Özbəkistan məhz Azərbaycan üzərindən Avropa ilə idxal ixrac əməliyyatlarını həyata keçirə bilər AÇIQLAMA

04.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 fevral, AZƏRTAC

Son illər Özbəkistan ilə Avropa ölkələrinin əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən il Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Belçika Krallığına səfəri zamanı Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq haqqında 9 bənd, 356 maddə və 14 əlavədən ibarət sənəd imzalandı. Sənəddə Özbəkistan ilə Aİ arasında iqtisadi, mədəniyyət, nəqliyyat, tranzit, energetika, ticarət və başqa sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi təsbit olunub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Özbəkistan Ticarət Evinin rəhbəri Ramin Şərifov deyib.

Onun sözlərinə görə, ötən il Daşkəndə keçirilən Özbəkistan-Aİ Sammitində enerji sahəsində birgə layihələrin həyata keçirilməsinə 10 milyard dollar sərmayə yatırılması barədə razılıq əldə edilib.

“Bu razılıqla Özbəkistanda alternativ enerji istehsalı artaraq Avropaya ixrac ediləcək. Bununla yanaşı, nadir yer minerallarının və neft-qaz sahələrinin inkişafına da sərmayə yatırımı yaxın 5 ildə həyata keçiriləcək. Bütün bunların reallaşmasında Azərbaycanın böyük rolu var. İlk növbədə qeyd etmək lazımdır ki, Özbəkistanın Avropa ilə nəqliyyat əlaqəsi Azərbaycan üzərindən həyata keçirilir ki, burada da Orta Dəhlizin əhəmiyyətini nəzərə çatdırmaq lazımdır. Özbəkistan məhz Azərbaycan üzərindən Avropa ilə idxal-ixrac əməliyyatlarını həyata keçirə bilər”, - deyə Ramin Şərifov əlavə edib.

Özbəkistan Ticarət Evinin rəhbəri bildirib ki, ötən ilin noyabrında Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının ABŞ-da C5+1 formatında Prezident Donald Tramp ilə keçirilən görüşü və imzalanan sənədlər regionun iqtisadi inkişafında böyük irəliləyişin olacağını vəd edir: “Özbəkistanda irihəcmli nadir yer metalları var ki, ABŞ investisiya yatırıb bu qazıntılardan faydalanmağa çalışır. Bunun üçün isə nəqliyyat əlaqələrinin qurulması vacib şərtlərdən biridir. Bu baxımdan Orta Dəhlizin yükdaşıma həcminin də artacağı gözləniləndir. Özbəkistanın Avropa ilə ticarət əlaqələrini genişləndirmək üçün Azərbaycan tranzit ölkədir. Orta Dəhlizin fəaliyyəti iki ölkənin iqtisadi inteqrasiyasını daha artıracaq. Xəzər dənizi ilə Qara dəniz arasında “Yaşıl Enerji Dəhlizi”nin yaradılması haqqında Azərbaycan, Özbəkistan və Qazaxıstanın razılıq əldə etməsi yaxın gələcəkdə səmərəsini verəcək. Bu layihə hər 3 türkdilli dövlətin inteqrasiyasını sürətləndirməklə yanaşı, Avropa ilə daha sıx əlaqələr qurulmasına imkan yaradacaq ki, bu da öz növbəsində qlobal iqtisadiyyatda ölkələrimizi söz sahibinə çevirəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью