Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın Baş naziri Şahbaz Şərif Çinin “Tianqun” (Tiangong) kosmik stansiyasında missiyada iştirak edən pakistanlı astronavt Məhəmməd Zeşan Əli ilə telefon danışığı aparıb.
Danışıq noyabrın 28-də Pakistan Televiziyasının (PTV) efirində canlı yayımlanıb. Bakı vaxtı ilə saat 14:35-də baş tutan bu əlaqə Pakistanın kosmik proqramı baxımından mühüm hadisə kimi qiymətləndirilib.
Söhbət zamanı Şahbaz Şərif astronavtı əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, onun kosmik missiyası və Çin kosmik stansiyasındakı təcrübəsi ilə maraqlanıb.
Pakistan ictimaiyyətinin böyük marağına səbəb olan bu hadisə ölkənin elmi və texnoloji inkişafında mühüm mərhələ hesab olunur.
Məhəmməd Zeşan Əlinin missiyası Pakistan və Çin arasında genişlənən kosmik əməkdaşlığın tərkib hissəsidir. Bu tərəfdaşlıq çərçivəsində pakistanlı mütəxəssislər astronavt hazırlığı keçmək və pilotlu kosmik uçuş proqramlarında iştirak etmək imkanı əldə edirlər.
Çinin “Tianqun” kosmik stansiyası elmi təcrübələrin aparılması, yeni texnologiyaların sınaqdan keçirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı üçün nəzərdə tutulmuş orbital tədqiqat kompleksidir.
Bu missiyanın Pakistanın kosmik tədqiqatlar sahəsində potensialının gücləndirilməsinə, yerli alim və mühəndislərin təcrübə qazanmasına töhfə verəcəyi gözlənilir. Çinlə əməkdaşlığın gələcəkdə Pakistanın kosmik sənayesində yeni imkanlar yaradacağı bildirilir.