Özbəkistan Mərkəzi Asiyada turizmin inkişaf tempinə görə birincidir

10.08.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya Səyahət və Turizm Şurasının (World Travel & Tourism Council - WTTC) “Turizm və Səyahətin İqtisadi Təsiri tədqiqatı 2026” (“Travel & Tourism Economic Impact Research 2026”) hesabatına əsasən, 2025-ci ildə Mərkəzi Asiya dünyanın ən sürətlə inkişaf edən turizm regionuna çevrilib.

525.az xəbər verir ki, WTTC öz tədqiqatlarını dünyanı 13 əsas regiona bölməklə aparır. 

2025-ci ilin yekunlarına görə, Mərkəzi Asiya turizm sektorunun inkişafının bir sıra əsas göstəriciləri üzrə dünyada birinci yeri tutub. Bununla yanaşı, Özbəkistan Mərkəzi Asiya ölkələri arasında bu göstəricilərin hamısı üzrə lider olub.

Hesabata əsasən, Mərkəzi Asiyanın ümumi daxili məhsuluna (ÜDM) məcmu töhfəsi 17,7 faiz, sektorun birbaşa töhfəsi isə 19,6 faiz artıb.
Regionda turizm xidmətlərinin ixracı (visitor exports) 9,9 milyard ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 26,4 faiz artım deməkdir. Bu göstəricinin artım tempinə görə də Mərkəzi Asiya dünyada birinci yeri tutub.

Regionin turizm xidmətləri ixracının ümumi həcminin demək olar ki, yarısı Özbəkistanın payına düşür. Ölkə 2025-ci ildə 4,8 milyard ABŞ dolları dəyərində turizm xidmətləri ixrac edib.

WTTC-nin 2025-ci il üzrə məlumatına əsasən, Özbəkistan Mərkəzi Asiya sakinlərinin səyahət üçün ən populyar istiqaməti olub.
Hesabatda qeyd olunur ki, Özbəkistanın liderliyi zəngin tarixi-mədəni irsi və region ölkələrindən olan turistlər üçün yüksək cəlbediciliyi ilə şərtlənir.
“Ümumilikdə, bu göstəricilər turizmin regional xarakter daşıdığını təsdiqləyir: Mərkəzi Asiya sakinləri ən çox öz regionları daxilində səyahət edirlər”, - hesabatda vurğulanıb. 

Bundan əlavə, WTTC Mərkəzi Asiyada vahid turizm məkanının yaradılması üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib.

Təşkilatın ekspertlərinin fikrincə, sərhəd prosedurlarının sadələşdirilməsi, hava nəqliyyatının və nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi, birgə turizm marşrutlarının yaradılması, həmçinin Mərkəzi Asiyanın vahid turizm istiqaməti kimi təbliği dünyanın digər regionlarından beynəlxalq turist axınının artmasına kömək edir. 

Hesabata əsasən, 2025-ci ildə turizm sektorunda bütün xərclərin 64,3 faizi xarici turistlərin, 35,7 faizi isə region ölkələrinin daxili turizminin payına düşüb. Xarici turistlərin xərclərinin 84,5 faizi istirahət məqsədilə, 15,5 faizi isə işgüzar səfərlərlə bağlı olub.

WTTC-nin proqnozuna görə, 2036-cı ilədək turizm sektorunun Mərkəzi Asiya iqtisadiyyatına ümumi töhfəsi 29,7 milyard ABŞ dollarına çatacaq.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью