Özəl xəstəxanalarda onkoloji yardım göstəriləcək | Icma.az
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır. Onkoloji yardım özəl tibb müəssisələrində də həyata keçiriləcək.
Axşam.az xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, onkoloji yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq lisenziya almış özəl tibb müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata keçiriləcək.
Qeyd olunub ki, hazırda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən həyata keçirilir.
Bu xüsusda, Azərbaycan vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Həmçinin, dövlət tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsinə təminat verilir.
Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir.
Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
Tam oxu
Xəbəri oxu