Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Xarici hərbi münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaradır
Dövlət Təhlükəsizliyi Xidmətinin ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşmüş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb etməsi ilə bağlı tədbirlər reallıqdan irəli gəlir və Azərbaycanın xarici münaqişələr fonunda formalaşdırdığı qabaqlayıcı, prinsipial və Suriya təcrübəsindən çıxarılan dərslərə əsaslanan təhlükəsizlik strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
DTX-nin açıqlamasına əsasən, Rusiya–Ukrayna müharibəsində müxtəlif vaxtlarda iştirak etmiş Azərbaycan vətəndaşlarının bir qisminin həlak olduğu, yaralandığı, itkin düşdüyü və ya əsir saxlanıldığı müəyyən edilib. Aparılmış araşdırmalar nəticəsində Rusiya və Ukrayna silahlı birləşmələrinin tərkibində hərbi əməliyyatlarda iştirak etdikləri sübuta yetirilmiş 4 Azərbaycan vətəndaşı saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib. Rəsmi Bakı açıq şəkildə bəyan edir ki, bu kimi hallar cinayət məsuliyyəti yaradır və gələcəkdə də qanunauyğun şəkildə qarşısı alınacaq.
2011-ci ildən sonra Suriya müharibəsi qlobal miqyasda “xarici döyüşçülər” fenomenini ortaya çıxardı. Müxtəlif ölkələrdən minlərlə şəxs ideoloji, maddi və ya macəra motivləri ilə qeyri-qanuni silahlı birləşmələrə qoşuldu. Bir çox dövlətlər ilkin mərhələdə bu prosesə laqeyd yanaşdı, onu “xarici problem” kimi qiymətləndirdi və vətəndaşların müharibə zonalarına axınının qarşısını vaxtında almadı. Nəticə isə ağır oldu. Müharibə səngidikdən sonra həmin şəxslərin geri qayıdışı dövlətlər üçün yeni təhlükəsizlik mərhələsi yaratdı. Döyüş təcrübəsi qazanmış, silahla davranışa öyrəşmiş və bəzi hallarda radikallaşmış şəxslərin cəmiyyətə reinteqrasiyası mümkün olmadı. Avropada teraktlar, zorakılıq halları, gizli şəbəkələrin formalaşması və hüquq-mühafizə orqanlarının uzunmüddətli nəzarət yükü məhz gecikmiş reaksiyanın nəticəsi idi.
Azərbaycan bu gün də məsələyə milli təhlükəsizlik prizmasından yanaşır. Məlumdur ki, döyüş təcrübəsi qazanmış şəxslərin ölkəyə qayıdışı potensial radikallaşma, zorakılıq meyilləri və ya kriminal şəbəkələrə cəlb olunma ehtimalını artırır. Suriya təcrübəsi göstərdi ki, bu cür risklər qısa müddətli deyil, illərlə davam edə bilər. İkinci mühüm təhlükə kəşfiyyat və xarici təsir riskidir. Müharibə zonalarında olmuş şəxslər müxtəlif qurumlar, silahlı qruplaşmalar və xüsusi xidmət strukturları ilə təmasda olur ki, bu da sonradan informasiya sızması, şantaj və ya asılılıq mexanizmlərinin formalaşması ehtimalını yüksəldir. Üçüncüsü isə siyasi və diplomatik riskdir. Azərbaycan vətəndaşlarının başqa dövlətlərin müharibəsində iştirakı ölkənin rəsmi mövqeyi ilə ziddiyyət yarada, neytrallıq prinsipinə xələl gətirə və Bakı üçün istəmədiyi beynəlxalq siyasi assosiasiyalar formalaşdıra bilər.
Azərbaycan qanunvericiliyi ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etməyi cinayət əməli kimi müəyyən edir. Burada əsas məqsəd cəza mexanizmi deyil, preventiv təsirdir. Yəni vətəndaşın münaqişə zonasına getməzdən əvvəl riskləri və nəticələri dərk etməsi. DTX-nin açıqlamalarında diqqət çəkən məqam odur ki, saxlanılan şəxslər konkret sübutlar əsasında, tərəflərdən birinin silahlı birləşmələrinin nəzarəti altında döyüş əməliyyatlarında iştirak etdiklərinə görə məsuliyyətə cəlb olunublar. Bu isə prosesin selektiv deyil, hüquqi faktlara əsaslanaraq aparıldığını göstərir.
“Suriya dərsləri” əsasında qurulan Azərbaycan modeli faktiki olaraq elə “Suriya sindromunun” qarşısını almağa yönəlib və 3 əsas prinsipə söykənir. Birincisi, qabaqlayıcı hüquqi müdaxilədir: münaqişə başa çatdıqdan sonra deyil, xarici silahlı qarşıdurmalarda iştirak faktı sübuta yetirilən kimi hüquqi mexanizmlər dərhal işə salınır. İkincisi, sistemli təhlükəsizlik yanaşmasıdır; məsələ təkcə fərdi cinayət epizodu kimi deyil, uzunmüddətli və çoxşaxəli milli təhlükəsizlik riski kimi qiymətləndirilir. Üçüncüsü isə açıq ictimai mesaj prinsipidir: Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamaları cəmiyyətə birbaşa xəbərdarlıq xarakteri daşıyır və xarici müharibələrdə iştirakın romantik seçim deyil, ciddi hüquqi məsuliyyət və real təhlükə mənbəyi olduğunu açıq şəkildə ortaya qoyur. Bu model Suriya münaqişəsindən sonra bir çox dövlətlərin gecikmiş şəkildə tətbiq etməyə çalışdığı yanaşmanın Azərbaycanda əvvəlcədən qurulduğunu və preventiv xarakter daşıdığını nümayiş etdirir.
Zahid ORUC,
Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri
İraq və Suriyada İŞİD bayrağı altında xaotik müharibələr və terror qruplaşmalarının silahlı qarşıdurması başlayanda, təəssüf ki, müəyyən sayda Azərbaycan vətəndaşı da könüllü şəkildə bu proseslərə qoşulmaq qərarı vermişdi. Həmin şəxslərin əhəmiyyətli hissəsi bunu dini motivlərlə əsaslandırır, “cənnət vədi”, “müqəddəs cihad” kimi anlayışlarla manipulyasiya olunurdu. Əslində isə bu çağırışlar xarici kəşfiyyat və ideoloji mərkəzlərin sistemli şəkildə apardığı beyin yuma əməliyyatlarının tərkib hissəsi idi.
Həmin dövrdə Azərbaycan dövlətinin müvafiq qurumları məsələyə kəskin və prinsipial şəkildə müdaxilə etdi. O vaxt torpaqlarımız işğal altında idi və hər bir potensial döyüşçüyə Azərbaycan Ordusunun ehtiyacı var idi. Məhz bu reallıqlar fonunda yerli qanunvericiliyə ciddi dəyişikliklər edildi. Qeyri-qanuni silahlı birləşmələrin və terror təşkilatlarının tərkibində iştirak ağır cinayət kimi təsbit olundu, Cinayət Məcəlləsində sərt sanksiyalar müəyyənləşdirildi.
Bu gün Rusiya–Ukrayna müharibəsi fonunda oxşar cəhdlərin yenidən ortaya çıxdığını görürük. Müxtəlif istiqamətlərdən Azərbaycan vətəndaşlarını, soydaşlarımızı və xüsusilə döyüş təcrübəsi olan şəxsləri bu münaqişəyə cəlb etmək üçün sistemli fəaliyyət aparılır. Digər tərəfdən, keçmiş döyüşçülərin bu cür münaqişələrə cəlb olunması, onların həyatlarını itirməsi və nəticədə “sakit dəfn” mərasimləri ilə torpağa tapşırılması cəmiyyətdə haqlı suallar doğurur. Əsas sual budur: kimin naminə və hansı məqsədlə döyüşüb?
Biz görürük ki, muzdlu döyüşçü mexanizmləri müxtəlif formalarda işləyir. Xüsusilə “əmək miqrasiyası”, “təlim”, “müqaviləli iş” adı altında fəaliyyət göstərən qeyri-rəsmi strukturlar sosial media platformalarında fəaldırlar. Onlar insanları cəlb edir, döyüş bölgələrinə göndərirlər. Digər təhlükəli hal Rusiyada yaşayan, lakin vətəndaşlığı olmayan şəxslərlə bağlıdır. Bu insanlar bəzən ciddi təzyiqlər, məcburiyyətlər və şərtlər altında hərbi əməliyyatlara cəlb olunurlar. Təcrübə göstərir ki, vəd olunan böyük imtiyazlar, ödənişlər və təminatlar reallıqda yerinə yetirilmir.
Nəhayət, onu da açıq demək lazımdır ki, Azərbaycan vətəndaşlarının bu savaşda iştirak etməsi nə dövlətimizə, nə də xalqımıza fayda gətirir. Mahiyyət etibarilə bu münaqişə qardaşın qardaşa qarşı döyüşünə çevrilib və belə itkilər bizim üçün qəbuledilməzdir.
Əkrəm HƏSƏNOV,
hüquqşünas
Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu məsələ ilə bağlı iki əsas maddə mövcuddur. Birincisi, Cinayət Məcəlləsinin 283-1-ci maddəsidir. Bu maddə Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma ilə bağlıdır. Yəni dini məzhəbləri yaymaq, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrə qoşulma, və ya bu məqsədlə döyüş təlimləri keçirmə, bəzi məqsədyönlü fəaliyyətlərlə bağlı sabit qrup yaratma və ya belə qruplara rəhbərlik etmək 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə müəyyən edilib. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsin cəlb edilməsi ilə törədildikdə isə 15 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
Eyni zamanda, Cinayət Məcəlləsində 114-cü maddə – muzdluluq da mövcuddur. Azərbaycan qanunvericiliyinə əsasən, muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etmə səkkiz ildən on iki ilə qədər cəza ilə müəyyənləşdirilib. Lakin muzdlunun özünün hərbi münaqişədə və ya hərbi əməliyyatlarda birbaşa iştirakı halında isə həmin maddənin 3-cü bəndində əsasən 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Digər məsələ – silahlı münaqişədə iştirak faktının sübut edilməsi mexanizmləridir. Bu, əsasən iki mənbə vasitəsilə mümkündür: ya müvafiq xarici dövlət tərəfindən təqdim edilən rəsmi məlumatlar, ya da Azərbaycan Respublikasının xüsusi xidmət orqanlarının kəşfiyyat məlumatları əsasında. Üçüncü məsələ isə iştirak etmiş şəxslərin – həlak olmuş, itkin düşmüş və ya əsir götürülmüş şəxslərin cinayət məsuliyyəti ilə bağlıdır. Əgər şəxs həlak olubsa, ona qarşı cinayət məsuliyyəti tədbirlərinin görülməsi artıq mümkün deyil. Lakin itkin düşən Azərbaycan vətəndaşıdırsa, dövlət hər bir halda öz vətəndaşının axtarılması, tapılması və əsirlikdən azad edilməsi üçün səy göstərməlidir. Həmin şəxs tapılarsa və Azərbaycana gətirilərsə, bu zaman o, qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunur.
Tacir SADIQOV
XQ