Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Makronu tənqid edən Tramp nə dərəcədə haqlıdır?
ABŞ Prezidenti Donald Tramp Fransada yaşanan son gərginliklərə münasibət bildirərək deyib ki, “Paris tezliklə müsəlman şəhəri olacaq”. Birləşmiş Ştatlar liderinin fikrincə, Prezident Emmanuel Makronun Fransası durumu önləmək üçün sərhədlərin qorunmasını möhkəmləndirməlidir. Axı bugünlərdə İspaniyada sərhədlər aşıldı. Elə isə Fransada oktyabrın 17-dən 19-dək yaşananlara nəzərən bəzi məqamları vurğulayaq. Məqsədimiz həmin məqamlar fonunda ümumiləşdirmə aparıb yekun nəticəyə gəlməkdir.
Görünən budur ki, Prezident Makronun səriştəsizliyi Fransanı məngənəyə salıb. Elə bir məngənə ki, bunu Tramp da duyur və hesab edir ki, sərt tədbirlərlə nəyəsə nail olmaq mümkündür. Ola bilər, ABŞ lideri səsləndirdiyi fikrin məqbul olmadığından, yaxud ifadə tərzi baxımından qeyri-kafiliyindən xəbərdardır. Məgər, Birləşmiş Ştatlarda müsəlmanların kompakt yaşadıqları şəhər və qəsəbələr yoxdur? Var, ancaq heç kəsin ağlına Trampın Paris üçün müəyyənləşdirdiyi aqibət gəlmir.
ABŞ Prezidenti Fransadakı vəziyyətdən çıxış yolunu bilmir. Onun sərhədlərin möhkəm qorunmasının vacibliyinə dair fikri çox ümumidir. Axı insan izdihamının qarşısında sərhəd qapılarını bağlı saxlamaq mümkünsüzdür. İspaniya nümunəsini təsadüfən vurğulamadıq. Deməli, Tramp, sadəcə, immunitet formalaşdırır. Bu mümkündürmü və ya nə dərəcədə mümkündür? Söhbət Avropa üçün immunitetdən və ya müqavimətdən gedir.
Bəli, ABŞ Prezidenti Fransa da daxil olmaqla, “köhnə qitə”nin, belə demək mümkünsə, sarı simlərinə toxunur. Onun Parisin tezliklə müsəlman şəhərinə çevriləcəyinə dair fikri statistik proqnoz və ya demoqrafik fakt deyil. Tramp, sadəcə, Avropanın uzun illər ərzində aradan qaldırmaqda acizlik göstərdiyi problemləri - miqrasiya, inteqrasiya, milli kimlik və sosial parçalanma məsələlərini bir neçə sözlə gündəmə gətirir. Gündəmə gətirir ki, qıcıq doğursun və bunun nəticəsində haqqında söz açdığımız immunitet və müqavimət formalaşsın. İmmunitet əcnəbilərə, müqavimət isə Makrona qarşı.
Ümumən, Trampın dediklərində hansısa müsbət çalar yoxdur. Çünki Fransa hökumətinin miqrasiya siyasətini tənqid edən Ağ Ev rəhbəri bilavasitə dini ayrı-seçkiliyə yol verir, az qala, müsəlmanların barbar, zombi obrazını yaradır. Tam mümkündür ki, Parisin tezliklə müsəlman şəhərinə çevriləcəyindən qeyzlənən orta statistik fransız Trampın fikrindən sonra ölkəsindəki müsəlmanlara qarşı cəbhə açsın. Vaxtilə Adolf Hitlerin açdığı cəbhədən. Yada salaq ki, Hitler Almaniyanın və Avstriyanın, demək olar, bütün aparıcı sahələrində yəhudilərin qərarlaşdığı mənzərədən qəzəblənmişdi. Onun hiddətinin sonradan necə böyük fəlakətlərə gətirib çıxardığı isə məlumdur.
Sözümüz onda deyil ki, Tramp Avropa üçün yeni Hitler arzusundadır. Hər bir halda, onun söylədiyi fikir təhlükəlidir. Digər tərəfdən, “Paris tezliklə müsəlman şəhərinə çevirləcək” deyiminin qavram tərzi nəinki Avropanın, elə ABŞ-ın da açıqladığı dəyərlər və baxışlar sisteminə tamamilə ziddir. O dəyər və baxışlar ki, özündə humanizm prinsiplərini birləşdirir. O dəyər və baxışlar ki, dünyanı dinindən, iqrindən və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəsin evi kimi tərənnüm edən fəlsəfi mahiyyət daşıyır. Nəhayət, o dəyər və baxışlar ki, insan rifahı naminə sosial düzənin mütləqlik fazasını aşılayır və buna yönələn iqtisadi sistemi hədəf seçir. Elə isə sual yaranır: sistem niyə işləmir? Eyni sualı ABŞ-a nəzərən də ünvanlamaq mümkündür. Hər halda, Trampın reallaşdırdığı sərt miqrasiya tədbirlərinin müsbət perspektivi şübhəlidir.
Bəli, Fransada yaşanan böhranlı durumun timsalında hazırda Avropanın uzun illər təqdim etdiyi sosial müqaviləli sistemin artıq əvvəlki kimi işləmədiyi birmənalıdır. XX əsrin ikinci yarısında böyük tarixi uğur hesab olunan model yaşam potensialından məhrum durumdadır. O model ki, güclü dövlət, pulsuz və ya əlçatan təhsil, səhiyyə, sosial təminat, işsizlikdən müdafiə, pensiya, əmək hüquqları və yüksək həyat standartlarını “köhnə qitə” cəmiyyətlərinin sabitliyinin əsas sütunlarına çevirmişdi.
Sosial müqaviləli sistemdən əbəs yerə söz açmadıq. Həmin sistemə görə, vətəndaş vergi ödəyir, dövlət ona təhlükəsizlik, müdafiə və layiqli həyat üçün imkan yaradırdı. İndi isə müqavilənin hər iki tərəfində narazılıq var. Vətəndaş vergilərin yüksəkliyindən, xidmət keyfiyyətinin aşağı düşməsindən şikayətlənir. Dövlət bildirir ki, əhali qocalır, sosial xərclər artır, büdcə imkanları məhdudlaşır. İşəgötürənin fikrincə isə, əmək bazarı çevik olmalıdır.
Belə bir şəraitdə sabit iş və əvvəlki sosial təminat olmur və işçi narazılığını bildirir. Gənclər təhsil aldıqlarını, amma ev əldə etməyin və normal həyat qurmağın qeyri-mümkünlüyünü vurğulayır, əvvəlki nəsillər üçün belə bir imkanın əlçatanlığı arqumentinə söykənirlər. Nəhayət, miqrantlar onlara verilmiş iş, yaşayış və sosial imkan vədlərinə əməl edilmədiyini bildirib ayağa qalxırlar. Beləliklə, eyni şəhərdə yaşayan müxtəlif sosial qruplar arasında maraqların toqquşması yaranır və ziddiyyətlər dərinləşir. Yəni miqrant məsələsini ortaya atmaq sosial müqaviləli sitemin böhranının çoxtərəfli mahiyyətini ört-basdır etmir. Hər halda, miqrant boşuna ölkəsini tərk etməz.
Əlbəttə, miqrasiya və sonradan qeyri-qanuni xarakter almış, daha doğrusu, əyninə qeyri-qanunilik libası geydirilmiş miqrasiya dünyanın hər yerində var. Nəzərə alaq ki, insanlar daha yaxşı həyat uğrunda çalışır və məqsədlərinə çatmaq üçün müxtəlif variantları nəzərdən keçirirlər. Binlyi-qədimdən belə olub, gələcək də bundan sığortalanmayıb. Gələcək inteqrasiya proseslərindən də uzaq deyil. İnteqrasiya isə müxtəlif mənşəli insanların, sadəcə, eyni bir şəhərdə yaşamaları anlamını vermir.
İnteqrasiya o deməkdir ki, insanlar dövlətin hüquqi və siyasi sistemini qəbul edir, cəmiyyətin ümumi qaydalarına uyğunlaşır, dil öyrənir, əmək bazarına daxil olur və özlərini konkret ölkənin gələcəyinin ayrılmaz hissəsi sayırlar. Yəni əgər paralel cəmiyyətlər yaranırsa, artıq söhbət sadəcə multikultural müxtəliflikdən getmir. Bu zaman eyni şəhərin daxilində müxtəlif sosial reallıqlar meydana çıxır.
Problem ondadır ki, sosial reallıqlar multikultural müxtəlifliyin həzin estetikası üzərində dominant mövqe qazanır. Eyni zamanda, meydana belə bir sual çıxır: Əgər çoxmillətli şəhər modeli mümkündürsə, niyə sosial böhran yaşanır? Üzərində dayanılmalı vacib məqamlardan biri də budur. Məsələ isə ondadır ki, Avropa bir tərəfdən milli dövlət anlayışının zəiflədilməsini, sərhədlərin yumşaldılmasını və multikulturalizmi müdafiə etir, digər tərəfdən, sosial dövlətin bütün üstünlüklərini qoruyub saxlamağa çalışır.
Amma bu iki proses arasında ciddi gərginlik yaranır. Çünki sosial dövlətin maliyyələşdirilməsi üçün güclü vergi bazası, yüksək məşğulluq, məhsuldar iqtisadiyyat və cəmiyyət daxilində müəyyən sosial həmrəylik lazımdır. Əgər əhali sürətlə qocalırsa, sosial xərclər artırsa, mənzil böhranı dərinləşirsə, üstəlik, əmək bazarı dəyişirsə, eyni zamanda, müxtəlif sosial qruplar arasında etimad azalırsa, klassik Avropa modeli təzyiq altına düşür. Bu mənada, demək olmaz ki, Fransada küçələrə çıxan insanlar sırf miqrasiya siyasətindən etirazlarını bildirirlər. Onlar, ümumən, dövlətin əvvəlki funksiyalarını yerinə yetirə bilməməsindən narazıdırlar.
Halbuki Avropa tarixən çoxsaylı sivilizasiyaların, xalqların və mədəniyyətlərin qarşılaşma məkanı olub. Qitənin gücü də müxtəlifliklə ölçülüb. Söhbət institutsional qabiliyyətli müxtəliflikdən gedir. Deməli, belə nəticəyə gələ bilərik ki, hazırda qitədəki mövcud institutlar, bir növ, sınaqdadırlar. Paris hadisələri göstərir ki, küçədəki xaos əslində, uzun müddət yığılan problemlərin yalnız görünən tərəfidir. Fəqət belə bir durumda da Trampın “Paris müsəlman şəhəri olacaq” fikri mürəkkəb prosesin səbəblərinin izahı qismində dəyərləndirilə bilməz.
Amma Birləşmiş Ştatlar liderinin fikri gündəmə bir sualı gətirir: Avropa gələcəkdə necə cəmiyyət olmaq istəyir? Suala cavab tapılmırsa, problem Parisin müsəlman şəhərinə çevrilib-çevrilməməsi ilə ölçülə bilməz. Məsələ Fransa, Britaniya, Almaniya, Belçika və digər ölkələrin timsalında bütövlükdə “köhnə qitə”nin sosial modelli məkan qismində qalıb-qalmamasındadır. Bildirdik ki, sərt sərhəd tədbirləri və miqrasiya siyasəti faydasızdır. Sadaladığımız nüanslar fonunda isə fikrimiz xeyli qüvvətlənir. Nə üçün faydasızdır, sonda həm buna aydınlıq gətirək, həm də ümumən indiyədək vurğuladıqlarımıza nəzərən yekun nəticəyə gələk.
Yada salaq ki, bir neçə il əvvəl İtaliyanın Baş naziri Corcia Meloni prezident Emmanuel Makron administrasiyasını sərt tənqidlərə məruz qoyarkən, diqqəti Fransanın müstəmləkəçilik siyasətinə yönəltmişdi. O siyasət ki, tarixi əsaslara malikdir və təkcə Fransa yox, “köhnə qitə”nin bir çox dövlətləri üçün də xarakterikdir. Yeri gəlmişkən, müasir ABŞ dövləti mahiyyətcə müstəmləkəçiliyin doğurduğu reallıqdır...
Əlqərəz, Baş nazir Meloni Makronu Fransanın ölkə xaricində yeritdiyi kursun bütövlükdə Avropaya göstərdiyi mənfi təsirə görə günahlandırmışdı. Yəni, təxminən belə: bir halda ki, Paris müstəmləkəçilik siyasəti reallaşdırıb, ayrı-ayrı məmləkətlərin əhalisini ac-yalavac duruma gətirib, acların Avropaya ayaq açmalarına görə məsuliyyət daşıyır.
Bəli, xanım Meloni son dərəcə incə məqamı dilə gətirməklə, çox böyük həqiqəti vurğulamışdı. Nəzərə alaq ki, Qərb sistemi müxtəlif xalqların sərvətlərinin talanması, qarətçilik və insanların səfil hala salınması hesabına qərarlaşıb. Yəni Avropa sosial məkanı, azadlıqlar və xoşbəxtliklər adası başqalarının bədbəxtlikləri üzərində qurulmuş düzəndir. “Bədbəxtlərin” isə günün birində “xoşbəxtlərin” qapısını döymələri mütləqdir. Axı hər kəs bir dəfə gəldiyi dünyada yaşamaq arzusundadır.
Avropa və Amerikanın timsalında Qərb “bədbəxtlərin” sərvətləri hesabına qurduğu “xoşbəxtlik adasını” uzun müddət qorudu. Hazırda “köhnə qitə”də yaşananlar göstərir ki, “bədbəxtlərin” sayının çoxalması adanın bəzəkli formulunda dərin çatlar yaranıb. Tramp isə Makrona müstəmləkiçilik siyasətinin qurbanına çevrilmiş “bədbəxtlərin” üzünə qapı açmamağı məsləhət görür. Axı özü insan axınını önləmək üçün Meksika ilə sərhədə qoşun yeritmişdi. Başqa nə məsləhət versin?
Yekun nəticəyə gəlmək mümkündür ki, hazırda Fransada yaşananlar, ümumən, Avropanı cənginə almış böhranlı durum, böyük ölçüdə, müstəmləkəçilik siyasətinin doğurduğu nəticədir. Hesab edirik ki, bu məqam, yalnız Qərb aləmi yox, ümumən, dünyadakı bütün müstəmləkəçi güclər tərəfindən kifayət qədər, ciddi dərk edilməlidir. Əks halda, onların başlarında çatlamaqda olan çanaq daha böyük, altından çıxılması mümkünsüz böhranlar doğuracaq.
Əvəz CAHANGİROĞLU
XQ