Öz hegemoniyasını, öz siyasi gücünü qanla möhkəmləndirməyə çalışan rejimin ayaqda qalması mümkün deyil

28.01.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Əslində insanlara divan tutan bu rejimin güvəndiyi heç nə yoxdur. Güvəndiyi ilahıdır, güvəndiyi yanında olan tərəfdarlarıdır və yanında olan qəddar gücdür. Onun əlində artıq legitim qanuni heç bir prosedur yoxdur ki, rejim ona güvənsin və o güvən əsasında bir proses aparsın”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sadiq İsabəyli hesab edir ki, İranda məhkəmə hakimiyyəti rejimə işləyir, Xameneinin əmrlərini yerinə yetirir, icraedici orqan da ancaq Xameneinin əmrlərini icra edir: “Hamı gözləyirdi ki, Məsud Pezeşkan daha sağlam bir duruş sərgiləsin. Amma o da etirazçıları terrorist adlandırdı və onlara olmayan ittihamları yağdırdı. Yəni 16-17 yaşda etirazçı, 15 yaşında qız necə terrorçu ola bilər? Onlar necə terrorçu ola bilər ki, silahsızdırlar və səngər qurmurlar. Əgər qarşılarında silahlı terrorçu varsa, niyə onlar gizlənmir, niyə onlar mövqe tutmur, niyə onlar səngər qurmur? Küçələrdə sağa-sola atəş açırlar. Çalışırlar ki, etirazçıları bu küçələrə toplasınlar və həmin küçələrdə onları güllələsinlər. Məsələn; insanları Rəşt şəhərinin bazarına yönəldiblər. Bazarın sağ tərəfində silahlı hərbi qüvvə gözləyirmiş. Sol tərəfindən insanları polislər salıblar bazarın küçəsinə, sonra bazara od vurublar. İnsanlar orada yanıb məhv olublar. Bəziləri çalışıblar ki, sağ tərəfindən çıxsınlar, qaçsınlar. Onlar da elə ordaca güllələniblər. Hamısı öldürülüb. Şəkillərə baxırsan ki, 17-18 yaşında uşaqlardır”.

Sadiq İsabəyli

Siyasi şərhçi hesab edir ki, öz hegemoniyasını, öz siyasi gücünü qanla bərpa etməyə, qanla möhkəmləndirməyə çalışan rejimin ayaqda qalması mümkün deyil: “Fars–molla rejiminin, Əli Xamenei rejiminin güvəndiyi qandırsa, “mən nə qədər qan töksəm o qədər hakimiyyətdə qalacağam” düşüncəsidirsə, bu düşüncə xətaya aparır. Rejim bunun bədəlini çox ağır şəkildə ödəyəcək”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью