Pakistanda terror hadisəsi baş verib, 3 polis ölüb, 19 u yaralanıb

15.04.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bomba partladılması nəticəsində 3 polis əməkdaşı ölüb, 19 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, regional hökumət rəsmisi Şahid Rind bildirib ki, Bəlucistan əyalətinin Məstuk rayonunda polisə bomba partlatmaqla hücum edilib.

"Təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusquya salınaraq həyata keçirilən hücumda 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb", - deyə məlumatda qeyd edilib.

Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və "terrorla mübarizəni" davam etdirəcəklərini vurğulayıb.

Milli mediada hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyi iddia edilib.

Bu arada yerli polis bildirib ki, silahlı şəxslər Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan bölgəsində iki poliomielit mütəxəssisini oğurlayıblar.

Pakistanda silahlı hücumlar xüsusilə Əfqanıstanla həmsərhəd olan Hayber Paxtunxva və Bəlucistan əyalətlərində cəmləşib. Hər iki əyalətdə puştun və bəluc etnik qruplarının hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı hücumlar həyata keçirir.

İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.

Bəlucistanda BLA hücumları ön plana çıxır. BLA Bəlucistan əyalətinin Pakistandan ayrılmasını və bu bölgəyə Bəluc xalqının hakim olmasını istədiyini iddia edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью