sərnişinlər yerüstü nəqliyyatdan istifadə etməlidirlər.
Bu səbəbdən sərnişin marağı və tələbatı əvvəlcədən araşdırılmışdı. Elanımızda da qeyd olunmuşdu ki, yalnız Qırmızı xətt üzrə İçərişəhər – Həzi Aslanov istiqamətində bütün stansiyalar, o cümlədən Koroğlu stansiyası saat 01:00-a qədər deyil, daha gec müddətədək fəaliyyət göstərdi. Biz stadionla əlaqəli işləyirik. Qırmızı xətlə bağlı hər hansı problem yaşanmayıb”.
Fəridə Əsədzadə