Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Milli Məclisdə cari sessiyada “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi müzakirə edəcək.
Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında 2026-cı il parlamentin yaz sessiyasının işlər planı müzakirə olunub.
İşlər planına əsasən, yaz sessiyası çərçivəsində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən bir sıra mühüm qanun layihələrinin müzakirəsi nəzərdə tutulur.
Qanunvericilik təşəbbüsü subyektləri üzrə layihələr
Sessiya müddətində Azərbaycan Respublikası Prezidentinin, Milli Məclis deputatlarının, Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, eləcə də seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinə baxılması planlaşdırılır. Bu layihələr Milli Məclisin müvafiq komitələri və Aparatın müvafiq şöbələri tərəfindən müşayiət olunacaq.
2025-ci il dövlət büdcəsinin icrası müzakirə ediləcək
İşlər planında Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin də yer aldığı bildirilib. Layihəyə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılacaq, sənəd İqtisadi qanunvericilik şöbəsinin müşayiəti ilə hazırlanacaq.
Uşaq hüquqları və dövlət qulluğu ilə bağlı layihələr
Yaz sessiyasında “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi də nəzərdə tutulur. Layihə Ailə, qadın və uşaq məsələləri komitəsi ilə İnsan hüquqları komitəsində baxılacaq və Sosial qanunvericilik şöbəsi tərəfindən müşayiət ediləcək.
Bununla yanaşı, “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin layihəsinin müzakirəsi planlaşdırılır. Layihə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılacaq, sənəd Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi tərəfindən müşayiət olunacaq.
Qanunlara dəyişiklik layihələri də gündəmdədir
İşlər planına əsasən, Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihələrinin də yaz sessiyasında müzakirəsi nəzərdə tutulur. Bu layihələr Milli Məclisin müvafiq komitələri və Aparatın aidiyyəti şöbələri tərəfindən hazırlanacaq.