Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İctimai nəqliyyatda sərnişinlər üçün tətbiq olunan qaydaların aydın və vahid olması xüsusilə azyaşlı uşaqların gediş haqqı məsələsində mühüm əhəmiyyət daşıyır.
Lakin şəhərdaxili marşrutlarda istifadə olunan bəzi avtobuslarda uşaqların gediş haqqı ilə bağlı fərqli məlumatların yer alması sərnişinlər arasında çaşqınlıq yaradıb.
Belə ki, bəzi avtobuslarda 5 yaşdan yuxarı, digərlərində isə 6 yaşdan yuxarı uşaqlar üçün gediş haqqının ödənilməli olduğu göstərilir. Eyni şəhər daxilində, eyni xidmət üzrə yaş həddinin fərqli təqdim olunması isə sərnişinlərdə haqlı suallar doğurur.
Bəs mövcud qaydalara əsasən, neçə yaşdan sonra uşaqlar üçün gediş haqqı ödənilməlidir?
Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, mövcud normativ sənədlərə əsasən, 5 yaşına qədər uşaqlar üçün gediş haqqı ödənilmir:
“Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin