Öz elinin yaddaşında yaşayan imza

29.10.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycan jurnalistikasında imzalar arasında elə bir imza var ki, 50 ildən çoxdur gah dinləyicinin, gah da oxucunun diqqətini çəkir. Neçə qələm sahibinə bu peşədə bələdçilik edib, neçə söz yolçusuna uğurlar arzulayıb və bu gün də bu missiyanı şərəflə yerinə yetirməkdədir.

Mənim sözlə tanışlığım orta məktəb illərinə, 1979-cu ilə təsadüf edir. Kəndimizdə ikinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin açılışı barədə Şamaxının “Yeni Şirvan” qəzetində xəbərlə çıxış etmişdim. İlk qonorarımı da bu qəzetdən almışam.

O illərdə Hacıqabulda dünyaya gəlmiş, ancaq əslən bizim kənddən olan bir ellimizin jurnalist olduğunu, Azərbaycan Dövlət Radiosunda işlədiyini tez-tez eşidirdim. Radiodan səsi gələndə fəxrlə “Bizim Ayətxandır”, “Kəndçimiz Ziyadxan kişinin oğludur”, – deyirdilər. Qürurlanırdım ki, doğum şəhadətnaməsində Hacıqabulda anadan olduğu yazılsa da, kökü Şamaxının Kürdəmic kəndindəndir, “o həm də mənim həmkəndlimdir, ellimdir”.

Böyük Qafqaz dağlarının qoynuna sığınan bu kəndin, demək olar ki, hamısı onun qohum-əqrabasıdır. Baba yurdunda keçirdiyi anları ömrünün ən gözəl çağlarından sayır. Bəlkə də elə bu bağlılıq, başqa rayonda doğulub boya-başa çatması onu “Şamaxının Kürdəmic kəndi. Tarix, publisistika, rəvayət” kimi ensiklopedik bir əsəri ərsəyə gətirməyə həvəsləndirib. Bu kitabı yazanda çəkdiyi ölçüyəgəlməz əziyyətin şahidlərindən biriyəm. Günlərlə, aylarla, illərlə (beş il altı ay ərzində) Kürdəmicin qarlı-şaxtalı qış günlərində kənd barədə məlumatları misqal-misqal toplayaraq Kürdəmicin salnaməsini ərsəyə gətirib.

“Bizim Ayətxan”ın qələmindən çıxan bu əsər həm də iki rayonun ərazisində məskunlaşmış bir kəndin ikiləşən taleyinə güzgü tutur: Şamaxının Kürdəmic kəndi ilə Göyçayın Kürdəmiş kəndində yaşayanlar bir-birinə zəncirvari qohumdurlar. Bu qohumluq bağları qırılmasa da, zaman təbii ki, əlaqələrə öz təsirini göstərməkdədir. Ancaq mənə elə gəlir ki, Kürdəmic və Kürdəmiş kəndlərinin bağlılığının yaddaş xəzinəsi olan, tarixi faktlarla zəngin “Şamaxının Kürdəmic kəndi” bu bağları qırılmağa qoymayacaq.

...O illərdə mən gah həkim, gah mühəndis, gah da tarixçi olmaq istəyirdim. Hətta hərbi xidmətdən sonra Azərbaycan Neft-Kimya İnstitutuna da qəbul olmuşdum. Gündüzlər işləyir, axşamlar oxuyurdum. İşlədiyim müəssisənin “Üfüq” adlı çoxtirajlı qəzeti ilə əməkdaşlıq da edirdim. Ancaq sonra tale elə gətirdi ki, ürəyimin səsinin arxasınca getdim – Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almağa başladım.

Azərbaycan Radiosunun qapılarını üzümə açan, tələbə-jurnalist kimi bu dəfə mənə yol göstərən Ayətxan Ziyadxan oğlu İsgəndərov oldu.
1988-ci ildən başladı bu yolçuluq. Mikrofonla işləməyi, həmsöhbətini danışdırmağı, radio verilişlərini hazırlamaq qaydalarını ondan öyrəndim. Müəllimlərimin öyrətdiklərini onun sayəsində praktik olaraq mənimsəyə bildim.

O, təkcə radiojurnalisti deyil, həm də güclü müşahidə qabiliyyətinə malik publisist, cəfakeş qəzetçi, araşdırmaçı, dilimizin qatlarına bələd, əsərlərində məqamında həmin dil zənginliyindən bəhrələnən yazıçıdır.

Jurnalistikamıza təkcə sözü ilə deyil, qəzet-jurnal redaksiyalarında çalışmaqla, qələmi ilə də xidmət göstərib. Mükafatlandırılan yazıları da olub, milli ruhuna görə efir qadağası ilə üzləşən verilişləri də.

Ayətxan Ziyad gözəl ailə başçısıdır, atadır, babadır, “bir nəslin ağsaqqalıdır, sinədəftəridir, canlı salnaməsidir”, – desəm, yanılmaram.
Söz adamı “Bizim Ayətxan”, əlindən qələm əskik olmasın!

Elton Dünyamalı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью