Parlaq Qələbənin təntənəsi

23.10.2026

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


25 oktyabr Azərbaycan Respublikasının rəsmi təqviminə Qubadlı Şəhəri Günü kimi həkk olunmuşdur. Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən müəyyən edilmişdir. Tarixi günün təsis olunması Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də Müzəffər Ordumuz tərəfindən işğaldan tam azad edilməsi hadisəsinə əsaslanır.
Hərbi Strategiya və Ordumuzun Rəşadəti:İkinci Qarabağ müharibəsinin gedişində Qubadlı əməliyyatı hərbi-strateji baxımdan mühüm dönüş nöqtələrindən biri olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu mürəkkəb dağlıq relyef şəraitində düşmənin onilliklər ərzində qurduğu müdafiə istehkamlarını yararaq strateji yüksəklikləri nəzarətə götürmüşdür. 44 günlük Vətən müharibəsinin 29-cu günündə şəhərin azad edilməsi Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətini və taktiki üstünlüyünü nümayiş etdirmiş, Laçın dəhlizi istiqamətində əməliyyat imkanlarını genişləndirmişdir.Dövlət Siyasəti və Böyük Qayıdışın Təminatı: İşğaldan azad edildikdən sonra Qubadlı rayonunda dövlət proqramları çərçivəsində genişmiqyaslı infrastruktur layihələrinə start verilmişdir. Cənab Prezidentin xüsusi diqqəti və müvafiq tapşırıqları ilə rayonda nəqliyyat, logistika, enerji təminatı və sərhəd mühafizə sistemləri yenidən qurulur. Regionun iqtisadi potensialının bərpası, müasir yaşayış məhəllələrinin salınması və əhalinin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir.
Qubadlı Şəhəri Günü yalnız qazanılmış hərbi uğurun xatırlanması deyil, həm də dövlət suverenliyinin, milli birliyin və azad edilmiş ərazilərin davamlı inkişaf strategiyasının mühüm göstəricisidir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью