Parisdə “Zəfər rəqsi” filmi nümayiş olunub

10.11.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransada Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycanın Parisdəki səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzində “Ədibin Evi” və ASAN TV-nin birgə hazırladığı “Zəfər rəqsi” bədii filmi nümayiş olunub.

SİA xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Fransa mətbuat, mədəniyyət və kino dairələrinin nümayəndələri, eləcə də Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər.

Tədbiri bayram təbrikləri ilə açan səfir Leyla Abdullayeva 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunduğunu vurğulayıb.

Səfir qeyd edib ki, “Zəfər rəqsi” filmi yalnız tarixi hadisələri əks etdirmir, həm də həmin dövrün duyğularını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, 2020-ci ildə qazanılan tarixi Qələbə xalqımızın yaddaşında hərbi zəfərlə yanaşı, milli birlik, əzmkarlıq və qəhrəmanlıq rəmzi kimi yaşayır.

“Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarımızın taleyindən, mübarizəsindən və göstərdikləri şücaətdən bəhs edən ekran əsəri bu tarixi hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə L.Abdullayeva bildirib.

Tədbirdə “Ədibin Evi” və ASAN TV-nin birgə ərsəyə gətirdiyi “Zəfər rəqsi” bədii filmi nümayiş etdirilib.

Filmi təqdim edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva bildirib ki, Qarabağ qazisinin həyatından bəhs edən qısametrajlı dram filmi Mir Cəlal adına hekayə müsabiqəsinin qalibi olmuş yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsi əsasında çəkilib.

O, Mir Cəlalın ədəbi irsinin böyük ədəbiyyat yaratmaq üçün əsərin həcminin deyil, məzmun dərinliyinin əsas olduğunu göstərdiyini vurğulayıb. Qeyd edib ki, “Zəfər Rəqsi” filmi bu ədəbi ənənəni davam etdirərək, müasir milli ədəbiyyatla kinonu bir araya gətirir və tarixi Qələbəmizə həsr olunur.

Film tamaşaçılarda böyük təəssürat yaradıb. Nümayişdən sonra fikirlərini bölüşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova filmin yaradıcılarına minnətdarlığını bildirib. O, müharibə mövzusunda çoxsaylı filmlər izlədiyini, lakin “Zəfər rəqsi”nin onu xüsusilə təsirləndirdiyini deyib, rejissor işini, aktyor oyununu və operator əməyini yüksək qiymətləndirib.

Tədbir çərçivəsində fransalı jurnalist Jan Mişel Brən Şuşaya səfəri və təəssüratları barədə danışıb. Onun səfərləri zamanı çəkdiyi qısametrajlı video da nümayiş etdirilib.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan Qələbənin beşilliyi münasibətilə çəkilən film ilin əvvəlindən etibarən Türkiyə, İsveç, Almaniya, Kanada, Rusiya, Hindistan, Niderland və Bolqarıstanda keçirilən bir sıra beynəlxalq film festivallarında nümayiş olunub və mükafatlara layiq görülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью