Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın paytaxtı Parisdə minlərlə insan bahalaşmaya və hüquq-mühafizə orqanlarının əməkdaşlarının etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılığına etiraz etmək üçün küçələrə çıxıb.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Noyabrın 14-də keçirilən nümayişdə iştirakçılar Respublika meydanından Millət meydanına doğru yürüş ediblər. Aksiyaçılar əllərində müxtəlif şüarlar yazılmış plakatlar tutublar.
“Hamımız zorakılığa qarşı”, “Uşaqlarımızın həyatı onların mənfəətindən daha dəyərlidir”, “Varlıların vergiləri artırılsın!” kimi şüarlar nümayişin əsas çağırışları olub.
Etirazların əsas səbəblərindən biri Fransa parlamentində müzakirəyə çıxarılan qanun layihəsidir. Həmin layihə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah tətbiqinin qanuni hesab olunması prezumpsiyasını nəzərdə tutur.
Nümayişçilərə görə, belə bir qanunun qəbul edilməsi polis və jandarm əməkdaşlarının mümkün qanun pozuntularının araşdırılması prosedurunu çətinləşdirə bilər. Bu isə hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətlərini sübut etməyi və onlardan şikayət etməyi daha da mürəkkəbləşdirəcək.
Aksiyada əsasən tələbə birliklərinin təmsil etdiyi gənclər iştirak etsə də, solçu siyasi partiya və hərəkatların bayraqlarını daşıyan çoxsaylı fəallar da nümayişə qoşulublar.
Tələbə və məktəbli birliklərinin nümayəndələri qiymət artımı ilə yanaşı, xarici tələbələr üçün bəzi güzəştlərin ləğvinə və universitetlərdə təhsil alan tələbələrə verilən təqaüdlərin yetərsiz olmasına etiraz ediblər.
Tələbə birliyinin nümayəndəsi Sabrina Harbaş yürüşdən əvvəl jurnalistlərə açıqlamasında təhsilə bərabər çıxış imkanlarının təmin edilməsini, tələbələrin mənzil, qidalanma və tibbi xidmətlə təmin olunmasını tələb edib.
O, həmçinin universitet binalarının təmirinə ehtiyac olduğunu vurğulayaraq, bəzi təhsil müəssisələrində binaların dam örtüklərinin belə uçmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
TASS-ın məlumatına görə, noyabrın 14-dəki aksiya noyabrın 5-də həmkarlar ittifaqlarının təşkil etdiyi kütləvi nümayişlə müqayisədə daha azsaylı olub. Bu dəfə böyük həmkarlar ittifaqları aksiyanın təşkilatçıları arasında yer almayıblar. Onlar noyabrın 17-də növbəti ümumölkə tətili günü ayrıca nümayiş keçirməyi planlaşdırırlar.