“Pandemiya dövrünə aid inzibati cərimələrin ləğvi avtomatik proses deyil“ ŞƏRH OLUNDU

22.01.2026

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Hazırda bir çox vətəndaş “myGov” platformasına daxil olarkən pandemiya dövründə, maska taxılmaması və karantin qaydalarının pozulması ilə bağlı tətbiq edilmiş inzibati cərimələrin hələ də “aktiv” statusda qaldığını müşahidə edir”. Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.

Onun sözlərinə görə, bu hal xüsusilə ona görə narahatlıq yaradır ki, ictimaiyyət arasında həmin cərimələrin müəyyən müddət, adətən beş il keçdikdən sonra avtomatik olaraq sistemdən silinəcəyi barədə fikirlər yayılıb:

“Lakin praktikada bu gözlənti özünü doğrultmur və cərimələr uzun müddət sistemdə görünməkdə davam edir.Məsələ ondadır ki, inzibati cərimələrin “avtomatik silinməsi” anlayışı hüquqi baxımdan bir qədər yanlış başa düşülür. İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati tənbeh qərarlarının icra müddəti və hüquqi qüvvəsi müxtəlif hallarda fərqli ola bilər. Əgər cərimə ödənilməyibsə və ya onunla bağlı icra prosesi açılıbsa, bu halda cərimə borcu qüvvədə qalır və sistemdən silinmir. Yəni müddətin keçməsi cərimənin avtomatik ləğvi demək deyil.

Cərimənin sistemdən silinməsi üçün vətəndaş ilk növbədə onun hüquqi statusunu dəqiqləşdirməlidir. Bunun üçün:

“myGov” platformasında cərimənin hansı qurum tərəfindən tətbiq edildiyi yoxlanılmalıdır (DİN, icra qurumu və s.); Cərimənin ödənilib-ödənilmədiyi, icra məmurları tərəfindən icraata verilib-verilmədiyi araşdırılmalıdır; Əgər cərimə ödənilibsə, lakin sistemdə qalırsa, müvafiq quruma rəsmi müraciət edilməlidir.

Vətəndaş eyni zamanda “ASAN xidmət”, Daxili İşlər Nazirliyinin müvafiq strukturları və ya Elektron Hökumət portalı üzərindən rəsmi sorğu göndərərək cərimənin niyə silinmədiyini öyrənə bilər. Bəzi hallarda texniki gecikmələr və ya məlumat bazalarının yenilənməməsi səbəbindən artıq qüvvəsini itirmiş cərimələr sistemdə görünə bilər və bu, yalnız rəsmi müraciətdən sonra aradan qaldırılır.

Pandemiya dövrünə aid inzibati cərimələrin ləğvi avtomatik proses deyil. Vətəndaşın aktiv mövqe tutması, cərimənin hüquqi vəziyyətini araşdırması və zərurət olduqda müvafiq qurumlara müraciət etməsi vacibdir. Əks halda, həmin cərimələr uzun müddət elektron sistemlərdə görünməkdə davam edə bilər və gələcəkdə digər inzibati və ya hüquqi proseslərdə problemlər yarada bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью