Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan İslam Respublikasının ölkəmizdəki səfirliyində Hindistanın işğalı altında olan Cammu və Kəşmir xalqı ilə həmrəyliyi ifadə etmək məqsədilə Kəşmir İstismar Gününə həsr edilmiş anım mərasimi keçirildi.
Xatirə günündə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri səsləndirildi.
Toplantıda Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin, səfirin müavini xanım Sara İjaz, katibliyin rəhbəri Muhammad Hassnain Arşad, mətbuat məsələləri üzrə attaşe xanım Rubab Kazmi və səfirliyin əməkdaşları iştirak etdilər.
Pakistanın ölkəmizdəki səfiri Qasim Mohiuddin bildirdi ki, Kəşmir xalqının öz müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsi beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində qiymətləndirilməlidir. Pakistan Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına tərəfdardır. 5 avqust 2019-cu ildə Hindistanın Cammu və Kəşmirin xüsusi statusunu ləğv etməsilə bağlı qəbul edilmiş qərara toxunan səfir bu addımın Pakistanın mövqeyinə və regionun siyasi, demoqrafik vəziyyətinə təsir göstərməyə yönəldiyini vurğuladı.
Səfirin müavini xanım Sara İjaz vurğuladı ki, Kəşmir məsələsinə yalnız siyasi prizmadan deyil, sosial reallıqlar baxımından yanaşmaq vacibdir. Hər bir ölkənin özünəməxsus mədəniyyəti, adət-ənənələri var. Bu dəyərlərin qorunması xalqların gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.
Katibliyin rəhbəri Muhammad Hassnain Arşad Kəşmir məsələsinin tarixi və hüquqi aspektlərinə toxunaraq qeyd etdi ki, Pakistan məsələ ilə bağlı mövqeyini beynəlxalq platformalarda davamlı şəkildə ifadə edir.
Mətbuat məsələləri üzrə attaşe xanım Rubab Kazmi isə Kəşmir xalqının uzun illər ərzində nümayiş etdirdiyi dözümlülük və mətanətin xüsusi qeyd edilməli olduğunu bildirdi.
Yekunda Cammu və Kəşmirdəki mövcud durumun acı həqiqətlərini, dinc əhalinin çəkdiyi əzab-əziyyəti və kədər dolu anları əks etdirən fotosərgiyə baxış keçirildi.
Fidan ƏLİYEVA
XQ