Paris görüşü və Moskva gözləntisi

10.09.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paşinyanın Qərblə Rusiya arasında tarazlıq axtarışı

Ermənistanın Baş naziri Nikol Paşinyanın Fransaya 2 günlük işgüzar səfəri, ilk növbədə, beynəlxalq kosmik gündəmlə bağlıdır. Hökumətin məlumatına görə, baş nazir sentyabrın 9–10-da Parisdə keçirilən ilk Beynəlxalq Kosmik Sammitdə iştirak edir. Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə təşkil olunan məclisdə kosmik sektorun gələcəyi, kosmik təhlükəsizlik, beynəlxalq əməkdaşlıq, elmi tədqiqatlar, yeni texnologiyalar, kosmik iqtisadiyyat və sahənin davamlı inkişafı əsas müzakirə mövzularıdır.

Paşinyan səfər öncəsi sosial şəbəkə hesabında təyyarə salonundan video paylaşaraq Parisə işgüzar səfərə yollandığını bildirib və Fransa Prezidenti Emmanuel Makronla görüşünün planlaşdırıldığını açıqlayıb. Nümayəndə heyətində xarici işlər naziri Ararat Mirzoyan, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, yüksək texnologiyalar sənayesi və süni intellekt naziri Gevork Mantaşyanın da yer alması səfərin gündəliyinin təkcə bir sammitdə iştirakla məhdudlaşmadığını göstərən məqamlardan biridir.

Maraqlıdır ki, Paşinyan son xarici səfərlərinin bəzilərində olduğu kimi, bu dəfə də hökumət təyyarəsindən deyil, “FlyOne” aviaşirkətinin adi sərnişin reysindən istifadə edib. Baş nazirin özü Parisə gedərkən çəkdiyi videonu məhz təyyarənin salonundan yayımlayıb. “Sputnik Ermənistan” agentliyi Paşinyanın son xarici səfərləri zamanı hökumət təyyarəsindən niyə istifadə etmədiyini aydınlaşdırmaq xahişi ilə hökumətə sorğu göndərib. Məlumat dərc olunanadək hökumətdən cavab daxil olmayıb. Budəfəki Paris səfərinin siyasi əhəmiyyəti onun rəsmi proqramında göstərilən kosmik gündəmlə məhdudlaşmır. Əsas məsələ səfərin hansı vaxtda baş verməsidir. Paşinyan ötən həftə – sentyabrın 1-də Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Qarşıdakı həftələrdə isə onun Moskvaya yeni səfəri gözlənilir. Beləliklə, Ermənistan hökumət başçısının diplomatik marşrutu bir neçə gün ərzində Parisdən Moskvaya qədər uzanır. Bu ardıcıllıq İrəvanın xarici siyasətində son illərdə formalaşan əsas istiqamətləri bir daha gündəmə gətirir.

Makronla görüşün görünən və görünməyən tərəfləri

Paşinyanın Makronla görüşünün əsas mövzularından birinin iki ölkə arasındakı münasibətlər olması təbiidir. Ermənistan və Fransa son illərdə siyasi dialoqu müxtəlif sahələr üzrə genişləndiriblər. Paris İrəvanın Avropa istiqamətində əlaqələrini inkişaf etdirdiyi əsas paytaxtlardan biridir. Buna görə də iki liderin görüşündə ikitərəfli münasibətlərlə yanaşı, Avropanın və Cənubi Qafqazın gündəliyində olan məsələlərin müzakirə olunması gözləniləndir.

Kosmik sammit isə bu dialoq üçün daha geniş beynəlxalq çərçivə yaradır. Kosmik təhlükəsizlik və yeni texnologiyalar artıq bir sıra ölkələrin xarici siyasət və milli təhlükəsizlik gündəliyinin bir hissəsinə çevrilib. Amma siyasi baxımdan Paris görüşünü regional proseslərdən kənarda təsəvvür etmək çətindir. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə daxil olduğu bir vaxtda Fransa–Ermənistan münasibətləri və Parisin Cənubi Qafqaz siyasəti diqqət mərkəzində qalır. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh sazişinin həyata keçirilməsi, regional kommunikasiyaların açılması və Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının formalaşması artıq beynəlxalq diplomatiyanın da əsas mövzularındandır. Bu baxımdan Paşinyanla Makron arasında görüşdə regional məsələlərin də gündəmə gəlməsi təbii görünür.

Burada Fransanın mövqeyinin də ayrıca əhəmiyyəti var. Paris Ermənistanla münasibətlərini ikitərəfli çərçivədən kənara çıxararaq Avropa və regional təhlükəsizlik məsələləri ilə əlaqələndirir. İrəvan üçün isə Fransa Avropa siyasi məkanında mühüm tərəfdaşlardan biridir. Ona görə də tərəflər arasında siyasi dialoqun davam etdirilməsi Ermənistanın xarici siyasətinin Avropa istiqamətinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Bişkek görüşündən Parisə

Paris səfərini daha yaxşı anlamaq üçün Bişkek görüşünə qayıtmaq lazımdır. Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri çərçivəsində Putinlə Paşinyan arasında keçirilən görüşdə Rusiya–Ermənistan münasibətlərinin gələcəyi ilə yanaşı, İrəvanın inteqrasiya siyasəti də müzakirə olunub. Görüşdən sonra Paşinyan tərəflərin “açıq və konstruktiv söhbəti” Moskvada davam etdirəcəyini bildirib. Kremlin sözçüsü Dmitri Peskov isə sentyabrın 8-də Ermənistan Baş nazirinin Rusiyaya yaxın vaxtlarda səfər edəcəyini təsdiqləyib. Dəqiq tarix hələ açıqlanmasa da, gündəliyin ikitərəfli münasibətlərin gələcək istiqamətləri və Ermənistanın inteqrasiya məsələlərini əhatə edəcəyi bildirilir. Bişkek görüşünün diqqətçəkən tərəflərindən biri də Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması məsələsinə münasibətdə tərəflərin yanaşmalarının tam üst-üstə düşməməsidir. Rusiya tərəfi Ermənistanın Aİ-yə üzvlük istiqamətində addımlarının Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirak məsələsi ilə bağlı müəyyən problemlər yarada biləcəyinə diqqət çəkir.

İrəvan isə hələ yekun seçim etmədiyini bildirir. Paşinyanın mövqeyi ondan ibarətdir ki, Ermənistan müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarını qoruyub saxlamalıdır. Bu yanaşma Ermənistanın xarici siyasətində son dövrdə müşahidə olunan əsas xüsusiyyətlərdən birini – müxtəlif tərəfdaşlarla paralel əlaqələrin inkişaf etdirilməsi cəhdini göstərir.

Bu baxımdan Paris səfəri də həmin siyasətin bir hissəsi kimi nəzərdən keçirilə bilər. İrəvan Avropa paytaxtları ilə əlaqələri inkişaf etdirir, eyni zamanda Moskva ilə dialoqu davam etdirir. Bir neçə gün əvvəl Putinlə görüşən Paşinyanın indi Makronla görüşməsi, ardınca isə Moskvaya səfərə hazırlaşması diplomatik baxımdan kifayət qədər maraqlı ardıcıllıq yaradır.

Parisdən sonra yenə Moskva

Paşinyanın Fransaya səfərinin əsas siyasi xüsusiyyətlərindən biri də onun Moskvaya gözlənilən səfərdən əvvəl baş verməsidir. Bu, istər-istəməz iki paytaxtla münasibətlərin müqayisəli şəkildə nəzərdən keçirilməsinə səbəb olur. Burada söhbət yalnız siyasi münasibətlərdən getmir. Ermənistanın Aİİ çərçivəsində iqtisadi əlaqələri, Rusiya ilə ticarət dövriyyəsi, əmək miqrasiyası və enerji sahəsində əməkdaşlığı Moskva istiqamətinin İrəvan üçün praktiki əhəmiyyətini qoruyur. Digər tərəfdən, Avropa İttifaqı ilə iqtisadi, siyasi, texnoloji və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi Ermənistanın xarici siyasətində yeni imkanlar yaradır.

Ona görə də Paşinyanın qarşıdakı Moskva səfərində əsas suallardan biri İrəvanın bu iki istiqaməti necə qiymətləndirdiyi olacaq. Bişkekdə başlanmış “açıq və konstruktiv söhbətin” Moskvada davam etdirilməsi tərəflərin qarşılıqlı narahatlıqları daha geniş şəkildə müzakirə etməsinə imkan verə bilər. Bu prosesdə Paşinyanın Paris səfərinin də müəyyən siyasi fon yaratması mümkündür.

Cənubi Qafqaz gündəliyi

Paşinyanın Paris səfərinin əsas gündəliyi kosmik sammit olsa da, səfər regional proseslərin mühüm mərhələsinə təsadüf edir. Xüsusilə, Makronla görüş zamanı İrəvan–Paris münasibətləri ilə yanaşı, Azərbaycan–Ermənistan sülh prosesi və Cənubi Qafqazdakı yeni reallıqların müzakirə olunması gözləniləndir. Sülh gündəliyinin irəliləməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı bu baxımdan diqqətçəkən məsələlərdir.

Səfərin zamanlaması da maraqlıdır. Paşinyan ötən həftə Bişkekdə Putinlə görüşüb, indi Parisə gedib, ardınca isə Moskvaya səfər etməsi gözlənilir. Beləliklə, İrəvanın xarici siyasətində Avropa və Rusiya istiqamətləri paralel şəkildə gündəmdə qalır. Bu mənzərədə əsas məsələ Ermənistanın müxtəlif tərəfdaşlarla münasibətləri necə uzlaşdıracağıdır. Paris səfəri Avropa istiqamətini, qarşıdakı Moskva səfəri isə Rusiya ilə münasibətləri ön plana çıxarır. Hər iki istiqamətin kəsişdiyi nöqtədə isə Ermənistanın dəyişən Cənubi Qafqazda xarici siyasət prioritetlərini müəyyənləşdirmək və sülh prosesində fəal rolunu davam etdirmək məsələsi dayanır. Ona görə də Parisdəki görüşlər təkcə ikitərəfli münasibətlər baxımından deyil, regionun gələcək siyasi mənzərəsi baxımından da diqqətlə izlənəcək.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью