Özəlləşdirmə çekləri: hüquqi status və Prezidentə müraciət

11.10.2026

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Onminlərlə ailə Sizə və Ulu Öndər Heydər Əliyevin xalqa vədinə inanır”

“Facebook”da 42 mindən çox ailənin bir araya gəldiyi “Özəlləşdirmə Çekləri Qrupu” adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciət ünvanlanıb. AYNA.AZ müraciətin mətnini təqdim edir:

“Möhtərəm Prezident!

Sizdən çox xahiş edirik ki, bizim şikayətimizin dövlətçilik, qanunvericilik, Konstitusiya və hüquq pozuntuları ilə bağlı olduğunu nəzərə alaraq, qaldırdığımız əsas hüquqi və konstitusion məsələlərin mahiyyəti üzrə araşdırılması və şikayət cavablandırılması üçün İqtisadiyyat Nazirliyinə göndərilməsin.

Bu müraciətin məqsədi dövlət hakimiyyətinə qarşı çıxış etmək deyil, əksinə, biz Sizi və dövlətimizi sevdiyimiz üçün məqsədimiz - Azərbaycan Respublikasının Konstitusiyasının aliliyinin təmin edilməsi, Prezident institutunun nüfuzunun qorunması və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsidir.

Biz, Azərbaycan Respublikasının vətəndaşları olaraq, Sizə bu müraciəti Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) ilə bağlı qanunvericiliyin icrası, Atanız Ulu Öndər Heydər Əliyev rəhmətə gedəndən sonrakı dövrdə qəbul edilmiş inzibati qərarlar və onların tətbiqi nəticəsində yaranmış hüquqi vəziyyət və bunun Konstitusiya prinsipləri baxımından qiymətləndirilməsi zərurəti ilə bağlı təqdim edirik.

Cənab Prezident!

Şikayətimizin dövlətçilik, qanunvericilik, Konstitusiyanın aliliyi və fundamental hüquqların müdafiəsi ilə bağlı olduğunu nəzərə alaraq, müraciətdə qaldırılan məsələlərin Prezident Administrasiyasının müvafiq hüquq strukturları və müstəqil hüquq ekspertləri tərəfindən mahiyyəti üzrə araşdırılmasına, habelə normativ aktlar arasındakı ziddiyyətin konstitusion qaydada qiymətləndirilməsi üçün səlahiyyətləriniz çərçivəsində Konstitusiya Məhkəməsinə müraciət edilməsinə təşəbbüs göstərməyinizi xahiş edirik.

Bizim əsas hüquqi – konstitusion suallarımız bundan ibarətdir:

Qüvvədə olan qanunun birbaşa müəyyən etdiyi hüquqi normanı Prezident fərmanı məhdudlaşdıra və ya faktiki olaraq tətbiqdən çıxara bilərmi? Qanunla verilmiş əmlak hüququ qanun dəyişdirilmədən inzibati qərarlar və praktikalarla dayandırıla bilərmi? İstifadə olunmamış çeklərin qanunda nəzərdə tutulmuş qaydada dövriyyədən çıxarılması baş vermədən onların hüquqi və iqtisadi dəyərinin faktiki sıfırlanması mülkiyyət hüququ ilə uzlaşırmı? Əgər Qanun qüvvədədirsə və özəlləşdirmə prosesi tam başa çatmamışdırsa, qanunla nəzərdə tutulmuş ödəmə vasitəsinin yalnız Prezident Fərmanı ilə istifadəsinin dayandırılması normativ aktların iyerarxiyası prinsipinə uyğun hesab edilə bilərmi? Konstitusiyaya əsaslanan (qanunun aliliyi və mülkiyyət hüququnun yalnız qanunla məhdudlaşdırılması) və Qanunda açıq şəkildə nəzərdə tutulmayan bir məhdudiyyət (ödəmə vasitəsi kimi istifadənin vaxtla məhdudlaşdırılması) Prezident fərmanı və ya qanundan aşağı normativ aktla tətbiq edilə bilərdimi?

Təəssüf ki, bu əsas hüquqi suala indiyədək heç bir dövlət qurumu tərəfindən hüquqi əsaslandırılmış cavab verilməmişdir.

Özəlləşdirmə çeklərinin hüquqi dövriyyəsi, tədavülü və ödəmə vasitəsi olması bir-birindən fərqli üç hüquqi anlayışdır. Təəssüf ki, bu anlayışlar hüquqi praktikada bəzən bir-biri ilə qarışdırılır və hətta bəzi hüquqşünaslarımız bunu bilmir. Vətəndaşlar həmin çekləri dövlətə, qanunla verilmiş hüquqi təminatlara – Ulu Öndər Heydər Əliyevin xalqa vədinə inanaraq satmayıb – yəni tədavül vasitəsi kimi istifadə etməyib (satmayıb, girov qoymayıb və s.) və ödəmə vasitəsi kimi yüksək gəlirli müəssisələrin özəlləşdirilməsində iştirak etmək üçün saxlamışlar. Lakin sonrakı illərdə yaranmış hüquqi vəziyyət nəticəsində həmin çeklərdən istifadə imkanları faktiki olaraq məhdudlaşdırılmış, çoxsaylı vətəndaşların hüquqları qeyri-müəyyən vəziyyətdə qalmışdır.

Tədavül (circulation) – (qiymətli kağızların alqı-satqısı, girov və s.) çeklərin özəlləşdirmə prosesində alqı-satqı predmeti kimi istifadə müddəti ilə bağlı məsələdir. Tədavül müddətinin başa çatması çeklərin bazarda sərbəst alqı-satqısının dayanmasına aid edilə bilər. Lakin bu hal, ayrıca və aydın qanun norması olmadan, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi əmlak hüququnun avtomatik ləğvi demək deyil.

Dövriyyə isə (civil turnover / hüquqi dövriyyə) – qiymətli kağızın hüquqi mövcudluğu, hüquq obyekti olması və qanunla dövriyyədən çıxarılıb-çıxarılmaması ilə bağlı məsələdir. Bu isə o deməkdir ki, əgər birbaşa Qanunla çeklər dövriyyədən çıxarılmayıbsa – onlar tədavül vasitəsi kimi istifadə olunmasa belə — qanunla dövriyyədədir və Qanunla özəlləşdirmədə ödəmə vasitəsidir!

Hesab edirik ki, bu məsələ yalnız fərdi şikayət predmeti deyil, həm də geniş ictimai, tarixi, mənəvi, sosial və qanunvericilik əhəmiyyəti daşıyan məsələdir. Çünki söhbət minlərlə vətəndaşa dövlət tərəfindən verilmiş hüququn sonrakı hüquqi taleyindən və tarixi ədalətdən gedir.

ÇEKLƏRİN HÜQUQİ FUNKSİYALARI

Özəlləşdirmə çeklərinin hüquqi mahiyyəti bir neçə bir-birindən fərqli funksiyanı əhatə edir:

- qiymətli kağız və əmlak hüququnun obyekti olmaq;

- bazar tədavülündə alqı-satqı, girov və digər mülki dövriyyə əməliyyatlarının predmeti olmaq;

- dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi çıxış etmək;

- vətəndaşın dövlət əmlakının əldə edilməsində iştirak hüququnu təsdiq etmək.

HÜQUQİ ƏSASLAR - QÜVVƏDƏ OLAN QANUNVERİCİLİK

Azərbaycan Respublikasının “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa əsasən, özəlləşdirmə payları (çekləri) dövlət tərəfindən vətəndaşlara verilmiş və onların mülkiyyət hüququnun obyektidir. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu, hüquqi bərabərlik prinsipini və vətəndaşların dövlət orqanlarına müraciət etmək hüququnu təmin edir. Dövlət tərəfindən vətəndaşa verilmiş əmlak xarakterli hüququn sonradan qeyri-müəyyən vəziyyətdə saxlanılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.

Maddə 1078-4. Özəlləşdirmə qiymətli kağızları

1078-4.1. Özəlləşdirmə qiymətli kağızları dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət əmlakının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi məqsədi ilə buraxılan qiymətli kağızlardır.

Bu gün qüvvədə olan “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsi ilə dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir;

Həmin Qanunun 10-cu maddəsində açıq şəkildə müəyyən edilmişdir ki, özəlləşdirmə payları ödəmə vasitəsidir və imperativ qayda olan bu norma bu gün də qüvvədədir.

Eyni zamanda bu gün qüvvədə olan, Özəlləşdirmə haqqında Qanunun icrası üçün hazırlanmış — Azərbaycan Respublikası Prezidentinin 25 mart 1996-cı il tarixli 450 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin 5-ci bəndində açıq şəkildə göstərilir ki: “. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır.”

Həmin Əsasnamənin 4-cü bəndində müəyyən olunur ki, çeklər yalnız özəlləşdirmə obyektlərinin alınması məqsədilə istifadə edildikdən sonra dövriyyədən çıxarılır və silinir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində deyilir ki, Dövlət əmlakının özəlləşdirilməsi prosesində ödəmə vasitəsi kimi təqdim olunan çeklərin və xaricilərin təqdim etdikləri opsionların tədavüldən çıxarılması qaydaları Dövlət Proqramı ilə tənzimlənir.

Qanunun 12-ci maddəsi tədavüldən çıxarılma mexanizmini məhz özəlləşdirmə prosesində ödəniş vasitəsi kimi təqdim edilmiş çeklərə münasibətdə müəyyən edir. İstifadə olunmamış çeklərin ümumi qaydada hüquqi qüvvədən düşməsi və ya əvəzsiz ləğvi barədə həmin Qanunda ayrıca, aydın və birbaşa norma göstərilməmişdir.

Qanunla birmənalı olaraq, yalnız ödəmə vasitəsi kimi təqdim olunmuş (istifadə edilmiş) çeklər tədavüldən çıxarıla bilər. Vətəndaşın əlində qalan istifadə olunmamış çeklər hələ bu mərhələyə çatmayıb.

Bu isə o deməkdir ki, Qanun özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılmasının konkret hüquqi mexanizmini müəyyən etmişdir və bu mexanizm yalnız onların ödəmə vasitəsi kimi istifadə edilməsindən sonra tətbiq olunur.

Hörmətli Prezident!

Müraciətimizin predmeti konkret fərdi mübahisə deyil, normativ hüquqi aktlar arasında ziddiyyət məsələsidir. Qüvvədə olan Qanunla vətəndaşlara verilmiş əmlak xarakterli hüququn Prezident Fərmanı ilə məhdudlaşdırılmasının Konstitusiyanın 13, 29, 94, 147 və 149-cu maddələrinə uyğun olub-olmaması məsələsi hüquqi müəyyənlik naminə aydınlaşdırılmalıdır.

Eyni zamanda özəlləşdirmə çeki dövlət tərəfindən buraxılmış adsız qiymətli kağız və onun sahibinin əmlak xarakterli hüquqlarını təsdiq edən hüquqi vasitədir. Dövlətin verdiyi mülkiyyəti, kompensasiya ödəmədən və ya məhkəmə qərarı olmadan sadəcə "vaxt bitdi" deyərək dəyərsizləşdirmək birbaşa mülkiyyət hüququnun pozulmasıdır.

Məmurlar və icra hakimiyyəti orqanları öz qərarlarını qanuna deyil, qanunaltı aktlara (məsələn, vaxtilə qəbul edilmiş II Dövlət Proqramının müddətlərinə və fərmanlara) əsaslandırırlar. Lakin hüquq iyerarxiyasında heç bir fərman qüvvədə olan fundamental qanundan və Konstitusiyadan üstün tutula bilməz!

Ümumiyyətlə “dövriyyə müddəti” ilə “mülkiyyət hüququnun ləğvi” eyni şey deyil, heç bir Qanunda çeklərin hüquqi qüvvəsinin tam itirilməsi yazılmayıb. Bu, o deməkdir ki, ciddi hüquq pozuntusu var!

Əgər qanun yalnız istifadə olunmuş çeklərin tədavüldən çıxarılmasını nəzərdə tutursa və istifadə olunmamış çeklərin müəyyən tarixdə etibarsız sayılmasına dair norma yoxdursa, belə bir nəticənin dövlət proqramı və ya sonrakı icra aktı ilə yaradılması qanunun hüdudlarını aşması barədə hüquqi mübahisə yarada bilər.   

ƏLAVƏ OLARAQ SUAL OLUNUR   

Əgər:

- 2000-ci il qanununun 12-ci maddəsində göstərilirsə ki, yalnız istifadə olunmuş özəlləşdirmə çekləri tədavüldən çıxarılır;

- eyni qanunda dövlət proqramına yalnız istifadə qaydalarının müəyyən edilməsi həvalə olunursa;

- lakin sonradan Fərmanla qəbul edilən dövlət proqramında bütün çeklər üçün üç illik tədavül müddəti müəyyən edilirsə,

Fərmanla qəbul olunmuş Dövlət Proqramı qanunun nəzərdə tutmadığı yeni hüquqi nəticə yarada bilərmi? 

Xüsusi QEYD – 30 ildir özünə və ailəsinə aid özəlləşdirmə paylarını (çeklərini) Dövlətə və Ulu Öndər Heydər Əliyevə inanaraq SATMAYIB ümidlə gözləyən vətəndaşlar çeklərdən tədavül (alqı-satqı və s.) vasitəsi kimi istifadə etməyi vacib bilmədiyi üçün – vətəndaşlar Qanuna uyğun olaraq özəlləşdirmə paylarının (çeklərinin) inflyasiyadan qorunan maddi (əmlak) ekvivalent dəyəri manatla qoyulduqdan sonra ÖDƏMƏ (özəlləşdirmədə - tədiyyə) vasitəsi kimi istifadə edəcəklərini və ya kompensasiya alacaqlarını gözləyirlər.

DİQQƏT EDİN: Mübahisənin predmeti özəlləşdirmə çeklərinin tədavül müddəti deyil, mübahisənin predmeti qanunla tanınmış ödəmə vasitəsi funksiyasının qanun dəyişdirilmədən Prezident fərmanı ilə faktiki dayandırılmasıdır.

HEYDƏR ƏLİYEVİN TARİXİ SOSİAL-İQTİSADİ ƏDALƏT PRİNSİPİ: DÖVLƏT ƏMLAKINDA XALQIN PAYI TƏMİN EDİLMƏLİDİR

Möhtərəm Prezident!

Dövlət özəlləşdirmə payları (çekləri) məsələsinə yalnız 1996–1997-ci illərdən etibarən vətəndaşlara verilməyə başlanmış qiymətli kağızların bugünkü taleyi kimi yanaşmaq bu məsələnin tarixi, sosial-iqtisadi və hüquqi mahiyyətini tam əhatə etmir. Bu məsələnin başlanğıcında daha fundamental prinsip — dövlət əmlakının özəlləşdirilməsi zamanı tarixi sosial-iqtisadi ədalətin təmin edilməsi və hər bir vətəndaşın özəlləşdirilən dövlət əmlakında payının olması prinsipi dayanır.

7 mart 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin respublikada özəlləşdirmənin həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirədə ifadə etdiyi yanaşmanın mahiyyəti məhz bundan ibarət idi: özəlləşdirmənin hansı müddətdə aparılmasından və vətəndaşın payının hansı mexanizmlə — pul, vauçer və ya başqa hüquqi vasitə ilə — həyata keçirilməsindən asılı olmayaraq, hər bir vətəndaşın özəlləşdirilən dövlət əmlakında payı olmalı və hər bir vətəndaş həmin payı almalıdır.

Həmin çıxışda özəlləşdirmənin qısa müddətdə başa çatmaya biləcəyi, prosesin 10, 15, hətta 20 il davam edə biləcəyi ehtimalı da nəzərdən keçirilirdi. Bu məqam xüsusilə düzgün başa düşülməlidir.

Söhbət çeklərin 20 il qüvvədə qalacağı barədə ayrıca normativ vəddən getmir. Əsas prinsip bundan daha fundamental idi: özəlləşdirmənin neçə il davam etməsindən və vətəndaşın payının hansı texniki-hüquqi vasitə ilə həyata keçirilməsindən asılı olmayaraq, vətəndaş dövlət əmlakındakı payından məhrum edilməməli idi.

Başqa sözlə: dəyişə bilən — özəlləşdirmənin müddəti və onun həyata keçirilməsi mexanizmi idi; dəyişməz olan isə — vətəndaşın dövlət əmlakındakı payının təmin edilməsi prinsipi idi.

Bu, özəlləşdirmənin sadəcə iqtisadi-texniki mexanizmi deyil, dövlət əmlakının özəlləşdirilməsi prosesində tarixi və sosial-iqtisadi ədalətin təmin edilməsinə yönəlmiş dövlət siyasətinin əsas prinsiplərindən biri idi.

TARİXİ-SİYASİ PRİNSİPDƏN QANUNLA TANINMIŞ ƏMLAK HÜQUQUNA

Heydər Əliyevin ifadə etdiyi həmin sosial-iqtisadi ədalət prinsipi yalnız siyasi bəyanat və ya tarixi vəd səviyyəsində qalmadı. Vətəndaşın özəlləşdirilən dövlət əmlakındakı payı qanunvericilikdə hüquqi forma aldı.

Dövlət özəlləşdirmə payı hüquqi institut kimi müəyyən edildi, həmin pay sonrakı normativ tənzimləmə ilə dövlət özəlləşdirmə çekləri formasında qiymətli kağızla təmsil olundu və dövlət əmlakının özəlləşdirilməsində istifadə edilməsi üçün hüquqi mexanizm yaradıldı.

Burada fundamental hüquqi fərq nəzərdən qaçırılmamalıdır:

Vətəndaşın əmlak payı çekə görə yaranmamışdır. Əksinə, çek vətəndaşın dövlət əmlakında qanunla tanınmış payının həyata keçirilməsi üçün yaradılmış hüquqi vasitə olmuşdur.

Deməli, çek sadəcə kağız sənəd deyil. Onun arxasında qanunla müəyyən edilmiş əmlak marağı, özəlləşdirmədə iştirak imkanı və dövlət əmlakının əldə edilməsində istifadə olunması nəzərdə tutulmuş hüquqi mexanizm dayanırdı.

Buna görə də bu gün mübahisəni yalnız “köhnə çeklərin taleyi” və ya “çeklərin istifadə müddətinin başa çatması” məsələsinə endirmək problemin hüquqi mahiyyətini dəyişdirir. Əsas məsələ çekin fiziki sənəd kimi taleyi deyil, həmin çekin təmsil etdiyi qanunla tanınmış əmlak payının hüquqi taleyidir.

QANUNLA HÜQUQİ FORMA ALMIŞ PRİNSİPİN KONSTİTUSİON TALEYİ

Tarixi sosial-iqtisadi ədalət prinsipi qanunvericilikdə konkret əmlak hüququ formasında hüquqiləşdirildikdən sonra onun hüquqi taleyi artıq yalnız iqtisadi siyasətin və ya dövlət proqramının məqsədəuyğunluğu məsələsi kimi qiymətləndirilə bilməz. Bu mərhələdən sonra məsələ mülkiyyət hüququnun hüquqi rejimi məsələsinə çevrilmişdir.

Dövlət özəlləşdirmə payı və onu təmsil edən çek qanunla tanınmış əmlak hüququnun həyata keçirilməsi vasitəsi və qiymətli kağız kimi müəyyən edilmişdirsə, həmin hüququn mövcudluğu, həyata keçirilməsi, məhdudlaşdırılması və ona xitam verilməsi Konstitusiyanın mülkiyyət hüququna və normativ hüquqi aktların iyerarxiyasına dair tələbləri əsasında qiymətləndirilməlidir.

ÖZƏLLƏŞDİRMƏ PAYININ ƏVƏZSİZ VERİLMƏSİ İLƏ ONU TƏMSİL EDƏN ÇEKİN ƏVƏZSİZ TƏQDİM EDİLMƏSİ EYNİ HÜQUQİ ANLAYIŞ DEYİL

Qanunvericiliyin ardıcıl təhlili göstərir ki, dövlət özəlləşdirmə payının vətəndaşa əvəzsiz verilməsi ilə həmin payı təmsil edən özəlləşdirmə çeklərinin vətəndaşa təqdim edilməsi hüquqi baxımdan fərqləndirilməlidir.

İlkin hüquq — dövlət əmlakından paydır.

7 yanvar 1993-cü il tarixli 445 nömrəli Qanunun 18-ci maddəsinə əsasən, özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Deməli, qanunun yaratdığı ilkin hüququn predmeti kağız sənəd və ya çek deyil. Qanun vətəndaşa özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz hissə verilməsini nəzərdə tutmuşdur.

1995-ci ildə qanunla təsdiq edilmiş Dövlət Proqramı həmin hüququ yenidən təsdiq etmişdir.

29 sentyabr 1995-ci il tarixli 1120 nömrəli Qanunla təsdiq edilmiş Dövlət Proqramının “Dövlət özəlləşdirmə payı” bölməsinin 2-ci bəndində yenidən müəyyən edilmişdir ki, özəlləşdirmə payı Azərbaycan Respublikasının hər bir vətəndaşına özəlləşdirilən dövlət mülkiyyətindən əvəzsiz verilən hissədir. Beləliklə, əvəzsiz verilən əsas nemət çekin fiziki blankı deyil, özəlləşdirilən dövlət mülkiyyətindən vətəndaşa ayrılmış paydır.

Çek həmin əmlak payının hüquqi daşıyıcısı və həyata keçirilməsi vasitəsi kimi müəyyən edilmişdir.

Həmin Dövlət Proqramının sonrakı müddəaları dövlət özəlləşdirmə payının təqdim edənə nağd qiymətli kağız formasında olduğunu və dörd çekdən ibarət olduğunu müəyyən etmişdir.

Başqa sözlə:

PAY — qanunla müəyyən edilmiş əmlak xarakterli əsas hüquq və dövlət mülkiyyətindən ayrılan hissədir;

ÇEK — həmin payı təmsil edən, təsdiqləyən və onun özəlləşdirmədə həyata keçirilməsini mümkün edən qiymətli kağızdır.

Bu iki anlayışın bir-birinə qarışdırılması hüquqi nəticəni dəyişdirə bilər.

Çekin əvəzsiz təqdim edilməsi payın mahiyyətini dəyişdirmir.

Dövlət vətəndaşdan özəlləşdirmə çekinin verilməsi müqabilində onun nominal və ya əmlak ekvivalentini tələb etmirdi. Lakin bu, dövlət əmlakından verilmiş payın dəyərinin çekin fiziki hazırlanması və ya çap edilməsinin maya dəyərinə bərabər olması demək deyildir.

Çekin fiziki blankı yalnız hüququn sənədli daşıyıcısıdır. Onun iqtisadi və hüquqi əhəmiyyəti kağızın öz maddi dəyərindən deyil, təmsil etdiyi və qanunvericiliklə müəyyən edilmiş hüquqlardan irəli gəlirdi.

Bunu Dövlət Proqramının özünün müəyyən etdiyi qayda da təsdiqləyir: özəlləşdirmə payına daxil olan hər çekin nominal dəyəri inflyasiyanın təsirindən qorunan maddi ekvivalent kimi müəyyən edilmiş və özəlləşdiriləcək Azərbaycan Respublikası dövlət əmlakının 1/32.000.000 hissəsinə bağlanmışdır.

450 nömrəli Fərman bu hüquqi əlaqəni birbaşa təsdiqləmişdir.

25 mart 1996-cı il tarixli 450 nömrəli Prezident Fərmanı dövlət özəlləşdirmə paylarını (çeklərini) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz verilməsini təmin edən qiymətli kağız kimi müəyyən etmişdir.

Bu ifadənin hüquqi əhəmiyyəti böyükdür. Fərman demir ki, dövlət vətəndaşa sadəcə dəyərsiz kağız blankını əvəzsiz verir. Əksinə, qiymətli kağızın funksiyasını konkret olaraq dövlət mülkiyyətinin bir hissəsinin vətəndaşa əvəzsiz verilməsini təmin etmək kimi müəyyən edir.

Buna görə də qiymətli kağızla onun təmin etdiyi əmlak hüququnu eyniləşdirmək olmaz.

Hüquqi nəticə

Beləliklə, hüquqi ardıcıllıq aşağıdakı kimidir:

QANUN → dövlət mülkiyyətindən vətəndaşa əvəzsiz verilən PAY → həmin payın qiymətli kağız formasında rəsmiləşdirilməsi → 4 ÇEK → çek vasitəsilə dövlət əmlakının və səhmlərin əldə edilməsi.

Bu səbəbdən çekin fiziki blankının hüquqi taleyi ilə onun təmsil etdiyi qanunla yaradılmış əmlak xarakterli hüququn hüquqi taleyi avtomatik olaraq eyniləşdirilə bilməz. Əgər dövlət sonradan çekin müəyyən funksiyasını, istifadəsini və ya tədavülünü məhdudlaşdırmışdırsa, ayrıca cavablandırılmalı olan əsas hüquqi sual budur:

Qanunla vətəndaşa əvəzsiz verilmiş dövlət əmlakından paya dair əsas hüquq hansı qanun norması ilə, hansı hüquqi prosedurla və hansı kompensasiya və ya başqa hüquqi nəticə ilə xitam olunmuşdur?

Cənab Prezident!

Məhz buna görə qarşıda duran əsas məsələ “çekin müddəti nə vaxt bitdi?” sualı ilə məhdudlaşmır.

Əsas konstitusion-hüquqi sual budur: vətəndaşın həmin çeklə təmsil olunan və qanunla tanınmış əmlak payının hüquqi taleyi nə oldu?

Əgər bu hüquq qanunla ləğv edilmişdirsə — həmin qanun, onun konkret norması, qəbul edilmə tarixi və yaratdığı hüquqi nəticə göstərilməlidir.

Əgər həmin hüquq qanunla ləğv edilməyibsə — qanunla tanınmış əmlak hüququnun hansı hüquqi əsasla faktiki olaraq istifadəedilməz vəziyyətə salındığı izah edilməlidir.

Əgər həmin hüququn əvvəlki formada həyata keçirilməsi artıq obyektiv olaraq mümkün hesab edilirsə — onda onun təmsil etdiyi əmlak marağının bərpası, alternativ şəkildə həyata keçirilməsi və ya ədalətli ekvivalentinin təmin edilməsi məsələsinə hüquqi qiymət verilməlidir.

Tarixi sosial-iqtisadi ədalət prinsipi vətəndaşa pay verilməsi ilə başlayıb, həmin payın hüquqi və iqtisadi məzmununun hüquqi əsas göstərilmədən yox olması ilə başa çata bilməz.

Məhz buna görə dövlət özəlləşdirmə payları məsələsi sadəcə keçmiş özəlləşdirmə siyasətinin mübahisəli epizodu deyil. Bu, dövlətin öz qanunlarına sədaqəti, qanunvericinin müəyyən etdiyi hüquqların real hüquqi qüvvəsi, mülkiyyət hüququnun müdafiəsi, tarixi sosial-iqtisadi ədalət və dövlət-vətəndaş etimadı məsələsidir.

Möhtərəm Prezident!

Bu səbəbdən Sizdən xahiş etdiyimiz məsələ keçmişə siyasi qiymət verilməsi deyil. Biz inanırıq ki, bu məsələdə Sizin Ulu Öndər Heydər Əliyevin siyasətini pozmaq fikriniz olmayıb.

Əsas səbəb Ulu Öndər rəhmətə gedəndən 6 ay sonra, 2004-cü ildə 75 nömrəli fərmanı hazırlayan məmurların məsuliyyətsizliyidir. Əsas məqsəd qanunla vətəndaşa verilmiş əmlak hüququnun bu gün hansı hüquqi əsasla həyata keçirilə bilmədiyinin konstitusion qaydada aydınlaşdırılması və qanunla fərman arasında qaldırdığımız normativ ziddiyyətə səlahiyyətli konstitusion orqan tərəfindən mahiyyəti üzrə hüquqi qiymət verilməsidir.

KONSTİTUSİON ZİDDİYYƏT

Qanun çekləri ödəmə vasitəsi kimi tanıyır;

Özəlləşdirmə davam edir;

Qanun yalnız ödəmə vasitəsi kimi istifadə edilmiş çeklərin tədavüldən və dövriyyədən çıxarılmasını nəzərdə tutur;

İstifadə olunmamış çeklərin dövriyyədən çıxarılması barədə qanunda norma yoxdur;

Fərman qanunun müəyyən etdiyi hüququ ləğv edə bilməz.

Ən əsası — Konstitusiyanın 94-cü maddəsi və Mülki Məcəllənin 153.3-cü maddəsi ilə qoyulmuş qaydaya əsasən mülkiyyət hüququnun əldə olunması, məhdudlaşdırılması və xitamı yalnız qanunla müəyyən edilə bilər.

ƏSAS ARQUMENTLƏR

Özəlləşdirmə çeki qanunla dövlət qiymətli kağızıdır. Özəlləşdirmə çeki qanunla xüsusi ödəmə vasitəsidir. Ödəmə vasitəsi funksiyası çekin əsas iqtisadi və hüquqi funksiyasıdır. Çekin tədavülünün məhdudlaşdırılması onun ödəmə vasitəsi kimi hüququnu avtomatik ləğv etmir. Qanun qüvvədə qaldığı halda bu hüququn aşağı hüquqi qüvvəli aktla faktiki aradan qaldırılması normativ ziddiyyət yaradır. Bu müdaxilə mülkiyyət hüququ və legitim gözlənti məsələsini doğurur. Qanun dəyişdirilmədən hüququn həyata keçirilməsinin mümkünsüz edilməsi hüquqi müəyyənlik prinsipinə təsir göstərir. İstifadə olunmamış çeklərin hüquqi qüvvəsinin itirilməsi barədə qanun yoxdur. Nəticə: qanunla tanınmış əmlak hüququ faktiki olaraq fərmanla istifadə edilə bilməz vəziyyətə salınmışdır. Effective Judicial Protection (effektiv məhkəmə müdafiəsi) – daxili məhkəmələrin və Konstitusiya Məhkəməsinin iddia edilən normativ ziddiyyəti mahiyyəti üzrə həll etməmişdir.

Bu arqumentlər Qanuna, Konstitusiyaya və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüquqi təcrübəsinə əsaslanır (bu presedentlər bizim işə də tətbiq edilə bilər).

Stretch v. the United Kingdom — Bu işdə də dövlət əvvəl qanunvericilik və rəsmi hüquqi aktlar vasitəsilə vətəndaşlarda konkret əmlak hüququ və qanuni gözlənti yaratmışdır. Sonradan həmin hüququ qanun dəyişdirilmədən faktiki həyata keçirməyə imkan verilməməsi Stretch işində olduğu kimi dövlətin öz yaratdığı hüquqi vəziyyətə zidd davranması məsələsini ortaya çıxarır və mülkiyyət hüququnun müdaxilə obyekti kimi qiymətləndirilməsini tələb edir. Pine Valley Developments Ltd and Others v. Ireland – Azərbaycan Respublikasının qanunları və qanunla təsdiq edilmiş Dövlət Proqramı vətəndaşlarda özəlləşdirmə paylarının dövlət əmlakının əldə edilməsində istifadə olunacağına dair legitim gözlənti yaratmışdır. Bu hüquqi gözlənti qanunla ləğv edilmədiyi halda onun faktiki həyata keçirilməsinin mümkünsüz edilməsi Pine Valley qərarında ifadə olunmuş prinsiplərlə uyğun hüquqi qiymətləndirmə tələb edir. Pressos Compania Naviera S.A. and Others v. Belgium – Bu işdə olduğu kimi, bizim halda da vətəndaşlarda artıq mövcud olan əmlak xarakterli hüququn sonradan qəbul edilmiş hüquqi və inzibati tədbirlərlə faktiki dəyərsizləşdirilməsi məsələsi yaranmışdır. Əgər dövlət qanunla tanınmış hüququ qanunu dəyişdirmədən həyata keçirilməz vəziyyətə salırsa, bu, mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilə bilər. Kechko v. Ukraine — Özəlləşdirmə paylarının ödəmə vasitəsi olması barədə qanun norması bu gün də qüvvədədir. Buna baxmayaraq həmin hüququn faktiki həyata keçirilməsinin mümkünsüz edilməsi Kechko işində göstərilən prinsipə uyğun olaraq, qanun qüvvədə qaldığı müddətdə dövlətin həmin hüququ təmin etmək öhdəliyinin davam etdiyini göstərir. Chiragov and Others v. Armenia - Özəlləşdirmə paylarının hüquqi qüvvəsinin qanunla ləğv edilməsi və ya istifadə olunmamış çeklərin qanunla dövriyyədən çıxarılması barədə norma mövcud deyildir. Buna görə də uzun illər ərzində vətəndaşların həmin hüquqdan istifadə edə bilməməsi Chiragov qərarında ifadə olunmuş prinsiplər baxımından davam edən müdaxilə və hüquqi qeyri-müəyyənlik kimi qiymətləndirilə bilər.

Bildirmək istəyirik ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri sadəcə sadalanmır, "legitimate expectation", "rule of law", "legal certainty" kimi prinsiplərlə əlaqələndirilir.

"Legitimate expectation" (hüquqi və ya qanuni gözlənti) — dövlət orqanlarının və ya rəsmi qurumların əvvəlki hərəkətlərinə, bəyanatlarına və ya verilən vədlərə əsaslanan, şəxsin qanuni olaraq haqq qazandığı və qorunmalı olduğuna inandığı gözlənti deməkdir.

1993-cü il Qanunu və Qanunla qəbul olunmuş 1995-ci il Dövlət Proqramı - Qanunla investisiya fondlarının yaradılması öhdəliyi - Qanunla çeklərin dövlət əmlakı ilə təmin oçunması və Dövlət Qiymətli Kağızı kimi çeklərin üzərindəki yazılar - Çeklərin Qanunla ödəmə vasitəsi olması - Dövlətin uzun illər ərzində çekləri Qanunla tam ləğv etməməsi.

“Rule of law” ifadəsi Azərbaycan dilinə “qanunun aliliyi” və ya “hüququn üstünlüyü” kimi tərcümə olunur. Bu, hər kəsin, o cümlədən dövlət başçılarının və hökumət rəsmilərinin qanun qarşısında bərabər olduğu və qanundan üstün olmadığı idarəetmə prinsipidir

"Legal certainty" (hüquqi müəyyənlik) — qanunvericiliyin aydın, birmənalı və qabaqcadan təxmin edilə bilən olmasını tələb edən fundamental hüquq prinsipidir. O, vətəndaşların hüquqlarının dövlət özbaşınalığından qorunmasına və cəmiyyətdə hüquqi sabitliyə xidmət edir.

Davam edən hüquqi qeyri-müəyyənlik və təsirləri bu günədək davam edən müdaxilə

 -çeklər qanunla ləğv edilməyib;

- dövriyyədən çıxarılma proseduru olmayıb;

- kompensasiya verilməyib;

- buna baxmayaraq Fərmanla istifadəsi dayandırılıb.

Minlərlə vətəndaş bu hüquqi təminata, dövlətin verdiyi qanuni vədlərə inanaraq həmin çekləri satmamış, özəlləşdirmə prosesində iştirak etmək üçün saxlamışdır. Bu səbəbdən hesab edirik ki, məsələnin yalnız formal inzibati cavablarla yekunlaşdırılması hüquqi dövlət prinsipinə uyğun hesab edilə bilməz. 

Cənab Prezident!

Belə normativ ziddiyyət və uzunmüddətli hüquqi qeyri-müəyyənlik qarşısında hansı tədbirləri görməlidir?

Diqqət edin: Əgər qanun qüvvədə qalıbsa – özəlləşdirmə çekləri qanunla ödəmə vasitəsidirsə və özəlləşdirmə davam edir - qarşıda Azərbaycan İnvestisiya Holdinqində olan – 1997-ci ildən özəlləşdirilməsi gecikdirilən SOCAR, “Azercell Telekom” və s. dövlət əmlaklarının böyük özəlləşdirmə başlayacaqsa, onda çeklərin ödəmə vasitəsi kimi istifadəsinin yalnız fərmanla dayandırılması Ulu Öndər Heydər Əliyevin və Dövlətin qanunla müəyyən edilmiş özəlləşdirmə siyasətinin dəyişdirilməsi və ya ona zidd tətbiqi kimi qiymətləndirilə bilər.

Göründüyü kimi, hətta 2000-ci ildə qəbul olunmuş “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun özəlləşdirmə payları (çekləri) üçün başqa qiymətli kağızlardan fərqli olaraq, dövriyyədə onların istifadəsini yalnız tədavül vasitəsi kimi deyil – eyni zamanda dövriyyədə olduğu müddətdə bütün özəlləşdirmə dövrü üçün iqtisadi alət kimi - ödəmə vasitəsi olduğunu birbaşa tənzimləmişdir. Çünki özəlləşdirmə çeklərinin əsas hüquqi funksiyası onların Qanunla ödəmə vasitəsi olmasıdır! Əgər qiymətli kağız kimi bu hüquq və funksiya olmasa idi çeklərin Tədavül funksiyası da olmaz!

Özəlləşdirmə çeklərinin üzərində “Bu özəlləşdirmə çeki Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin olunur” ifadəsi yazılmışdır və onların üzərində istifadə müddəti göstərilməmişdir. Bu, vətəndaşlarda yaranmış qanuni gözləntinin əsaslarından biridir.

Biz xüsusilə vurğulamaq istəyirik ki, məsələ təkcə maddi maraq məsələsi deyildir. Burada söhbət:

— dövlət tərəfindən vətəndaşlara verilmiş hüququn hüquqi taleyindən;

— qanunun aliliyinə olan inamdan;

— dövlət-vətəndaş münasibətlərində hüquqi müəyyənlik prinsipindən;

— minlərlə insanın legitim gözləntilərindən gedir. 

Qanunla çeklər dövriyyədən çıxarılmayıb. Vətəndaşlara qanunla özəlləşdirmə paylarının verilməsi, onların legitim gözləntinin hüquqi əsaslarını gücləndirir. Bu legitim gözlənti qeyri-müəyyən müddətə cavabsız saxlanmamalıdır.

Dövlət hüququ ya həyata keçirməli, ya qanunla və aydın əsaslandırma ilə hüquqi taleyini müəyyən etməli, ya da ədalətli kompensasiya və alternativ əmlak mexanizmi yaratmalıdır.

MÖVCUD HÜQUQİ VƏZİYYƏT

Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində:

qanunla verilmiş özəlləşdirmə paylarından (çek) ödəmə aləti kimi istifadəsi faktiki olaraq dayandırılmış, qanunun qüvvədə olmasına baxmayaraq onun tətbiqi təmin edilməmiş, özəlləşdirməyə nəzarət edən icra orqanları və məhkəmələr qanunun tətbiqi əvəzinə fərmanın tətbiqinə üstünlük vermişdir.

Biz hesab edirik ki, bu vəziyyət:

— Konstitusiyanın 13-cü maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə;

— 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun dövlət tərəfindən qorunması prinsipinə;

— 60-cı maddəsində nəzərdə tutulmuş hüquqi müdafiə hüququna;

— 71-ci maddəsində müəyyən olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi vəzifəsinə;

— 149-cu maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına uyğunluq baxımından ciddi hüquqi qiymətləndirmə tələb edir.

Konstitusiyanın 147 və 149-cu maddələrinə görə Konstitusiya və qanunlar normativ hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malikdir və digər normativ aktlar onlara zidd ola bilməz.

Lakin 75 nömrəli fərmanın tətbiqi nəticəsində özəlləşdirmə çeklərinin hüquqi statusu və istifadəsi ilə bağlı Konstitusiya və qüvvədə olan qanunvericilik baxımından hüquqi qeyri-müəyyənlik yaranmışdır. Bu yanaşmanın qüvvədə olan qanunvericiliyin məqsəd və mahiyyəti ilə uyğunluğu ciddi hüquqi qiymətləndirmə tələb edir.

Bu vəziyyətin Konstitusiyanın mülkiyyət hüququ, hüquqi müəyyənlik və qanunun aliliyi prinsipləri baxımından ciddi hüquqi mübahisə doğurduğunu hesab edirik. Bəzi normativ aktlarda özəlləşdirmə çeklərinin tədavül müddətinə müəyyən məhdudiyyətlər qoyulmuşdur.

Özəlləşdirmə çeklərinin alqı-satqısına aid tədavül mexanizmi müəyyən müddətlə məhdudlaşdırıla bilər. Onların tədavül müddəti yalnız bazar əməliyyatlarının müddətini müəyyən etmişdir. Lakin tədavül müddətinin məhdudlaşdırılması həmin çeklərin hüquqi mahiyyətini və onların yaratdığı mülkiyyət xarakterli hüquqları aradan qaldırmır - çeklərin təmsil etdiyi mülkiyyət hüququnun avtomatik olaraq ləğv edilməsi anlamına gəlmir.

Mülkiyyət hüququ həm Azərbaycan Respublikası Konstitusiyası, həm də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunur və dövlətin yaratdığı qanuni gözləntilər əsassız olaraq aradan qaldırıla bilməz. Qanuni gözləntiyə müdaxilə qanuni əsas, legitim məqsəd və mütənasiblik tələblərinə cavab verməlidir.

Qanunla çekin bazar tədavülündə alqı-satqı predmeti olması ilə onun Qanunla müəyyən edilmiş xüsusi ödəmə funksiyası eyni hüquqi anlayış deyildir. Bu səbəbdən çek sahiblərinin onları ödəmə vasitəsi kimi istifadə etmək hüququ qorunmalıdır.

Bu, o deməkdir ki:

çeklər dövlət müəssisələrinin əldə edilməsi üçün təqdim edilə bilirdi; çek sahibi dövlət əmlakının əldə edilməsində iştirak etmək hüququna malik idi.

Bu hüquq bazar tədavülündən müstəqildir.

Diqqət edin – eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində formalaşmış “qanuni gözlənti” anlayışı (legitimate expectation); dövlətin yaratdığı əmlak xarakterli hüquqların müdafiəsi; dövlətin yaratdığı hüququ sonradan əsassız məhdudlaşdıra bilməməsi Beynəlxalq Hüququn prinsipləri AR Konstitusiyası tərəfindən tanınır.

AR Prezidentinin 10 avqust 2000-ci il 383 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin Dövlət Proqramı” ilə özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatması yalnız aşağıdakı nəticələri doğurur:

yeni investorların çek əldə etməsi mümkün olmur; bazarda alqı-satqı əməliyyatları dayandırılır.

Lakin bu, qiymətli kağızın hüquqi mövcudluğunun və onun təmsil etdiyi hüquqların ləğvi demək deyil. Əgər qanunla həmin aktivlərin dövriyyədən çıxarılması və ya hüquqi qüvvəsinin ləğv edilməsi barədə açıq norma mövcud deyilsə, bu hüquq hüquqi baxımdan mövcudluğunu davam etdirir.

Tədavül və ödəmə funksiyaları müxtəlif hüquqi kateqoriyalardır. Tədavül müddətinin başa çatması yalnız çeklərin sərbəst alqı-satqısına aid ola bilər. Bu isə onların özəlləşdirmə prosesində hüquqi aktiv kimi mövcudluğunu avtomatik olaraq aradan qaldırmır.

Lakin əgər çeklərin ödəmə vasitəsi kimi istifadəsi məhdudlaşdırılarsa və ya faktiki olaraq aradan qaldırılarsa, bu halda vətəndaşların həmin çeklər vasitəsilə dövlət əmlakında iştirak hüququ da məhdudlaşdırılmış olur. Bu isə mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bu vəziyyət hüquqi dövlət prinsipinin həyata keçirilməsi baxımından hüquqi qiymətləndirilməyə ehtiyac yaradır.

ÖZƏLLƏŞDİRMƏ PAYLARI (ÇEKLƏRİ) MƏSƏLƏSİNİN ƏDALƏTLİ HƏLLİNİN AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİYYATINA, DÖVLƏTÇİLİYİNƏ VƏ XALQIN RİFAHINA VERƏCƏYİ STRATEJİ FAYDALAR

Hörmətli cənab Prezident!

Özəlləşdirmə payları (çekləri) məsələsi təkcə keçmişdən qalmış hüquqi mübahisə deyil. Bu məsələ Azərbaycan dövlətinin qanunlarına sədaqətinin, Konstitusiyanın aliliyinin, tarixi ədalətin və xalqla dövlət arasında etimadın mühüm sınağıdır.

İqtisadçı alimlərin elmi araşdırmalarından məlum olur ki, əgər dövlət özəlləşdirmə paylarının qanunvericiliklə müəyyən edilmiş hüquqi statusunu və onların real maddi dəyərini bərpa edərsə, bunun nəticələri yalnız həmin payların sahibləri üçün deyil, bütövlükdə Azərbaycan Respublikasının iqtisadiyyatı və dövlətçiliyi üçün mühüm və uzunmüddətli müsbət təsirlər yarada bilər.

Azərbaycan Respublikasının İqtisadiyyatına Strateji Faydaları

Maliyyə bazarlarının canlanması və iqtisadiyyatın diversifikasiyası baxımından bu addım mühüm katalizator rolunu oynaya bilər:

Qiymətli Kağızlar Bazarının (Fond Birjasının) Canlanması: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün güclü kapital bazarına ehtiyac var. Milyonlarla çekin səhmlərə çevrilməsi və ya birbaşa birja vasitəsilə ticarətə cəlb olunması, Bakı Fond Birjasında aktivliyi və likvidliyi kəskin şəkildə artıra bilər. Bu, ölkədə "ölü" vəziyyətdə olan qiymətli kağızlar bazarını canlandırar.

İnvestisiya Aktivliyinin və Daxili Kapitalın Səfərbər Edilməsi: Əhalinin əlindəki çeklərin aktiv iqtisadi dövriyyəyə daxil edilməsi daxili investisiyalar üçün yeni bir maliyyə mənbəyi yaradır. Vətəndaşlar sadəcə passiv müşahidəçi deyil, yerli sənaye və xidmət müəssisələrinə investisiya qoyan aktiv investorlara çevrilirlər.

Özəlləşdirmə Prosesinə İnkişaf Təkanı: Hazırda dövlət əmlakının özəlləşdirilməsi prosesi çox vaxt dar bir investor qrupu ilə məhdudlaşır. Çeklərin dövriyyəyə qayıtması iri dövlət şirkətlərinin (məsələn, rabitə, nəqliyyat və kommunal sektorlar) xalqa açıq şəkildə özəlləşdirilməsinə (Xalq IPO-su) imkan verər və şəffaflığı təmin edər.

İqtisadi Şəffaflıq və Kölgə İqtisadiyyatının Azaldılması: Çeklərin rəsmi depozitarlar və birja vasitəsilə dövriyyəsi mülkiyyət münasibətlərinin rəsmiləşməsini tezləşdirir, bu isə iqtisadiyyatda şəffaflığın artmasına və korporativ idarəetmə standartlarının formalaşmasına kömək edir.

Azərbaycan Dövlətçiliyinə və Hüquq Sisteminə Strateji Faydaları

Məsələnin hüquqi və siyasi müstəvidə ədalətli həlli dövlət-vətəndaş münasibətlərində yeni bir mərhələ aça bilər:

Mülkiyyət Hüququnun Toxunulmazlığı və Hüquqi Dövlət Prinsipləri: Azərbaycan Respublikasının Konstitusiyasında mülkiyyət hüququ fundamental hüquq tərəfindən qorunur. Dövlət tərəfindən vaxtilə qanunla verilmiş payların hüquqi statusunun vətəndaşların xeyrinə tanınması, ölkədə mülkiyyət toxunulmazlığına olan inamı maksimum dərəcədə artırar. Bu, beynəlxalq reytinqlərdə Azərbaycanın "Hüquqi Dövlət" indeksini yüksəldər.

Dövlət-Vətəndaş Güvəninin və Sosial Müqavilənin Güclənməsi: Bu tarixi məsələnin kompromis və ədalətlə həll edilməsi, xalqın dövlət təsisatlarına və qəbul edilən qərarlara olan etimadını strateji səviyyədə möhkəmləndirir. Vətəndaş özünü dövlətin yaratdığı milli sərvətin real şəriki və sahibi kimi hiss edir.

Xarici İnvestorlar Üçün Müsbət Siqnal: Beynəlxalq investorlar investisiya qoyacaqları ölkədə daxili mülkiyyət mübahisələrinin necə həll olunduğuna xüsusi diqqət yetirirlər. Çek sahiblərinin hüquqlarının ədalətli qorunması xarici kapitala ölkədəki mülkiyyət hüquqlarının etibarlılığı barədə çox güclü və müsbət bir mesaj ötürər.

Xalqın Rifahına və Sosial Ədalətə Strateji Faydaları

Sosial-iqtisadi baxımdan bu addım birbaşa vətəndaşın büdcəsinə və sosial təhlükəsizliyinə təsir edir:

Tarixi Sosial Ədalətin Bərpası: Özəlləşdirmə çekləri vaxtilə sovet dövründə və müstəqilliyin ilk illərində milli sərvətin yaradılmasında əməyi olmuş hər bir vətəndaşın payıdır. Bu payların dəyərləndirilməsi keçmiş əməyin və sosial ədalətin rəsmən tanınması deməkdir.

Əhalinin Maddi Rifahının Yüksəlməsi və İnflyasiya Qarşısında Müdafiə: Çeklərin müqabilində vətəndaşlara dividend gətirən səhmlərin verilməsi və ya kompensasiya ödənilməsi əhalinin (xüsusilə də orta və az təminatlı təbəqənin, təqaüdçülərin) gəlirlərini artırar. Bu, ailə büdcələrinə əlavə maliyyə dəstəyi təmin edər.

Sosial Təbəqələşmənin Azaldılması və "Orta Sinfi"n Formalaşması: Kapitalın yalnız dar bir oliqarxik və ya korporativ qrupda cəmləşməsinin qarşısını alaraq, sərvətin cəmiyyət arasında daha bərabər və ədalətli paylanmasına şərait yaradır. Bu isə iqtisadiyyatın dayağı sayılan "orta təbəqə"nin (həm mülkiyyəti, həm də gəliri olan vətəndaş qrupunun) böyüməsinə birbaşa xidmət edir.

Milli Həmrəyliyin Güclənməsi: Vətəndaşların uzun illərdir gözlədiyi bu problemin müsbət həlli cəmiyyətdə ümumi bir psixoloji rahatlıq, nikbinlik və daxili sabitlik (milli həmrəylik) ab-havası yaradır.

Yekun

Özəlləşdirmə çekləri məsələsi sadəcə keçmişdən qalan hüquqi-texniki bir detal deyil, Azərbaycanın gələcək iqtisadi modelinin və sosial ədalət fəlsəfəsinin mühüm bir sınağıdır. Bu məsələnin vətəndaş məmnuniyyəti və dövlət maraqları çərçivəsində ədalətli həlli ölkə iqtisadiyyatına milyardlarla manatlıq daxili kapital axını yarada, dövlət-vətəndaş birliyini sarsılmaz edə və xalqın rifah halını keyfiyyətcə yeni mərhələyə daşıya bilər.

NƏTİCƏLƏR:

Tarixi ədalət və dövlətin verdiyi vədin yerinə yetirilməsi

Azərbaycan Respublikasının qanunları ilə hər bir vətəndaşa dövlət əmlakında pay verilmiş və bu pay özəlləşdirmə çekləri vasitəsilə rəsmiləşdirilmişdir.

Bu hüququn bərpası dövlətin öz xalqına verdiyi vədin yerinə yetirilməsi, tarixi ədalətin təmin olunması və dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsi deməkdir.

Dövlətin ən böyük gücü yalnız iqtisadi göstəricilərində deyil, həm də öz qanunlarına və verdiyi öhdəliklərə sadiqliyindədir.

Konstitusiyanın və qanunun aliliyinin real təmin olunması

Özəlləşdirmə paylarının hüquqlarının bərpası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququnun, hüquqi dövlət prinsipinin və qanunun aliliyinin real həyata keçirilməsi olacaqdır.

Bu qərar göstərər ki, Azərbaycan Respublikasında qanunla verilmiş hüquq zaman keçdiyinə görə itmir və heç bir inzibati praktika ilə aradan qaldırıla bilməz.

Bu, təkcə özəlləşdirmə payları üçün deyil, bütün mülkiyyət hüquqları üçün mühüm presedent olacaqdır.

Əhalinin alıcılıq qabiliyyətinin və daxili bazarın güclənməsi

Özəlləşdirmə paylarının real dəyərinin tanınması minlərlə ailənin iqtisadi vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.

Əgər vətəndaşlar öz paylarını satmaq və ya istifadə etmək imkanı əldə etsələr, əldə olunan vəsait: mənzil şəraitinin yaxşılaşdırılmasına; məişət texnikasının alınmasına; təhsil və səhiyyə xərclərinə; kiçik və orta sahibkarlığa; kənd təsərrüfatına və digər sahələrə yönələcəkdir.

Bu isə ölkədə daxili tələbatı artıracaq, iqtisadi dövriyyəni genişləndirəcək və yeni iqtisadi aktivlik yaradacaqdır.

Dövlət büdcəsinin əlavə gəlirlər əldə etməsi

Vətəndaşların əldə etdiyi vəsaitin iqtisadi dövriyyəyə daxil olması nəticəsində:

əlavə dəyər vergisi; gəlir vergisi; mənfəət vergisi; sosial ödənişlər; müxtəlif dövlət rüsumları şəklində dövlət büdcəsinə əhəmiyyətli həcmdə vəsait daxil ola bilər.

Beləliklə, özəlləşdirmə paylarının ədalətli həlli dövlət üçün yalnız sosial məsələ deyil, həm də büdcə gəlirlərini artıran iqtisadi mexanizmə çevrilə bilər.

İnvestorların marağının artması və investisiya imkanlarının genişlənməsi

Əgər özəlləşdirmə payları yenidən iqtisadi dövriyyəyə qaytarılarsa, investorlar onları əldə etməyə maraq göstərəcəklər.

Bu isə:

özəlləşdirmə prosesinə əlavə investisiyaların cəlb olunmasına;

müəssisələrin modernləşdirilməsinə; yeni iş yerlərinin açılmasına;

istehsalın genişlənməsinə; regionların iqtisadi inkişafına mühüm təkan verə bilər.

Beləliklə, özəlləşdirmə payları iqtisadi inkişafın qarşısında maneə deyil, əksinə, onun mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər.

Dövlətə və hüquq sisteminə inamın güclənməsi

Xalq dövlətə ən çox o zaman inanır ki, dövlət öz qanunlarına özü hörmət edir.

Əgər onilliklər əvvəl qanunla verilmiş mülkiyyət hüququ bərpa olunarsa, bu, milyonlarla insan üçün belə bir mesaj olacaqdır: "Dövlət öz qanunlarına sadiqdir".

Bu isə cəmiyyətin hüquq sisteminə və dövlət institutlarına inamını əhəmiyyətli dərəcədə artıracaqdır.

Möhtərəm Prezident!

Özəlləşdirmə payları məsələsinin ədalətli və qanuni həlli:

tarixi ədaləti bərpa edəcək; Konstitusiyanın və qanunun aliliyini möhkəmləndirəcək; dövlət-vətəndaş etimadını gücləndirəcək; daxili bazarı canlandıracaq; investisiyaları artıracaq; dövlət büdcəsinə əlavə gəlirlər gətirəcək; iqtisadi inkişafı sürətləndirəcək.

Buna görə də özəlləşdirmə payları məsələsinin həlli yalnız keçmişin problemi deyil. Bu, Azərbaycan Respublikasının hüquqi dövlət kimi nüfuzunun, iqtisadi inkişafının və xalqın rifahının gələcəyi ilə bağlı strateji qərardır.

Ədalətli qərar təkcə bugünkü vətəndaşların deyil, gələcək nəsillərin də dövlətə inamını gücləndirəcək və Azərbaycan tarixində hüququn, ədalətin və dövlət məsuliyyətinin təntənəsi kimi qalacaqdır.

İQTİSADİ TƏHLÜKƏSİZLİK VƏ İNFLYASİYA RİSKİNİN AŞAĞI OLMASI

İqtisadiyyatın əsas qanunlarından biri ondan ibarətdir ki, iqtisadi aktivliyin artması üçün dövriyyədə olan maliyyə resursları və maliyyə alətlərinin həcmi kifayət qədər olmalıdır. Dövriyyəyə yeni maliyyə alətlərinin daxil olması istehlakı, investisiyanı və sahibkarlıq fəaliyyətini genişləndirərək iqtisadi artıma təkan verir.

Özəlləşdirmə paylarının (çeklərin) iqtisadi dövriyyəyə qaytarılması ölkə daxilində müxtəlif səbəblərdən istehsal və investisiyaya yönəlməyən passiv maliyyə vəsaitlərinin iqtisadiyyata cəlb olunmasına şərait yarada bilər. Çekləri əldə etmək istəyən investorlar öz vəsaitlərini aktiv şəkildə dövriyyəyə daxil edəcək, bu isə investisiya və iqtisadi fəallığı artıracaqdır.

Özəlləşdirmə paylarının real dəyərinin tanınması dövlət tərəfindən əlavə kağız pul emissiyası demək deyildir. Çünki özəlləşdirmə payları artıq mövcud olan və qanunvericiliklə tanınmış qiymətli kağızlardır. Onların iqtisadi dövriyyəyə qaytarılması əsasən mövcud dövlət aktivlərinin və mövcud maliyyə resurslarının yenidən bölgüsünü təmin edir. Buna görə də bu mexanizm birbaşa pul emissiyası ilə müqayisədə inflyasiya baxımından xeyli aşağı risk daşıyır.

Beləliklə — Özəlləşdirmə paylarının iqtisadi dövriyyəyə qaytarılması yeni pul çap etmək deyil, uzun illər passiv vəziyyətdə qalmış qanuni iqtisadi aktivləri yenidən işlək vəziyyətə gətirməkdir. Bu zaman dövlət əlavə pul emissiyası etmir, əksinə, mövcud aktivlərin və özəl kapitalın iqtisadiyyata cəlb olunmasına şərait yaradır. Nəticədə investisiya, istehlak və iqtisadi fəallıq artır, inflyasiya riski isə ənənəvi pul emissiyası ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olur.

DÖVLƏTÇİLİK VƏ PREZİDENT İNSTİTUTUNUN NÜFUZU BAXIMINDAN

Bu məsələnin hüquqi qiymət almaması:

Azərbaycan Respublikasının hüquqi dövlət prinsiplərinin tətbiqi ilə bağlı yanlış təsəvvür yarada bilər; Prezident fərmanlarının gələcəkdə qanunvericiliklə münasibətinin yanlış interpretasiya edilməsinə səbəb ola bilər; beynəlxalq səviyyədə hüquqi mübahisələrin predmetinə çevrilə bilər.

Bu məsələnin məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən Konstitusiyanın aliliyinin təmin edilməsi istiqamətində təşəbbüs göstərilməklə hüquqi müstəvidə həll olunması dövlətimizin nüfuzunun qorunmasına xidmət edər.

XÜSUSİ MƏLUMAT: Hesab edirik ki, özəlləşdirmə çekləri ilə bağlı sonrakı hüquqi və inzibati yanaşmalar nəticəsində qanunun mahiyyəti tam şəkildə təmin olunmamış, nəticədə normativ aktlar arasında hüquqi qeyri-müəyyənlik yaranmışdır. Güman edirik ki, məsələnin Konstitusiya və qanunvericilik baxımından bütün nəticələri DÖVLƏT RƏHBƏRLİYİNƏ OBYEKTİV və dolğun şəkildə təqdim edilsəydi, bu qədər uzunmüddətli hüquqi mübahisə formalaşmazdı.

Cənab Prezident!

1-ci — Sizə bildirmək istəyirik ki, bir qrup müharibə və əmək veteranının özəlləşdirmə payları (çekləri) barədə məhkəmələrdə qaldırdığı şikayət təmin edilməmişdir. Konstitusiya Məhkəməsi Palatasının 9 iyun 2026-cı il tarixli qərardadı ilə şikayət icraata qəbul edilmədiyindən, qanunla fərman arasında qaldırılmış normativ ziddiyyətə mahiyyəti üzrə hüquqi qiymət verilməmişdir. Nəticədə qanunla verilmiş əmlak hüququnun fərmanla məhdudlaşdırılıb-məhdudlaşdırıla bilməməsi barədə qaldırdığımız əsas konstitusion sual cavabsız qalmış və hüquqi qeyri-müəyyənlik aradan qalxmamışdır.

Bu səbəbdən dövlət başçısı və Konstitusiya ilə müəyyən edilmiş təminat funksiyalarının daşıyıcısı kimi, Konstitusiyanın 8-ci və 130-cu maddələrində nəzərdə tutulmuş status və səlahiyyətlər çərçivəsində Konstitusiya Məhkəməsində tam araşdırılmasına təşəbbüs göstərməyiniz vacibdir.

Hesab edirik ki, söhbət təkcə özəlləşdirmə çeklərindən deyil, Azərbaycan Respublikasında qanunun aliliyi, normativ aktların iyerarxiyası və vətəndaşların qanunla tanınmış əmlak hüquqlarının müdafiəsi məsələsindən gedir.

2-ci — Hətta 2010–2017-ci illərdə qiymətli kağızların dövriyyədən çıxarılmasına qanunvericiliklə cavabdeh dövlət orqanlarının rəsmi dövlət sənədləri ilə Özəlləşdirmə Çeklərinin dövriyyədən çıxarılmadığı təsdiq olunmasına baxmayaraq, məhkəmə qərarlarında çeklərin 1 yanvar 2011-ci ildən dövriyyədən çıxarıldığı barədə mövqe irəli sürülsə də, bu nəticənin hansı konkret qanun norması və hansı rəsmi dövriyyədənçıxarma aktı ilə əsaslandırıldığı göstərilməmişdir.

Ən əsası:

Qanun özəlləşdirmə çeklərinə əmlak hüququ və ödəmə vasitəsi statusu verib. Həmin qanun bu statusun fərmanla ləğv edilə biləcəyinə dair səlahiyyət vermir. Sonradan fərman çeklərin ödəmə vasitəsi kimi istifadəsini məhdudlaşdırır və müəyyən tarixdən dayandırır. Məhkəmələr isə qanunu deyil, fərmanı əsas götürür.

Çox hörmətli Prezident!

Bildiyiniz kimi, hüquq ədalətə əsaslanır, hüquqları müəyyənləşdirən və qoruyan isə Konstitusiya və qanunlardır. Dövlət qanunla əvəzsiz olaraq dövlət özəlləşdirmə paylarını (çeklərini) verən zaman Qanunda hər bir vətəndaşın dövlət özəlləşdirmə paylarının (çeklərinin) dəyərinin eyni olduğu və inflyasiyadan qorunan maddi dəyərə malik olduğu açıq yazılıb.

Hətta YAP-çı deputatlar da daxil olmaqla, bu günə qədər 60-dan çox deputat mətbuatda özəlləşdirmə çekləri barədə xalqı dəstəkləyir. Bəziləri 30 il müddət keçdiyini nəzərə alaraq qanunvericiliyə uyğun şəkildə inflyasiyadan qorunan əmlak (maddi) ekvivalent dəyəri manatla müəyyənləşdirilərək ya qanuna uyğun şəkildə ödəmə vasitəsi kimi istifadə olunmasının və ya kompensasiya verilməsinin vacibliyini söyləyirlər. Məsələ uzun illərdir ictimai müzakirə olunsa da, onun normativ-hüquqi mahiyyətinə dair vahid, əsaslandırılmış və açıq dövlət mövqeyi formalaşdırılmamışdır.

Sizdən xahiş edirik: əvvəlki özəlləşdirmə prosesində baş verən pozuntuları nəzərə alınaraq — neqativ halların təkrarlanmaması üçün yeni Dövlət Komissiyası yaradılması və artıq 30 il keçdiyi üçün qanunla özəlləşdirmə çekinin hamı üçün (bərabərlik hüququ) eyni olan, inflyasiyadan qorunan əmlak (maddi) ekvivalenti dəyərində nominal qiymətinin hesablanaraq elan edilməsi üçün göstəriş verəsiniz.

Sizdən bir daha xahiş edirik ki, qaldırdığımız əsas hüquqi və konstitusion məsələlərin mahiyyəti üzrə araşdırılması və şikayətin cavablandırılması üçün müraciət İqtisadiyyat Nazirliyinə göndərilməsin.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 75 saylı Fərmanının 1.1-ci bəndində müəyyən edilmiş — “dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-dəkdir” — müddəanın Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71, 94, 109, 147 və 149-cu maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” 16 may 2000-ci il tarixli 878-IQ nömrəli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci və 10-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü və 1078-4.1-ci maddələrinə, habelə 26 noyabr 1999-cu il tarixli 761-IQ nömrəli “Normativ hüquqi aktlar haqqında” Qanunun 4, 5, 21 və 29.2-ci maddələrinə uyğunluğunun konstitusion qaydada yoxlanılması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş edirik. Həmin konstitusion qiymətləndirmə zamanı, xüsusilə, qüvvədə olan qanunun dövlət özəlləşdirmə paylarını (çeklərini) dövlət əmlakının özəlləşdirilməsində ödəmə vasitəsi kimi müəyyən etdiyi halda, bu hüquqi funksiyanın qanun dəyişdirilmədən aşağı hüquqi qüvvəli normativ aktla müddətlə məhdudlaşdırılmasının Konstitusiyaya və normativ hüquqi aktların iyerarxiyası prinsipinə uyğun olub-olmadığına mahiyyəti üzrə hüquqi qiymət verilməsini xahiş edirik. Vətəndaşların qanunla verilmiş mülkiyyət hüquqlarının təmin olunması məsələsinə — 30 illik inflyasiyanı nəzərə alaraq çeklərin nominal qiymətinin müəyyən edilməsi yolu ilə qanunauyğun özəlləşdirmədə ödəmə vasitəsi kimi istifadəsinin təmin edilməsi və ya Konstitusiyaya uyğun kompensasiya mexanizminin hazırlanmasının təmin edilməsini Sizdən xahiş edirik.

Biz bu müraciəti qarşıdurma yaratmaq məqsədilə deyil, hüquqi dövlət prinsiplərinə uyğun şəkildə qanunla verilmiş hüquqlarımızın hüquqi taleyinin aydınlaşdırılması üçün təqdim edirik.

Cənab Prezident!

Onminlərlə ailə Sizə və Atanız Ulu Öndər Heydər Əliyevin Xalqa Vədinə inanır. İnanırıq ki, Sizin tərəfinizdən Azərbaycan Respublikasında qanunun aliliyi və Konstitusiyanın üstünlüyü prinsipləri təmin olunacaq və qanunla tanınmış hüquqlarımız hüquqi müəyyənlik şəraitində qorunacaq.

İnanırıq ki, müraciətimiz Prezident Administrasiyasında qeydə alınacaq və Sizə çatdırılacaq. Səbirsizliklə cavab gözləyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью