Özbəkistan Orta Dəhliz üzrə əməkdaşlığı genişləndirir

25.09.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Özbəkistan Orta Dəhliz üzrə daşımaların artırılması və Xəzər dənizində yeni yükdaşıma imkanlarının yaradılması üçün Azərbaycanla əməkdaşlığı genişləndirir.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib ki, son iki-üç ildə Azərbaycan üzərindən yükdaşımaların həcmi iki dəfə artıb. Bu il isə artım 50 faizdən çox olub.

Onun sözlərinə görə, Özbəkistan Xəzər üzərindən daşımalar üçün əlavə imkanların yaradılması, yeni bərələrin cəlb edilməsi və Zəngəzur dəhlizinin Naxçıvan üzərindən keçən Azərbaycan hissəsinə investisiya qoyuluşu üzərində işləyir.

Nazir qeyd edib ki, ölkəsi Orta Dəhlizin inkişafına və bu istiqamətdə yeni imkanların yaradılmasına sərmayə yatırmaq niyyətindədir.

Kudratov Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini də prioritet adlandırıb. Hazırda ümumi ticarət dövriyyəsinin 13 milyard dollara çatdığını deyən nazir 2030-cu ilədək bu göstəricinin 20 milyard dollara yüksəldilməsinin hədəfləndiyini bildirib.

O əlavə edib ki, əməkdaşlıq ticarətlə yanaşı, sənaye tərəfdaşlığı və qarşılıqlı investisiyaları da əhatə edir.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью