Parlamentari: Münasibətlərin normallaşdırılması prosesi çoxşaxəlidir

04.02.2026

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Ermənistan münasibətləri sürətlə inkişaf edir. Ötən il iyulun 10-da Əbu‑Dabidə keçirilən görüş tərəflər arasında sülh prosesinin əsas mərhələsinə çevrildi. Bu gün yenidən Əbu‑Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş, əvvəlki irəliləyişin davam etdiyini göstərir. Görüşdə tərəflər ticarət və iqtisadi əməkdaşlığı genişləndirməyi, vətəndaş cəmiyyəti səfərlərini davam etdirməyi və etimad quruculuğu tədbirlərini artırmağı müzakirə ediblər. Görüşdən sonra İlham Əliyev və Nikol Paşinyan “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdimolunma mərasimində təltif ediliblər.

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Sherg.az-a bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin artıq ikinci dəfə Əbu-Dabidə bir araya gəldiyinin şahidi oluruq:

“Birinci Əbu-dabi görüşü, tarixi Vaşinqon razılaşmalarının əldə olunması istiqamətində həlledici mərhələ kimi yadda qaldı. Bu gün Əbu-Dabidə yenidən baş tutan görüşdə verilən mesajlar da xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi, etimad quruculuğu, eyni zamanda iqtisadi, ticarət əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı. Əsas məqam ondan ibarətdir ki, hər iki ölkənin siyasi lideri dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində müsbət dinamikanın mövcud olduğunu vurğulayıb”. 

Deputatın sözlərinə görə, tərəflər arasında münasibətlərin normallaşdırılması prosesi çoxşaxəlidir: 

“İqtisadi-ticari münasibətlər müstəvisində Azərbaycan yanacağı Ermənistana göndərilib. Həmçinin, Azərbaycan ərazisindən tranzit vasitəsilə Qazaxıstan və Rusiyadan Ermənistana taxıl məhsulları tədarük olunub. Beləliklə, həm Azərbaycandan birbaşa, həm də ölkəmizin ərazisindən tranzit vasitəsilə Ermənistanla iqtisadi münasibətlərin inkişafına töhfə veririk. Görüşdə vətəndaş cəmiyyətləri arasında dialoqun davam etdirilməsi, etimad quruculuğu istiqamətində mühum addım kimi dəyərləndirilərək davam etdirilməsi vacibliyi qeyd edildi".

R.Nəbiyev Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün üçüncü tərəfin vasitəçiliyinə ehtiyac olmadığını vurğulayıb: 

“Əldə olunan nəticələrdən biri də, Ermənistan Azərbaycan normallaşma prosesinin vasitəçilik olmadan birbaşa davam etdirilməsinin vacibliyinin ön plana çıxarılmasıdır. Görünən odur ki, hər iki tərəf malik olduğu resurslarla, postmünaqişə dövründə prinsipal addımlar atırlar. Ermənistanın sülh müqaviləsinin imzalanması istiqamətində son maneəni aradan qaldırmaq üçün Konstitusiyasında dəyişiklik edəcəyinə ümid edirik. Bu proses reallaşsa, yekun sülh müqaviləsinin imzalanmasının şahidi olacağıq”.

Aybəniz Səfərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью