Özgür Özəl Azərbaycana səfər etmək istəyir Partiya rəsmisi

14.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə müxalif Yeni Partiyanın sədri Özgür Özəl son üç ildə ardıcıl olaraq Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Partiya bu təmasları Bakı ilə münasibətlərə verdiyi xüsusi əhəmiyyətin göstəricisi hesab edir.

Yeni Partiyanın xarici siyasət koordinatoru İlhan Üzgəl Türkiyə - Azərbaycan münasibətlərinin perspektivləri, Zəngəzur dəhlizi, Ermənistanla normallaşma prosesi və Özgür Özəlin Azərbaycana mümkün səfəri ilə bağlı Modern.az-a açıqlama verib.

O, bildirib ki, Yeni Partiya Azərbaycanla münasibətləri partiyalarüstü, strateji və uzunmüddətli dövlət siyasəti kimi qiymətləndirir:

"Türkiyənin əsas müxalifət partiyası olaraq istər CHP-də, istərsə də hazırda Yeni Partiyada təmsil olunduğumuz dövrdə Azərbaycanla münasibətlərə hər zaman xüsusi əhəmiyyət vermişik. 2023-cü ilin noyabrında yeni rəhbərliyimizin fəaliyyətə başlamasından etibarən bu yanaşmamızı konkret addımlarla ortaya qoymuşuq. Partiyamızın sədri Özgür Özəl 2024, 2025 və 2026-cı illərdə Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqları aparıb. Bizim üçün Azərbaycanla münasibətlər partiyalarüstü, strateji və uzunmüddətli dövlət siyasətidir. İki ölkəni birləşdirən tarixi, mədəni və insani bağlarla yanaşı, çox güclü ortaq maraqlarımız da var. Azərbaycan Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılan strateji qapısıdır. Türkiyə isə Azərbaycanın Qərbə, Avropaya və beynəlxalq bazarlara çıxışında mühüm strateji tərəfdaşıdır. Dünyada geosiyasi rəqabətin, təhlükəsizlik təhdidlərinin və qeyri-müəyyənliklərin artdığı bir dövrdən keçirik. Cənubi Qafqaz da mühüm transformasiya mərhələsindədir. Belə bir beynəlxalq şəraitdə Türkiyə ilə Azərbaycanın  həmrəyliyini gücləndirməli, ortaq maraqlarını qorumalı və regional proseslərə münasibətdə daha sıx koordinasiyalı fəaliyyət göstərməli olduğuna inanırıq".

İ.Üzgel iki ölkə arasındakı əməkdaşlıqda potensialın tam reallaşdırılmadığını düşündüklərini bildirib:

"Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi və iqtisadi sahələrdə güclü əməkdaşlıq təməli mövcuddur. Bununla belə, mövcud potensialın hələ tam reallaşdırılmadığını düşünürük. İlk növbədə, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsini, enerji tərəfdaşlığımızın gücləndirilməsini, nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsini vacib hesab edirik. Xüsusilə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi hər iki ölkəyə mühüm strateji və iqtisadi üstünlüklər qazandıra bilər. Bununla yanaşı, qarşılıqlı investisiyaların artırılması, ticarətin şaxələndirilməsi, texnologiya, rəqəmsallaşma və bərpaolunan enerji sahələrində birgə layihələrin həyata keçirilməsi zəruridir. Təhsil, elm, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlığa da daha çox əhəmiyyət verilməsini istəyirik. Universitetlərimiz, gənclərimiz və vətəndaş cəmiyyəti təşkilatlarımız arasında əlaqələrin gücləndirilməsi iki ölkə arasındakı qardaşlığı cəmiyyətlər səviyyəsində daha da möhkəmləndirəcək. Biz Türkiyə - Azərbaycan münasibətlərinə yalnız mövcud nailiyyətləri qoruyan deyil, həm də gələcəyin tələblərinə birlikdə cavab verə bilən hərtərəfli strateji tərəfdaşlıq kimi baxırıq".

Yeni Partiyanın xarici siyasət koordinatoru Azərbaycanla Ermənistan arasındakı dialoq və sülh prosesinə yanaşmalarını da açıqlayıb:

"Partiyamız Azərbaycanla Ermənistan arasında aparılan dialoq və sülh prosesini yaxından izləyir. Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunmasını həm Azərbaycanın, həm Türkiyənin, həm də bütün region xalqlarının maraqlarına uyğun hesab edirik. Azərbaycanla Ermənistan arasında hərtərəfli və davamlı sülh sazişinin imzalanmasını dəstəkləyirik. İnanırıq ki, belə bir saziş yalnız iki ölkə arasındakı münasibətlər baxımından deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün də tarixi addım olacaq. Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına da prinsip etibarilə qarşı deyilik. Türkiyənin qonşuları ilə problemlərini dialoq və diplomatiya yolu ilə həll etməsini müdafiə edirik. Bununla belə, atılacaq hər bir addımda regional balansın nəzərə alınmalı olduğunu düşünürük".

İlhan Üzgel Zəngəzur dəhlizinin açılmasını tam dəstəklədiklərini də açıqlayıb:

"Bəli, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat əlaqəsinin yaradılmasını dəstəkləyirik. Bu əlaqənin həm Azərbaycanın öz əraziləri arasındakı nəqliyyatı asanlaşdırması, həm də Türkiyə ilə Azərbaycan arasında birbaşa quru nəqliyyatını gücləndirməsi baxımından böyük əhəmiyyət daşıdığına inanırıq. Bundan başqa, bu marşrutun Cənubi Qafqazın regional nəqliyyat şəbəkələrinə daha sıx inteqrasiyasına və Türkiyə üzərindən Avropaya uzanan Orta Dəhlizin inkişafına töhfə verə biləcəyini düşünürük. Biz nəqliyyat marşrutlarına yalnız iqtisadi layihələr kimi baxmırıq. Bu əlaqələr eyni zamanda regional əməkdaşlığı, qarşılıqlı asılılığı və sabitliyi gücləndirə biləcək strateji vasitələrdir".

Yeni Partiyanın Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik inteqrasiyasını dərinləşdirmək üçün təşəbbüsləri barədə isə İlhan Üzgel bunları deyib:

"İlk növbədə, region ölkələri ilə münasibətlərimizi qarşılıqlı hörmət prinsipi əsasında qurmağa önəm veririk. Türkiyənin Türk Dövlətləri Təşkilatında fəal rol oynamasını və Mərkəzi Asiya respublikaları ilə əlaqələrini inkişaf etdirməsini hər zaman dəstəkləmişik. Bununla belə, mövcud əməkdaşlıq potensialından tam istifadə edilmədiyini düşünürük. Bu gün Mərkəzi Asiya Rusiya, Çin, ABŞ və Avropa İttifaqı kimi qlobal aktorların getdikcə daha çox maraq göstərdiyi strateji regiona çevrilib. Belə bir şəraitdə Türkiyənin regionla münasibətlərini daha əhatəli, uzunmüddətli və institusional strategiya əsasında inkişaf etdirməli olduğuna inanırıq. Bu çərçivədə nəqliyyat əlaqələrinin gücləndirilməsini, gömrük prosedurlarının sadələşdirilməsini, qarşılıqlı investisiyaların artırılmasını, enerji şəbəkələrinin inkişaf etdirilməsini və ticarət qarşısındakı maneələrin azaldılmasını prioritet hesab edirik. Həmçinin təhsil, elm, texnologiya və mədəniyyət sahələrində birgə proqramların hazırlanmasını, universitetlər və tədqiqat müəssisələri arasında əməkdaşlığın artırılmasını vacib sayırıq. Təhlükəsizlik sahəsində isə regional sabitliyi dəstəkləyən, qarşılıqlı etimada əsaslanan və üzv ölkələrin suverenliyinə hörmət edən əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin tərəfdarıyıq. Bu məqsədlərin həyata keçirilməsində Azərbaycanın çox mühüm rolu olduğuna inanırıq. Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığı Türk Dövlətləri Təşkilatının institusional potensialının və beynəlxalq nüfuzunun artırılmasına əhəmiyyətli töhfə verə bilər".

İ.Üzgel partiyanın sədri Özgür Özəlin Azərbaycana mümkün səfərindən də danışıb: 

"Partiyamızın sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevlə son dərəcə səmimi və məhsuldar telefon danışığı aparıb. Bu söhbət zamanı iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini bir daha vurğulamaq imkanı əldə etdik. Azərbaycanla siyasi təmaslarımızı və qarşılıqlı səfərlərimizi inkişaf etdirmək istəyirik. Partiyamızın sədrinin Azərbaycana səfər etməsindən də böyük məmnunluq duyarıq. Lakin hələlik səfərlə bağlı dəqiq tarix açıqlamırıq. Əsas müxalifət partiyası olaraq Türkiyə-Azərbaycan münasibətlərinin gücləndirilməsinə hər cür konstruktiv töhfə verməyə hazırıq. Bu yanaşmamızı cənab Əliyevə də çatdırmışıq".

Sonda xarici siyasət koordinatoru Azərbaycanla münasibətlərin daha güclü institusional mexanizmlərlə dəstəklənməsini, müntəzəm siyasi məsləhətləşmələrin inkişaf etdirilməsini və birgə strateji layihələrin artırılmasını müdafiə etdiklərini vurğulayıb:

"Yeni Partiyanın xarici siyasətə yanaşması dövlətlərin suveren bərabərliyi, qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq prinsipi və problemlərin sülh yolu ilə həlli üzərində qurulub. Qonşularımızla dostluq və qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmağı əsas hədəflərimizdən biri hesab edirik. Lakin Azərbaycanın Türkiyə üçün xüsusi mövqeyi var. Bunun təməlində iki xalq arasındakı dərin tarixi və mədəni bağlar, ortaq keçmişimiz və güclü qardaşlıq duyğuları dayanır. Bu yanaşma Cümhuriyyətimizin qurucusu Mustafa Kamal Atatürkün xarici siyasət irsi ilə də uzlaşır. Biz Azərbaycanın sevincini öz sevincimiz, kədərini öz kədərimiz, rifahını və təhlükəsizliyini isə öz rifahımızın və təhlükəsizliyimizin ayrılmaz hissəsi hesab edirik. Bununla yanaşı, Türkiyə-Azərbaycan münasibətlərini yalnız tarixi və emosional bağlar üzərində qurulmuş əlaqələr kimi qiymətləndirmirik. İki ölkənin enerji təhlükəsizliyi, nəqliyyat, ticarət, müdafiə, regional sabitlik və beynəlxalq diplomatiya sahələrində çox mühüm ortaq maraqları var. Bu səbəbdən müttəfiqlik münasibətlərimizin daha güclü institusional mexanizmlərlə dəstəklənməsini, müntəzəm siyasi məsləhətləşmələrin inkişaf etdirilməsini və birgə strateji layihələrin artırılmasını müdafiə edirik. Hədəfimiz Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığı dəyişən beynəlxalq şəraitə cavab verə bilən güclü, dayanıqlı və çoxşaxəli strateji tərəfdaşlıq modeli ilə gələcəyə daşımaqdır. Türkiyə ilə Azərbaycan arasındakı dostluq bizim üçün müvəqqəti siyasi şərtlərdən asılı deyil. Bu dostluğu qorumaq, gücləndirmək və gələcək nəsillərə ötürmək əsas məsuliyyətlərimizdən biridir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью