Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paris, 16 noyabr, AZƏRTAC
Fransanın Paris Polis Prefekturası noyabrın 16-dan 20-dək paytaxtda və ətraf departamentlərdə bir sıra lisey və ali təhsil müəssisələrinin yaxınlığında icazəsiz toplantı və yürüşlərə qadağa qoyub.
AZƏRTAC xəbər verir ki, qərar təhsil ocaqlarının ətrafında 100 metr radiusu əhatə edir. Məhdudiyyətlər Parisdəki 10 lisey və 5 universitet kampusuna, eləcə də Val-de-Marn, O-de-Sen və Sen-Sen-Deni departamentlərində yerləşən təhsil müəssisələrinə şamil olunur. Belə ki, Val-de-Marn departamentində Kaşan liseyi və Süsi-an-Bridəki Kristof Kolomb liseyi, O-de-Sen departamentində isə səkkiz təhsil müəssisəsi qadağa zonasına daxil edilib. Val-de-Marn prefekturasının qərarına əsasən, ictimai asayişə və təhlükəsizliyə təhdid yarada biləcək beş və daha çox nəfərdən ibarət qrupların da bu ərazilərdə toplaşmasına icazə verilməyəcək.
Polis Prefekturası bu addımı son dövrlər təhsil müəssisələrinin qarşısında baş verən blokadalar və iğtişaşlarla əsaslandırıb. Qurumdan bildirilib ki, davam edən sosial etirazlar zamanı ictimai əmlaka ziyan vurulması, yanğınların törədilməsi, təhsil işçilərinə qarşı zorakılıq və hüquq-mühafizə orqanları ilə toqquşmalar qeydə alınıb.