Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həm təşviş (panik atak), həm də ürək tutması zamanı sinədə ağrı və ya narahatlıq, ürəkdöyüntüsünün sürətlənməsi, eləcə də qəfil, şiddətli qorxu hissi müşahidə oluna bilər. Buna görə də, bəzi hallarda bu iki vəziyyəti bir-birindən müstəqil şəkildə ayırd etmək çətin olur.
Modern.az xəbər verir ki, nevroloqların sözlərinə görə, təşviş tutması və ürək tutması bir sıra ortaq əlamətlərə malikdir:
ürək döyüntüsünün sürətlənməsi,
təngnəfəslik,
başgicəllənmə,
həddindən artıq tərləmə,
sinədə ağrı və ya narahatlıq hissi.
Bununla belə, panik atak zamanı simptomlar adətən qəfil meydana çıxır və sürətlə ən yüksək həddə çatır.
Tutma zamanı insan elə hiss edir ki, sanki yaxınlaşan bir fəlakət var və ya o, ölmək üzrədir. Titrəmə baş verə, nəfəsalma sürətlənə, əllərdə və ağız ətrafında isə keyimə və ya qarışqa gəzməsi hissi yarana bilər. Daha sonra təşviş tutması səngiyir, lakin halsızlıq və narahatlıq hissi dərhal yox olmur.
Ürək tutması zamanı yaranan ağrının xarakteri müxtəlif ola bilər. Həkimlər bildirir ki, bu, çox vaxt təzyiq, yanğı və ya sıxılma hissi kimi təsvir edilir. Bəzən insan ağrı əvəzinə döş sümüyü arxasında ağırlıq hiss edir.
Narahatlıq hissi qola, çiyinə, kürəyə, boyuna və ya alt çənəyə yayıla bilər.
Ürək tutmasının digər mümkün əlamətləri sırasında nevroloqlar bunları qeyd edir:
soyuq tərləmə,
ürəkbulanma,
təngnəfəslik,
kəskin halsızlıq.
Əgər şiddətli döş qəfəsi ağrısı və ya döş qəfəsində sıxılma hissi ilk dəfə yaranarsa və uzun müddət davam edərsə, xüsusi ehtiyatlı olmaq lazımdır. Əgər simptomlara təngnəfəslik, soyuq tərləmə, kəskin halsızlıq və ya huşun itirilməsi daxildirsə, təcili tibbi yardım tələb olunur.
Nevroloqların sözlərinə görə, ilk dəfə yaranan şiddətli döş qəfəsi ağrısı, təhlükəli əsas səbəblər istisna edilməyənə qədər panik atakla əlaqələndirilməməlidir. Yalnız qorxu hissinin olması həmin vəziyyətin psixoloji xarakter daşıdığını sübut etmir.