Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Sabirabad Sənaye Məhəlləsinin rezidenti olan “Taşobası” MMC-nin pambıq emalı zavodunda Türkiyə, Almaniya və İtaliya texnologiyalarından istifadə edilməklə mahlıc və texniki çiyid istehsal olunur. Layihə dəyəri 3,3 milyon manat olan müəssisənin illik istehsal gücü 8 min ton mahlıc və 10 min ton texniki çiyiddir. Zavodda istehsal olunan məhsullar həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixraca yönəldilir.
Zavodun əsas xammal bazasını Sabirabad, Salyan, Neftçala, və Saatlı rayonlarında yetişdirilən pambıq təşkil edir. Müəssisənin fəaliyyəti bölgədə pambıqçılığın inkişafına və məşğulluğun artırılmasına töhfə verir. Pambıq sahələrində 80 nəfər daimi, 300 nəfər mövsümi işlə təmin olunur. Müsahibimiz “Taşobası” MMC-nin direktoru Özay Göküşdür.
– Özay bəy, əvvəlcə Azərbaycana gəlişiniz və kənd təsərrüfatına marağınız barədə məlumat verməyinizi xahiş edirəm.
– Mən 1996-cı ildə Azərbaycana gələrək Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışam və bir müddət müxtəlif sahələrdə işləmişəm. Kənd təsərrüfatına marağımın isə ailə tariximizlə bağlılığı var. Türkiyədə baba yurdumuzda da pambıqçılıqla məşğul olublar. Ona görə də bu sahə mənim üçün, sadəcə, biznes deyil, müəyyən mənada, doğmadır. 2017-ci ildən pambıqçılıqla məşğulam.
Şirkətimizin adına gəldikdə isə, deməliyəm ki, Taşobası Türkiyədəki kəndimizin adıdır. Müəssisəmiz yerli şirkət olmaqla bütün sərmayə mənə məxsusdur. Onu da qeyd edim ki, burada işləməkdən və yaşamaqdan qürur duyuram, çünki Azərbaycan mənim ikinci vətənim deyil, doğma vətənimdir. 30 ildən çoxdur, buradayam, ailəm də burada yaşayır, işləyir və tanıdığım hər kəslə qardaş olmuşuq.
– Pambıqçılıq sahəsində ilk addımlarınızı necə xatırlayırsınız?
– 2018-ci ildə Salyanda sovet dövründən qalan köhnə fabriklərdən birini alıb, bərpa edərək işlətdim. 2023-cü ildə Sabirabad Sənaye Məhəlləsində yeni pambıq emalı müəssisəsinin yaradılmasına başladıq. Müəssisənin açılışı 2025-ci il oktyabrın 28-də möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə keçirildi. Dövlət başçısı ilə səmimi görüşdə fikirlərimizi bildirdik və sevinirəm ki, təkliflərimiz müsbət qarşılandı. Bu istiqamətdə işlərimizi davam etdiririk. Onu da qeyd edim ki, həyat yoldaşım aqronumdur və şirkətdə işləməklə mənə öz dəstəyini verir.
– Müəssisənin istehsal gücü nə qədərdir?
– Zavodun illik istehsal gücü 8 min ton mahlıc və 10 min ton texniki çiyiddir. Fəaliyyətimiz Sabirabadla yanaşı, Salyan, Neftçala və Saatlı rayonlarını da əhatə edir. Şirkətin 500 hektar torpaq sahəsi var, bununla yanaşı, fermerlər və digər torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlayırıq. Onlara traktor, toxum, gübrə, dərman və avans veririk. Mövsümün sonunda isə yetişdirilən məhsul müəssisəyə satılır. Biz də müqaviləyə əsasən məhsulumuzun 95 faizini Türkiyəyə göndəririk.
– Ölkəmizdə məhsul emalı nəzərdə tutulurmu?
– Biz pambığı yalnız xammal kimi satmaq istəmirik. Məhsul ölkə daxilində daha dərindən emal olunmalıdır. Bunun üçün Sabirabad Sənaye Məhəlləsində illik 12 min ton istehsal gücünə malik iplik fabrikin yaradılmasını planlaşdırırıq.
Prezidentin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin aqrar sektorunun strateji inkişafına hərtərəfli zəmin yaradır. Ölkəmizdə aqrar sahənin inkişafı üçün görülən bütün tədbirlər əksər dövlətlər üçün nümunə olacaq. Şəxsən mən Türkiyədən olan iş adamlarını Azərbaycana gəlib burada iş qurmalarının vacibliyini demişəm. Onlara da bildirmişəm ki, Azərbaycan yeganə ölkələrdəndir ki, burada aqrar sahənin inkişafı üçün hərtərəfli şərait və dövlət dəstəyi var.
Bundan başqa, 100 ton gücündə pambıq yağı zavodu yaratmaq niyyətindəyik. Burada pambıq çiyidindən yağ və jmıx istehsal olunacaq. Bu layihələrin həyata keçirilməsi ilə 1500-ə qədər yeni iş yerinin yaradılması gözlənilir. İnvestisiyanın ümumi dəyəri, təxminən, 40 milyon manat olacaq. Bunun 30 milyon manatını kredit olaraq götürəcəyik, qalanını isə öz sərmayəmizlə həll edəcəyik. Əsas məsələ əlavə dəyər yaratmaqdır. Pambığı xammal kimi satmaqla kifayətlənmək olmaz, burada emal olunmalı, ipliyə, parçaya və tekstil məhsullarına çevrilməlidir. Çiyid də eyni şəkildə istifadə olunmalıdır. Ondan yağ və digər məhsullar istehsal etmək mümkündür. Beləliklə, tarlada yetişdirilən məhsulun dəyəri ölkə daxilində tapılmalıdır.
– Gənclərin kənd təsərrüfatına cəlb olunması istiqamətində hansı addımlar atılır?
– Bu bizim üçün çox vacib məsələdir. Əvvəlki nəsildən olan təcrübəli yerli mütəxəssislərin bir çoxu artıq yaşlanıb. Ona görə Türkiyədən mühəndislər və ustalar dəvət edirik. Amma məqsədimiz xaricdən mütəxəssis gətirməklə kifayətlənmək deyil, onlar öz təcrübələrini yerli gənclərə öyrətməlidirlər. Gələcəkdə bu işi yerli kadrlar davam etdirməlidir.
Təhsil müəssisələri ilə əməkdaşlıq edirik. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan gənclərə dəstək vermək lazımdır. Məsələn, bu universitetdə oxuyan tələbələrə maddi dəstək göstərilməsi ilə bağlı təşəbbüslərimiz var. Bu gün tələbəyə verdiyimiz dəstək sabah onun yaxşı mütəxəssis kimi yetişməsinə səbəb olacaq.
– Pambıq yığımında əl əməyinin rolu hələ də böyükdür?
– Texnika inkişaf etsə də, əl əməyinin öz əhəmiyyəti var. Ötən il də məhsulumuzun böyük hissəsi əl ilə yığıldı. Çünki əl ilə yığılan pambıq daha təmiz olur, keyfiyyətinə və satışına müsbət təsir göstərir. Bu il sahələrimizdə əl ilə yığıma sentyabrın 12-dən, maşınla yığıma isə sentyabrın 20-dən başlayıb.
– Torpaqların xırda sahələrə bölünməsi pambıqçılığa necə təsir edir?
– Bu, müəyyən çətinliklər yaradır. Məsələn, bir hektarlıq sahədə bir fermer pambıq, digəri yonca, başqa biri arpa əkirsə, onların suya tələbatı və suvarma vaxtı fərqli olur. Torpaqların konsolidasiyası, yəni xırda sahələrin böyük təsərrüfat vahidlərində birləşdirilməsi həm suvarmanı, həm texnikadan istifadəni, həm də digər aqrotexniki tədbirləri daha səmərəli təşkil etməyə imkan verə bilər.
– Fermerlərin müstəqilliyi barədə nə düşünürsünüz?
– Mən hesab edirəm ki, fermer öz təsərrüfatında daha müstəqil qərar verə bilməlidir. Toxumunu, gübrəsini, dərmanını və digər resurslarını düzgün seçmək imkanına malik olmalıdır. Fermerlərin güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi də vacibdir. Amma bu dəstək, həqiqətən, torpaqla məşğul olan, istehsal edən və təsərrüfatını inkişaf etdirən fermerlərə çatmalıdır. Fermer yalnız məhsul istehsal edən insan deyil, o, öz təsərrüfatının sahibidir və qərarverənidir.
– Türkiyə təcrübəsindən necə istifadə edirsiniz?
– Təcrübə mübadiləsi çox vacibdir. Biz aqronomlarımızı və digər mütəxəssislərimizi Türkiyəyə göndəririk. Orada əkin, becərmə və pambıq yığımı prosesləri ilə tanış olurlar. Çünki kənd təsərrüfatında inkişaf sürətlənib, toxum, texnika, iqlim dəyişir. Ona görə mütəxəssis də daim öyrənməlidir. Bilirik ki, torpaq öyrənməyənə güzəşt etmir. Müəssisəmizi isə iki qardaş ölkənin iqtisadi birliyinin əyani təcəssümü kimi yüksək dəyərləndirirəm.
– Sonda ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı fikirləriniz də maraqlı olardı…
– Mən Azərbaycanda da Türkiyədə olduğu kimi, pambıqçılığın gələcəyinə inanıram. Bunun üçün fermerin müstəqilliyi, dövlət dəstəyi, müasir texnologiyaların tətbiqi, emal sənayesinin inkişafı və peşəkar kadrların hazırlanması birlikdə həyata keçirilməlidir. Tarlada yetişən pambıq burada emal olunmalı, ipliyə və digər məhsullara çevrilməlidir. Çiyid də yağ və başqa məhsulların istehsalında istifadə olunmalıdır. Belə olanda torpaqdan başlayan zəhməti sənayedə davam etdirməklə, yeni məhsul, yeni dəyər və yeni iş yerləri yaratmaqla daha böyük dəyərə çevirməliyik. Bir sözlə, pambıq yalnız xammal kimi satılmamalı, ölkə daxilində emal olunaraq əlavə dəyər yaratmalıdır.
Müsahibəni qələmə aldı:
Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri