Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan son dövrlərdə ciddi iqtisadi və maliyyə sınaqları ilə üz-üzə qalıb.
Modern.az xəbər verir ki, bunu İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı Pakistanın Özəlləşdirmə, İnvestisiya Şurası və Rabitə üzrə federal naziri Əlim Xan bildirib.
"Pakistan hazırda misli görünməmiş qlobal iqtisadi qeyri-müəyyənlik, ciddi maliyyə məhdudiyyətləri, enerji və yanacaq qiymətlərindəki kəskin artımla mübarizə aparır. Bu iqtisadi çətinliklər nəqliyyat xərclərini də yüksəldib və yük birbaşa vətəndaşlarımızın üzərinə düşür. Mövcud böhranlara cavab olaraq hökumətimiz sərt milli qənaət tədbirləri həyata keçirib, əməliyyat xərclərinə nəzarəti gücləndirərək ciddi fiskal intizam tətbiq edib. İnzibati səmərəliliyi artırmaqla sosial-iqtisadi prioritetləri qoruyur, dövlət maliyyəsinin davamlılığını təmin edirik".
Əlim Xan qlobal və regional münaqişələrin dəniz yükdaşıma marşrutlarına mənfi təsir göstərdiyini, bunun da yükdaşıma və sığorta xərclərini artırdığını vurğulayıb. O bildirib ki, Pakistan geo-iqtisadi mövqeyindən istifadə edərək regional ticarət üçün etibarlı tranzit mərkəzinə çevrilməkdədir:
"Dərin dəniz limanlarımız, xüsusən də Qaraçı limanı qlobal təchizat zəncirinin fasiləsizliyini təmin etmək üçün 24/7 rejimində fəaliyyət göstərir. Pakistan xalqı müstəsna dözümlülük göstərərək qlobal ticarətin axıcılığını qoruyub saxlayıb. Təkcə Qaraçı Liman Fondu bu qeyri-müəyyənlik dövründə, ötən maliyyə ilində 54,685 milyon tondan çox yük aşırıb".
Pakistanın regionda sülh və sabitlik tərəfdarı olduğunu xatırladan nazir ölkəsinin münaqişələrin həllində vasitəçi və neytral diplomatik platforma rolu oynamağa hazır olduğunu qeyd edib:
"Biz inanırıq ki, davamlı iqtisadi dayanıqlılıq və ticarətin fasiləsizliyi fəal diplomatik dialoq və regional sülhdən ayrı baxıla bilməz".
Şərq-Qərb və Şimal-Cənub koridorlarının əhəmiyyətinə toxunan Əbdül Əlim Xan Bakı ilə İslamabadın iqtisadi-strateji tərəfdaşlığını yüksək qiymətləndirib:
"Azərbaycan Şərq-Qərb Orta Dəhlizinə ev sahibliyi etdiyi halda, Pakistanın dərin dəniz limanları iki okean vasitəsilə mühüm Şimal-Cənub bağlantısını təmin edir. Cənubi Asiya və Cənubi Qafqaz birlikdə ticarətin və sabitliyin iki əsas dayağı rolunu oynayır. Biz regional bağlantı şəbəkələrimizi xalqlarımız üçün iqtisadi imkanların, sülhün və birgə inkişafın davamlı körpülərinə çeviririk".