Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 24 yanvar, AZƏRTAC Yanvarın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Əli Hüseynli ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb.
O, bu ilin, eyni zamanda, bir sıra əlamətdar hadisələrə - Konstitusiyanın qəbulunun 30 illiyinə, Vətən müharibəsində Qələbənin 5 illiyinə təsadüf etdiyini bildirib.
O, komitə üzvlərinin yubiley tədbirlərində yaxından iştirak edəcəklərini, Azərbaycan dövlətçiliyinin inkişafı, müstəqilliyimizin və suverenliyimizin daha da möhkəmləndirilməsi ilə bağlı ictimai-siyasi həyatda fəal olacaqlarını qeyd edib.Sonra komitə sədri bugünkü iclasın gündəliyində 14 məsələnin, o cümlədən payız sessiyasının hesabatının, yaz sessiyasının iş planının və bəzi qanun layihələrinin olduğunu söyləyib.
Əli Hüseynli 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabata dair məlumatında qeyd edib ki, bu müddətdə komitənin 19 iclası keçirilib, 83 məsələyə baxılıb.
Bildirilib ki, sessiya ərzində komitə tərəfindən bir sıra digər qanunvericilik aktları ilə yanaşı, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, habelə hakimlərin təyinatı ilə bağlı qərar layihələri və “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi də müzakirə olunub və Milli Məclisdə qəbul edilib.
Bununla yanaşı, komitə sədri və üzvləri rəhbəri olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə bir sıra görüşlər keçiriblər.Diqqətə çatdırılıb ki, payız sessiyası dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olmuş 97 ərizə və məktub, digər müxtəlif xarakterli sənədlərə, habelə elektron poçt vasitəsilə daxil olmuş məktublara komitədə baxılıb, müraciətlərdə qeyd olunan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, lazımi izahatlar verilib.