Özbəkistan idmanının inqilabi yüksəlişinə səbəb TƏƏSSÜRAT

24.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Futbol üzrə milli komanda ilə Lixtenşteyn və Andorra ilə oyunlar üçün 7 günlük ezamiyyədən qayıdan gün tam fərqli mühitə – Özbəkistana yola düşdüm. 18-22 noyabr aralığında Paytaxt Daşkənddə Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatını işıqlandırmaq üçün…

Cüdo Federasiyasına təşəkkür edirik ki, mətbuatın proseslərdə mühüm rol oynadığının fərqindədir. Ümumiyyətlə, bu federasiya hər işə nəcib və peşəkar yanaşdığına görədir ki, son illərdə ən sürətlə inkişaf edən, nəticələri daim yaxşılaşan bir sahəyə çevrilib cüdo…

Yarış və cüdoçularımızın çıxışı haqda birazdan detallı bəhs edəcəm, hələliksə böyük maraqla qeydə aldığım maraqlı məqamları sizinlə bölüşüm.

Avropa ölkələrindən sonra Orta Asiyaya, tam fərqli kontingentə düşmək maraqlı hissdir. Bakıdan birbaşa uçuşla 2.3 saata Daşkəndə çatdıq.

Bu, 19 illik işgüzar səfər karyeramda 50-ci ölkə idi. Səfər etdiklərimin əksəri Avropa ölkələri olub. Asiyadan yalnız İsrail, Qətər və İranda olmuşdum.

Əvvəla qeyd edim ki, Avropa və Asiya arasında ciddi fərqlər var. Tam ayrı təəsüratlardır. Hər hansı ortabab Avropa ölkəsindən belə Asiya ölkəsinə səfər etsən, kritik fərqləri olan bir mühitə düşdüyünü hiss edirsən.

Özbəkistan isə bu baxımdan bütün digərlərindən fərqlındi. Zənn et ki, sovet şəhərsalma strukturuna oxşar bir tərzdə, amma Asiya mühitindəsən. Yollar, körpülər, keçmişdə tikilən binalar Bakıdakı, Tbilisidəki, digər postsovet ölkələrindəki kimidir. Metrolarımız da eyni formada…

Daşkənd aeroportunun çıxışındaca səni ilk olaraq taksi sürücüləri qarşılayır. Bu mənzərə mənə “hardansa tanış gəlir”…

Aeroportdan yerləşəcəyim Olimpiya Kəndinə 16 km-lik yola görə 200.000 som (32 manat) istədilər. Sonradan biləcəkdim ki, bu, real qiymət deyil. Bu da tanış mənzərə…

Daşkənd gəzintisinə sabah çıxacam, bu gün isə Olimpiya kəndini gəzim.

Videodan gördüyünüz kimi, Olimpiya kəndi şəhər içində ayrı bir şəhərdir. Burada Özbəkistanın müxtəlif şəhərlərinin adı qoyulan otellər tikilib. Şəhərcik “Yeni Özbəkistan” adlanır. Futbol, cüdo, boks, güləş, karate, şahmat və s. idman sahələrinə aid zallar, arenalar bu şəhərciyin daxilində tikilib. Bir sözlə, idmançı kimi yetişmək üçün hər bir şərait qurulub. Lakin qapalı arealda. İdeoloji olaraq, doğru yanaşma hesab etmək olar. Şəhər kənarında yerləşən “Yeni Özbəkistan” son illər əksər idman növləri üzrə Özbəkistanın şöhrətinin dünyaya yayılmasına səbəb olub.

Nəticələr birəbeş müsbətə doğru dəyişilib. Bir sözlə, dövlət ideal şərait qurub, federasiyalar üçün bəhanə qalmayıb – buyur, işini gör, bacarığını göstər, nəticə ver!

Bu çempionatda da gözləntiləri doğruldub 7 medal qazandılar (5 gümüş, 2 bürünc). Belə görünür ki, Özbəkistan Cüdosunun gələcəyi də böyük ümid vəd edir.

Azərbaycan Cüdo Federasiyası da yeni rəhbərliyin dövründə apardığı islahatlarla rəğbət qazanıb. Ən əvvəl federasiya və milli komanda olaraq bir mərkəzdə təmərküzləşmək AJF-nin digər bütün federasiyalardan fərqləndiyini göstərdi. Daha bir təqdirəlayiq məqam Cüdomuzda böyük iz qoymuş, eləcə də idarəçilik keyfiyyətləri olan şəxsləri idarəçiliyə cəlb etmək oldu. Odur ki, getdikcə nəticələr də alqış qazanır.

Bu DÇ-də ölkəmizi 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) 14 cüdoçu təmsil edib. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc mükafatçı olub.

Gənclər millimizin baş məşqçisi Rüstəm Alimli yarış bitəndən sonra media önündə brifinqdə bildirdi ki, nəticələr ikiqat daha yaxşı ola bilərdi, lakin obyektiv və subyektiv səbəblərdən planlaşdırılan kimi olmadı. Nəticələr və idmançıların çıxışları təhlil ediləcək və gələcək yarışlarda daha yaxşı olması üçün addımlar atılacaq.

İddiaya etibar etmək olar, çünki yuxarıda qeyd etdiyim kimi, Cüdo Federasiyası hər keçən il nəticələrin daha da yaxşılaşdırılmasına nail ola bilir.

ACF-ni digər federasiyalara nümunə göstərmək olar. Sahənin peşəkarlarına baş rol verilib, hər şərait qurulub və səhvlər ört-basdır edilmir, islahatlarla daha təkmil addımlar atılır. Necə deyərlər, “Çörəyi ver çörəkçiyə…” məsəlindəki kimi, ACF-nin yanaşma prinsipi doğrudur, ona görə də nəticələr geri getmit, ətalətdə deyil, irəliyə doğru gedir.

Özbəkistanda gördüyüm sistematik yanaşmanın möhtəşəm nəticələri əsas verir ki, eyni yanaşma bizdə də tətbiq olunsun. “Yeni Özbəkistan” öyrəniləsi və tətbiq olunası layihədir…

***

Daşkənd səfərimin ikinci günündə “Yeni Özbəkistan”dan çıxıb, şəhər mərkəzinə getdim. Fikrimcə, nöqsan kimi qeyd edilə biləcək azsaylı məqamlardan biri də buradan şəhər mərkəzinə ictimai nəqliyyatın işləməməsi idi. Məcburən taksi çağırmalı olursan. “Reception”dan xahiş etdik, “Yandeks taksi” çağırdı, şəhər mərkəzinə 60.000 som qiymət yazdı (1 manat, təxminən, 7000 somdur).

Bizim İçəri Şəhərin prototipi olan Çor Suya getdik. Sanki Bakının “28 may” tərəflərinin 90-cı illərin sonu, 2000-lərin əvvəli…

Yemək Bakıdakından azca ucuz (Bəzi yerlər əksinə, istisna), geyim və s. isə əsasən baha. Daşkəndin küçə kafeləri də 90-ları xatırladır… Metrosu da…

Yalnız “City Mall” və ətrafı çüasirliyə uyğun və səliqəli idi.

Özbək aşı, beşbarmaq, samsa – ümumən mətbəxləri dadlı olsa da, bizim təamlarla rəqabətdə tərəfimizi saxlayardım…

Getdiyim səfərlərdə olduğum şəhərləri ətraflı gəzməyə çalışıram ki, aurasını hiss etdim. Yarış qrafiki sıx olduğumdan Daşkəndi tam ətraflı gəzə bilmədim, lakin bir günümüzü buna həsr etdik. Belə qısa müddətə görə bunu iddia etmək nə dərəcədə reallığı əks etdirər, bilmirəm, amma izafi əminliklə bildirə bilərəm ki, özbəklər xoş auralı, safdılar. Burada özünü sıxılmış, əhvalsız hiss etməzsən.

Hər sahədə böyük inkişafa nail olan Özbəkistanın son illər dünyada diqqət çəkən 3-4 ölkədən biri olduğunu deyə bilərik. Elmdən tutmuş idmanın hər sahəsində, hətta şahmatda belə möhtəşəm yüksəlişə nail olublar. Bircə musiqidə Tərlan Novxanılıya, Üzeyir Mehdizadəyə qibtə edəcək səviyyədə qalıblar. Amma üzülməyə dəyməz, bu sahəyə də ciddi yanaşsalar, ciddi dəyişiyə nail olacaqlarıba şübhə yoxdur.

Azərbaycanlı olduğumuzu bilən kimi rusca danışmağı kəsib Türkiyə türkcəsinə keçən əkələr tarixi bağın qopmaz bir məfhum olduğunun təsdiqidir; hər nə qədər özünü yad mədəniyyətə sırımaq kompleksinə yoluxanlar olsa da…

Əmir Teymurun mirası olan Özbəkistan fatehin fəlsəfəsinə qayıdır.

Fateh Səmərqənddə, müəllimi Mir Seyid Bərəkənin ayaqları tərəfində dəfn edilib. Gur Əmir məqbərəsi müəllimə izzətin simvoludur. Müasir Özbəkistan asıb-kəsən keçmişiylə fəxr etməyi dekonstruksiya edərək, onun işıqlı – öyrənmə fəlsəfəsini hər sahədə tətbiq edir. Necə də gözəl nəticələrə nail olur…

Elçin Cəlilov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью