Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Öz-özünə danışmaq bir çox insanın gündəlik həyatında fərqinə varmadan etdiyi davranışlardan biridir.
Bəzən səssizcə, bəzən isə ucadan öz fikirlərini ifadə etmək şəklində təzahür edən bu vərdiş uzun illər boyu həm maraqla qarşılanmış, həm də sual doğurmuşdur: bu hal normal psixoloji prosesin bir hissəsidirmi, yoxsa bir narahatlıq əlamətidir?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, bu əslində dərin psixoloji və emosional səbəblərin nəticəsi ola bilər: "Belə hallar, xüsusilə də uzun müddət anlaşılmadığını, dinlənilmədiyini və diqqətdən kənarda qaldığını hiss edən insanlarda müşahidə olunur.
Bu vəziyyət təkcə sosial münasibətlərdə deyil, həm də insanın daxili aləmində böyük təsir yaradır.
Özünü ifadə edə bilməyən, fikirlərini bölüşmək üçün qarşısında anlayışlı bir dinləyici tapmayan şəxs tədricən daxilinə qapanır və nəticədə öz-özünə danışmağa başlayır.
Əslində, öz-özünlə danışmaq müəyyən dərəcədə təbii və hətta sağlam bir davranış ola bilər.
İnsan düşüncələrini səsli şəkildə ifadə edərək özünü sakitləşdirmək, diqqətini cəmləmək və ya qərar vermək istəyir.