Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 3 fevral, AZƏRTAC
Son illər ərzində Özbəkistanda enerji sahəsində olduqca irihəcmli layihələr həyata keçirilir. Hazırda Özbəkistan Mərkəzi Asiya respublikaları arasında alternativ enerji istehsalına görə liderlik edir. 2019-cu ildən başlayaraq həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. Son 5 il ərzində alternativ enerji istehsalına 25 milyard dollar həcmində investisiya yatırılıb və ümumi istehsalda alternativ enerjinin payı 50 faizdir. Bu gün Özbəkistanda ildə 25 giqavat təmiz enerji istehsal olunur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın Energetika Nazirliyinin ekoloji diplomatiya və yaşıl iqtisadiyyat layihələri üzrə şöbəsinin mütəxəssisi Furkat Kurbonov deyib.
O bildirib ki, karbonsuzlaşdırma istiqamətində əlavə addımlar atılaraq köhnə infrastruktur modernləşdirilir və yeniləri tikilir.
“2025-ci ildə 3,5 GVt gücündə alternativ enerji infrastrukturu istismara verilib. Hökumət qarşısına 2030-cu ilə kimi ümumi enerji istehsalında alternativ enerji istehsalının payını 54 faizə çatdırmağı qarşısına məqsəd qoyub və görülən işlər bu məqsədə nail olunacağını deməyə əsas verir. Özbəkistan, Qazaxıstan və Azərbaycanın enerji dəhlizi yaratmaq haqqında razılaşmaları və istehsal olunan əlavə enerjini Avropaya ixrac etmək planı mühüm əhəmiyyətə malikdir. Bu layihə iştirakçı dövlətlərin ixrac potensialı ilə yanaşı ümumi iqtisadi inkişafına böyük təkan verəcək, regiona irihəcmli investisiyaların cəlb olunmasına imkan yaradacaq”, - deyə mütəxəssis nəzərə çatdırıb.
Mütəxəssis qeyd edib ki, Yaşıl Enerji Dəhlizi” Özbəkistan üçün iqtisadi, enerji və geosiyasi aspektlərdən geniş və səmərəli imkanlar açacaq, onun beynəlxalq mövqelərini möhkəmləndirəcək və beynəlxalq ticarətdəki rolunu artıracaq.