Özgə atına minən tez düşər Bizə öz atımız gərəkdir

06.09.2026

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizə mütləq öz informasiya atımızı yetişdirmək gərəkdir - Çox gec olmadan…

Atalar “özgə atına minən tez düşər” deyəndə nə "YouTube" vardı, nə "Facebook", nə də sosial media alqoritmi; amma sözün canı bu gün də yaşayır. Özgənin atı ilə yol gedə bilərsən, hətta sürətli də gedə bilərsən. Hər bir halda bir həqiqət dəyişmir: at sənin deyilsə, bu, güvəncən yoxdur deməkdir. Yüyəni də, dayanacağı, yolun nə vaxt bitəcəyini də son anda başqası müəyyən edə bilən gedişatda biz nəyə, kimə və hansı əsasla əmin ola bilərik? – Sualın ritorik olduğunu bilirəm.

Bəli, biz hazırkı informasiya dünyasında bu durumdayıq. "Facebook"da səhifə bizimdir, "Facebook" bizim deyil; "YouTube"da kanal bizimdir, "YouTube" bizim deyil. "Instagram"da yüz min izləyici yığa bilərik, sabah onların neçəsinə çata biləcəyimizi yenə biz müəyyən etmirik. "Google"da görünürük, amma axtarış qaydasını biz yazmırıq...

Başqasının tarlasında toxum əkəndə məhsul sənin ola bilər, torpaq yenə sənin deyil ki, sənin deyil. İşə baxın ki bu, heç qu quşunun öz yumurtasını başqa quşun yuvasına qoyub, balasını kürt yatan o quşa çıxatdırmasına da bənzəmir…

İllərdir dövlət qurumları, şirkətlər, media qurumları və fərdi yaradıcılar adıkeçən platformlara pul, vaxt və məzmun yatırır. reklam veririk, kanal böyüdürük, izləyici toplayırıq. Azərbaycan bazarından böyük reklam və bilgi axını yaranır, amma qapının açarı Bakıda deyil də, deyil.

Buyurun, "Google"un öz hesabatları bunun nə qədər ciddi məsələ olduğunu göstərir. 2024-cü ilin üçüncü rübündə Azərbaycanla əlaqələndirilən 3.692 "YouTube" kanalı, dördüncü rübdə isə 10.317 kanal bağlanıb. Altı ayda 14.009 kanal!.. "Google" bu şəbəkələri “koordinasiyalı təsir əməliyyatları” ilə əlaqələndirir. Eyni hesabatlarda həmin məzmunun Azərbaycanı dəstəklədiyi, Ermənistanı və Azərbaycan hökumətini tənqid edən şəxsləri tənqid etdiyi də göstərilir.

"Google" “bu kanalları Azərbaycanı müdafiə etdiyinə görə bağladım” demir, əlbəttə, amma ortada daha vacib fakt var: 14 min kanal haqqında son texniki qərarı nə Azərbaycan məhkəməsi, nə də Azərbaycan tənzimləyicisi verib. Qərarı platform öz qaydaları əsasında, necə deyərlər, özbaşına yaxud birtərəfli çıxarıb.

İndi həmin kanallardan birini illərlə böyüdən azərbaycanlını düşünək. Kamera alıb, videolar hazırlayıb, auditoriya yığıb. Birdə baxıb, kanal bağlanır. Bakıdakı məhkəmə onun "YouTube" kanalını açdıra biləcəkmi? O itirdiyi gəlirə görə təzminat ala biləcəkmi?
Bax, əsas problem elə budur. İnsan illərlə işləyir, düşüncə, yaradıcılıq toxumları səpir amma qurduğu işin (biznesin) torpağı onun deyil.

Bu platformlarda yüzlərlə Azərbaycan vətəndaşı kontent hazırlayır. Saatlarla çəkiliş, montaj, ideya, mətn, dizayn və s... Əməyin böyük bölümü ucuz qiymətə görülür. Reklam qiymətini, görünürlüyü və hətta hesabın yaşayıb-yaşamayacağını isə yenə platform yiyələri müəyyən edir.

Reklam bazarının bir başqa dərdi də budur. Qlobal platform nəhəng miqyası, avtomatlaşdırılmış reklam sistemi sayəsində reklamı çox ucuz sata bilir. Yerli radio, televiziya, sayt isə həmin puldan jurnalisti, operatoru, studiyanı, serveri, vergini və hüquqi ünvanı saxlayır.
Sonra yerli mediaya deyirik: “Sən niyə "Facebook" qədər ucuz deyilsən?”.

Ucuz reklam biznes üçün faydalı ola bilər. Xarici platformlar satış və tanıtım üçün çox təsirlidir. Məsələ orada olmaqdan daha çox, bütün büdcəni oraya daşımaqdır. Reklam pulunun böyük bölümü yalnız xarici platformlara axanda yerli bazarın qiyməti də aşağı düşür. Yerli media daha az jurnalist saxlayır, bölgəyə daha az müxbir göndərir, daha ucuz məzmun istehsal edir və s. Sonra həmin öləzimiş mediadan yüksək keyfiyyət gözləyirik.

Vergi məsələsi də vacibdir. Azərbaycan illər öncə dışarıdan alınan elektron xidmətlərə ƏDV tətbiq etməyə başladı. Uzun müddət fiziki şəxsin dış rəqəmsal xidmətə ödədiyi ƏDV-ni platformun özü yox, əsasən Azərbaycan bank sistemi alıcının vəsaitindən tutub büdcəyə köçürürdü. Yəni xidmət dışarıdan gəlirdi, ödəniş dışarı gedirdi, verginin tutulma yükü isə ölkə içindəki mexanizmin üzərində qalırdı.

Budur, 1 sentyabr 2026-cı ildən yeni qayda qüvvəyə minib. Azərbaycandakı fiziki şəxslərə rəqəmsal xidmət göstərən qeyri-rezidentin illik dövriyyəsi 10 min ABŞ dollarını keçərsə, vergi uçotuna alınması tələb olunur. Reklamın yerləşdirilməsi, yayımı və idarə olunması da rəqəmsal xidmət sayılır. ƏDV 18 faizdir.

Bu dəyişiklik özü sual doğurur: bəs öncəki illər?
"Google", "Meta", "TikTok" və başqa platformlar Azərbaycan bazarından neçə ildir reklam gəliri götürür? Ölkədən nə qədər pul çıxıb? Nə qədəri vergi kimi qalıb? Verginin hansı bölümünü platform özü, hansı bölümünü Azərbaycan alıcısı ödəyib? Burada neçə daimi iş yeri, qərargah və texnoloji infrastruktur yaradıblar?

Bu suallar, qətiyyən, yabançı şirkətə düşmənçilik sayılmamalıdır. Bu, öz bazarının hesabını aparmaqdır.
Qanun məsələsində də eyni yanaşma lazımdır. Azərbaycanın reklam qanunvericiliyi reklamın dili, məzmunu, qadağan edilmiş məhsullar, uşaqlara yönəlmiş reklam, qumar və başqa sahələr üzrə qaydalar qoyur. Sosial şəbəkələrdə Azərbaycan qanunvericiliyinə zidd reklam halları rəsmi qurumlar tərəfindən aşkarlanıb, yerli şəxslər barəsində inzibati tədbirlər görülüb.

Amma fərq burada başlayır. Bakıda yaşayan reklamçıya, təsirçiyə, televiziya rəhbərinə dövlətin hüquq əli çatır. Dışarıda yerləşən, milyonlarla insana alqoritmlə reklam göstərən nəhəng platformada eyni qanunun icrasını təmin etmək qat-qat çətindir.

Problem “Azərbaycanın qanunu yoxdur” şəklində alqılanmamalıdır. Qanun var, problem həmin qanunun sınırdan qıraqda qurulmuş platform üzərində nə qədər təsirli işləyə bilməsidir.

Elə buna görə 2026-cı ildə qəbul olunan yeni hüquqi tələblərdə müəyyən sosial platformalar üçün Azərbaycanda filial və ya nümayəndəlik, Azərbaycan dilində müraciət imkanı və yerli hüquqi təmas mexanizmi nəzərdə tutulur. Bu ehtiyacın özü bazarla hüquqi məsuliyyət arasında boşluq olduğunu göstərir.

Gəlin indi ən sadə hesabı aparaq. Dövlət qurumu və ya böyük Azərbaycan şirkəti 100 min manat reklam büdcəsini xarici platformaya verir. Qarşılığında milyonlarla göstərim, toxunuş (klik), bəlkə satış alır. Kampaniya qurtarınca, göstərim də qurtardı.
Eyni 100 min manatın bir bölümü yerli televiziyaya, radioya, xəbər saytına, bölgə mediasına və yerli rəqəmsal infrastruktura yönəlsə, həmin pul ölkə içində bir neçə dəfə dönər. Jurnalist maaş alır, operator işləyir, vergi ödənir, studiya avadanlığı alınır, server saxlanılır, bölgədən xəbər hazırlanır, Azərbaycan dilində məzmun yaranır, arxiv qalır. Sabah böhran olanda dövlətin və toplumun istifadə edə biləcəyi bağlantı (kommunikasiya) infrastrukturu da həmin pulla yaşayır.

Yabançı platformaya reklam vermək çox vaxt xidmət almaqdır. Yerli media və öz rəqəmsal infrastrukturumuza pul qoymaq isə aktiv yaratmaqdır.

Biz "YouTube"dan çıxmamalıyıq. "Facebook"u bağlamaq da həll deyil. "Instagram"da olaq, "TikTok"da olaq, "Google"da görünək, əlbəttə. Qabaqcıl dünya haradadırsa, biz də orada olmalıyıq. Amma, ancaq və lakin öz evimizi başqasının torpağında tikməməliyik.

Günün sonunda bizə sadə suallar qalır: illərlə Azərbaycan bazarından qazanan platformaların burada yaratdığı dəyər nə qədərdir? Ödənən vergilər nə qədərdir? Yerli qərargah (ofis), iş yeri, texnologiya, hüquqi məsuliyyət nə qədərdir? Azərbaycan vətəndaşının kanalı bir qərarla bağlananda onun illərlə çəkdiyi zəhmətin təzminatı varmı? Auditoriyası əlindən çıxanda hansı yerli hüquqi mexanizm onu qoruyur?

Başqasının tarlasında toxum səpə, hətta məhsul da götürə bilərsən. Amma öz tarlanı əkməyi unutsan, bir gün darvazanın açarını dəyişəndə əlində yalnız “bu məhsul mənim idi” demək qalacaq.

Özgə atına minmək olar. Yol da getmək olar. Amma uzun səfərə çıxırsansa, öz atın olmalıdır.

Dış platformalardan qaçmasaq da, bizə mütləq öz informasiya atımızı yetişdirmək gərəkdir. Çox gec olmadan…

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью