Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycanın artan regional və beynəlxalq nüfuzu fonunda ən mühüm strateji məsələlərdən biri müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanmasıdır. Bu gün ölkələrin rəqabəti yalnız təbii resurslar, maliyyə və infrastruktur üzərindən getmir. Əsas rəqabət üstünlüklərindən biri insan kapitalıdır. Azərbaycan nəqliyyat, logistika, enerji, rəqəmsallaşma və digər strateji sahələrdə regional rolunu gücləndirdikcə, bu layihələri idarə edə biləcək yeni nəsil mütəxəssislərə ehtiyac da artır".
Bunu nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev 525.az-a bildirib. Onun sözlərinə görə, müasir kadr hazırlığı yalnız nəzəri biliklərlə məhdudlaşmamalıdır. Burada beynəlxalq təcrübə, rəqəmsal bacarıqlar, süni intellekt, layihələrin idarə olunması, xarici dillər, analitik düşüncə və müxtəlif ölkələrin mütəxəssisləri ilə işləmək bacarığı xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda xarici təcrübənin ölkəyə gətirilməsi ilə yanaşı, yerli mütəxəssislərin beynəlxalq layihələrdə iştirakı və təcrübə mübadiləsi sistemli şəkildə təşviq edilməlidir:
"Strateji məqsəd gələcəkdə yalnız texnologiya və xidmət idxal edən deyil, bilik, təcrübə və yüksək ixtisaslı kadr ixrac edən Azərbaycan formalaşdırmaq olmalıdır. Bu baxımdan hər böyük layihə həm də bir “kadr məktəbi” kimi nəzərdən keçirilməlidir. Layihənin nəticəsi yalnız tikilən infrastruktur deyil, həmin infrastrukturu daha da inkişaf etdirəcək insan kapitalı olmalıdır.. Öz kadrını yetişdirən dövlət gələcəyini özü formalaşdırır".
Sevinc Qarayeva