Özbəkistanda biznes mühiti yaxşılaşdırılır

03.09.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Özbəkistanda sahibkarlara münasibətdə çox ciddi və diqqətəlayiq dəyişikliklər həyata keçirilir. 

Yeni qərarlar ilə dövlət–biznes münasibətlərində yanaşma əhəmiyyətli dərəcədə dəyişir. Xüsusilə kiçik sahibkarlığın inzibati təzyiqlərdən qorunmasına yönəlmiş addımlar diqqət çəkir".

"Cebheinfo.az" xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, kiçik biznes üçün 3 illik yoxlama moratoriumu tətbiq olunur:

"Yoxlamalar yalnız xüsusi hallarda — cinayət işləri, vətəndaş şikayətləri, sağlamlıq və əmək hüquqları ilə bağlı məsələlər üzrə mümkün olacaq.

Moratoriumu pozan dövlət məmurlarının isə məsuliyyətə cəlb olunması nəzərdə tutulur. Vergi borcu olan sahibkarlara da “ikinci şans” verilir. 

2026-cı ilin sonunadək köhnə vergi borcunu ödəyən bizneslərə hesablanmış penya silinəcək, bəzi köhnə borc və hesabatların gec təqdim edilməsinə görə tətbiq olunan cərimələr də ləğv ediləcək".

Hüquqşünas vurğulayıb ki, ən vacib yeniliklərdən biri sahibkarın haqlı olması prezumpsiyasıdır (Prezumpsiya sözünün lüğəti mənası təqsirsiz olma ehtimalının olmasıdır): 

"Yəni dövlətlə mübahisədə artıq sahibkar özünün haqlı olduğunu sübut etməli deyil. Əksinə, biznes qanuna əməl edən tərəf hesab olunur və pozuntunun olduğunu dövlət orqanı sübut etməlidir.

Həmçinin ilk pozuntuya görə dərhal cərimə tətbiq olunmayacaq. Sahibkara problemi aradan qaldırmaq üçün 10 gün vaxt veriləcək. 2027-ci ildən isə orta və iri biznes üçün vergi nəzarətinin bir hissəsinin müstəqil auditlə əvəz olunması planlaşdırılır.

Bunlar sadəcə vergi güzəştləri deyil. Bu, dövlətin sahibkara münasibət fəlsəfəsinin dəyişməsidir: 

dövlət biznesə potensial qanun pozucusu kimi deyil, iqtisadiyyatın inkişafını və məşğulluğu təmin edən tərəfdaş kimi yanaşmağa başlayır".O qeyd edib ki, region ölkələri investisiya və sahibkar uğrunda rəqabət aparır:

"Özbəkistanın atdığı bu addımlar da göstərir ki, artıq rəqabət yalnız aşağı vergi dərəcələri ilə deyil, sahibkarın hüquqlarının qorunması, dövlət müdaxiləsinin azaldılması və biznes üçün proqnozlaşdırılan mühitin yaradılması ilə gedir.

Biz də regiondakı bu prosesləri diqqətlə izləməli və özümüzə sadə bir sual verməliyik: sahibkarı daha çox yoxlamaq və cərimələmək iqtisadiyyata daha çox fayda verir, yoxsa ona işləmək, böyümək və yeni iş yerləri yaratmaq üçün şərait yaratmaq?!"

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью