Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hesablama Palatası uzun müddət zərərlə işləyən və əsaslı səbəb olmadan gəlir gətirməyən dövlət müəssisələrinin yenidən təşkili, ləğvi və ya özəlləşdirilməsi imkanlarına baxılmasını tövsiyə edib. Təklif Palatanın 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə dair rəyində yer alıb.
Modern.az-a açıqlamasında deputat Rövşən Muradov bildirib ki, ləğvi və ya özəlləşdirilməsi təsdiqlənmiş müəssisələrin siyahısı açıqlanmayıb.
“Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəyində uzun müddət rentabelsiz fəaliyyət göstərən, əsaslı səbəb olmadan gəlir yaratmayan dövlət müəssisələrinin yenidən təşkili, ləğvi və ya özəlləşdirilməsi imkanlarına baxılması tövsiyə olunur. Bu tövsiyəni konkret qurumların bağlanması haqqında qəbul edilmiş qərar kimi qiymətləndirmək düzgün olmaz. Hazırda həmin meyarlar üzrə ləğvi və ya özəlləşdirilməsi təsdiqlənmiş müəssisələrin siyahısı açıqlanmayıb”.
Deputatın fikrincə, müəssisələrin maliyyə göstəriciləri onların göstərdiyi xidmətin keyfiyyəti və sosial əhəmiyyəti ilə birlikdə qiymətləndirilməlidir.
“Məsələnin iqtisadi mahiyyəti yalnız zərərlə işləyən müəssisələrin sayını azaltmaqla məhdudlaşmamalıdır. Dövlət vəsaitinin səmərəli istifadəsi, idarəetmə xərcləri, xidmətlərin keyfiyyəti və müəssisələrin strateji əhəmiyyəti birlikdə qiymətləndirilməlidir. Xüsusilə ictimai xidmət göstərən qurumların maliyyə nəticələrini onların sosial funksiyasından ayrı təhlil etmək düzgün yanaşma olmaz. Dövlət hakimiyyəti orqanları ilə təsərrüfat fəaliyyəti aparan dövlət müəssisələrinin hüquqi statusları da fərqlidir. Rəydə diqqət əsasən maliyyə nəticələri zəif olan müəssisələrə, o cümlədən onların törəmə strukturlarına yönəldilir”.
Mülkiyyətçi dəyişəndə əmək müqavilələri qüvvədə qalır
Rövşən Muradov bildirib ki, özəlləşdirmə zamanı əmək müqavilələri qanunda nəzərdə tutulan istisnalar xaric qüvvədə qalır, müəssisənin ləğvi və ya ştat ixtisarı zamanı isə işdənçıxarma müavinəti ödənilməlidir.
“Əmək Məcəlləsinin 63-cü maddəsinə əsasən, mülkiyyətçi dəyişərkən rəhbər heyətlə bağlı qanuni istisnalar xaric, əmək müqavilələri qüvvədə saxlanılır. Müəssisənin ləğvi və ya ştat ixtisarı zamanı isə qanunla müəyyən olunmuş qaydada əmək müqavilələrinə xitam verilməsi və stajdan asılı işdənçıxarma müavinətlərinin ödənilməsi təmin edilməlidir. İxtisar edilən işçilərin qabaqcadan xəbərdar olunması da məcburi hüquqi təminatdır”.
Deputat mümkün islahatlar zamanı işçilərin yenidən hazırlanmasını və uyğun vakansiyalara yönləndirilməsini vacib sayıb.
“Hesab edirəm ki, mümkün islahatların səmərəsi maliyyə intizamının gücləndirilməsi ilə yanaşı, ixtisaslı kadr potensialının qorunması əsasında qiymətləndirilməlidir. İşçilərin yenidən hazırlanması və uyğun vakansiyalara yönləndirilməsi iqtisadi səmərəliliklə sosial məsuliyyət arasında tarazlığın təmin edilməsinə xidmət etməlidir”.