“Paris Ermənistanda revanşist dairələri həvəsləndirir” Bəhruz Məhərrəmov

20.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Fransa rəsmilərinin Azərbaycan-Ermənistan normallaşma prosesi və Qarabağda həyata keçirilmiş antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatları ilk növbədə beynəlxalq hüququn fundamental normalarına, xüsusilə BMT Nizamnaməsində təsbit olunmuş dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə ziddir. Bu mövqeyə görə, Fransanın uzun illər ATƏT-in Minsk qrupunun həmsədri qismində neytrallıq öhdəliyi daşımasına baxmayaraq, münaqişənin həllindən sonrakı mərhələdə birtərəfli və qərəzli siyasət yürütməsi onun vasitəçilik mandatını və obyektivliyini tamamilə sıradan çıxarıb".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirdi.

"Fransa hökumətinin nümayəndələri və bir sıra avropalı siyasətçilər öz açıqlamalarını guya regional sabitlik, insan hüquqlarının qorunması və Cənubi Qafqazda beynəlxalq nəzarət mexanizmlərinin təmin edilməsi zərurəti ilə əsaslandırırlar. Lakin reallıqda Fransanın bu ritorikasının arxasında daxili siyasi konyunkturanın, xüsusilə Fransadakı erməni lobbisinin təsirinin və seçki maraqlarının dayandığı aydın görünür", - o vurğuladı.

Siyasətçi əlavə etdi ki, Parisin Ermənistanı silahlandırması və BMT Təhlükəsizlik Şurası, eləcə də Avropa İttifaqı platformalarında Azərbaycana qarşı qətnamə təşəbbüsləri ilə çıxış etməsi Cənubi Qafqazda yeni gərginlik ocaqları yaratmaq və regionda geosiyasi təsir rıçaqlarını saxlamaq məqsədi daşıyır.

"Eyni zamanda, Fransanın siyasəti sülh müqaviləsi üzrə aparılan ikitərəfli danışıqlara mane olur və Ermənistanda revanşist dairələri həvəsləndirir. Paris rəsmiləri Ermənistana göstərilən dəstəyin müdafiə xarakteri daşıdığını və regionda güc balansının qorunmasına xidmət etdiyini iddia edirlər. Lakin real mənzərə başqa yöndədir və regionun gələcəyi üçün müsbət heç nə vəd etmir".

Deputat Azərbaycanın xarici siyasətinə və Prezident İlham Əliyevin mövqeyinə də toxunaraq vurğuladı ki, suveren ərazilərdə konstitusiya quruluşunun bərpası istiqamətində atılan addımlar BMT Nizamnaməsinin 51-ci maddəsi və beynəlxalq humanitar hüquq normaları çərçivəsində dövlətin legitim özünümüdafiə və suverenlik hüququnun reallaşdırılmasıdır:

"Prezident İlham Əliyevin kənar təzyiqlərə və birtərəfli diplomatik müdaxilələrə qarşı nümayiş etdirdiyi qətiyyət, eləcə də Ermənistanla vasitəçisiz, birbaşa ikitərəfli danışıqlar formatının irəli sürülməsi regionda dayanıqlı sülhün təmin olunması üçün real hüquqi və siyasi zəmin yaradıb".

Millət vəkili qeyd etdi ki, Azərbaycanın Fransanın qərəzli bəyanatlarına verdiyi adekvat diplomatik cavablar və milli suverenlik prinsiplərinə əsaslanan ardıcıl siyasəti Cənubi Qafqazda yeni geosiyasi reallıqların beynəlxalq müstəvidə qəbul etdirilməsinə xidmət edir.

"Rəsmi Bakının beynəlxalq hüquqa söykənən mövqeyi və ikitərəfli sülh gündəliyinə sadiqliyi regionun gələcək təhlükəsizlik arxitekturasının kənar müdaxilələrdən azad, məhz region dövlətlərinin iradəsi əsasında formalaşmasını şərtləndirən əsas amil kimi qiymətləndirilməlidir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью