Özəl və dövlət mülkiyyəti necə dəyişdiriləcək? VƏKİL

17.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə və "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqlənib. 

Bununla Azərbaycanda dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilməsinin hüquqi əsası yaradılıb.

Bununla belə, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.

Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. 

Həmin qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər. Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək. 

Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək. 

Beləliklə, Azərbaycanda dövlət əmlakını özəl əmlakla dəyişdirmək mümkün olacaq. Bu mexanizm necə olacaq? Vətəndaş üçün hansısa üstünlüyü varmı?

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, əslində qanunvericilikdə bu dəyişikliyi tələb edən səbəblər var idi: 

“Bu səbəblər ondan ibarətdir ki,  vətəndaşlara əmlak, torpaq  sahəsi ayrılarkən bəzi hallarda texniki səhvlərə yol verilmişdi. 

Hazırda bəzi vətəndaşlar faktiki istifadələrində olan, mülkiyyətlərində olan əmlaklara rəsmi sənədlərin alınması üçün  müraciət edən zaman müvafiq yoxlama həyata keçirilir. Bəzən bu yoxlama nəticəsində müəyyən olunur ki, şəxsə məxsus olan əmlak və yaxud torpaq sahəsində faktiki ona aid olan hissəsdə sürüşmələr var. 

Yəni şəxsin istifadə etdiyi torpaq sahəsinin sənədlə bir hissəsi ona məxsusdur. Digər hissəsi isə dövlət mülkiyyətində olan torpaq sahəsidir. Ancaq sənədlə ona məxsus olan torpaq sahəsi isə istifadəsiz qalıb. 

Yəni şəxs bilməyərəkdən, hansısa texniki səhvlərdən öz torpaq sahəsindən tam yox, qismən istifadə edir. Özünə məxsus olan torpaq sahəsinin bir hissəsi boş, istifadəsiz qalıb, ancaq hazırda istifadə etdiyi torpaq sahəsi isə dövlət mülkiyyətində olan torpaq sahəsi və ya əmlakdır. 

Dövlət qanunvericilikdə edilən bu dəyişikliklə vətəndaşa imkan yaradır ki, uzun müddət faktiki istifadəsində olan həmin hissə ilə istifadəsiz qalan, ancaq ona məxsus olan hissəni dəyişiklik edə bilsin. 

Yəni dövlətə müraciət etsin ki, məsələn, “Mən torpaq sahəsinin  3 sotunun istifadə etdiyim hissəsi sən demə, dövlətə məxsus torpaq sahəsidir, ancaq mənə məxsus olan torpaq sahəsi istifadəsiz qalıb”. 

Xahiş edə bilər ki, həmin torpaq sahələrinin koordinatları, mülkiyyətçisi dəyişdirilsin. Təbii olaraq yoxlama aparılacaq. Yoxlama nəticəsində həmin hallar müəyyən olunsa və vətəndaşın xeyrinə olaraq həmin torpaq sahələrinin koodinatlarının dəyişdirilməsinin mümkünlüyü bildirilsə müvafiq qərar qəbul edilə bilər”.  

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: mülkiyyət Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью